Teleaparıcılarımız da belə qanun pozurlar

9 Dekabr 2014 13:39
Ara-sıra tanınmış xəbər aparıcılarımızı reklam çarxlarının əsas obrazı kimi görürük. Məsələn, Samirə Mustafayeva, Mətanət Əlverdiyeva müxtəlif məhsulların reklamlarında yer alırlar. Dünya təcrübəsində bu cür hallar qəti qadağandır və ciddi qadağalar tətbiq edilir. Bəs Azərbaycan qanunvericiliyi xəbər aparıcılarının reklama çəkilməsinə necə baxır?

Milli.Az kulis.az-a istinadən xəbər verir ki, media eksperti, hüquqşünas Ələsgər Məmmədli bildirib ki, qanuna görə, xəbər aparıcılarının reklam çarxlarına çəkilməsi yolverilməzdir:

"Burda iki aspektvar. Birinci hüquqi aspektdir. "Televiziya və radio yayımı haqqında" qanunda çox açıq şəkildə göstərilir ki, gündəlik teleradio verilişlərində aparıcılıq edən şəxslərin reklamda iştirak eləmələri yolverilməzdir. Və qanunvericilikdə ciddi şəkildə məsuliyyət müəyyən olunur.
 

İkinci aspekt etik məsələdir. Jurnalistə etimad, onun dediyi sözlərin doğruluq dərəcəsi baxımından onun bir imici formalaşır. Xüsusən də jurnalistlər bu imicə xələl gətirən reklamlarda iştirak etməməlidirlər.
 

Reklam, bilirsiz ki, daha çox əmtəə məhsullarının tanıtımıdır, zaman-zaman burada şişirtmələr, başqa məhsullardan üstünlüyünü göstərən davranışlar, sözlər olur və jurnalist də burada tərəf kimi görünür.

Və xüsusilə, reklamda çəkilən, öz imicinə inam yaradan aparıcıdırsa, o, bundan sui-istifadə edir və etik baxımdan bu, düz deyil. Bu baxımdan düşünürəm ki, əgər reklama çəkilirsə, o zaman reklam mahiyyətcə ya maarifləndirici, ya sosial yönümlü olmalıdır, nəinki kommersiya.
 

Reklam zamanı əmtəənin yad təsirləri var, amma aparıcı pozitiv tərəfindən danışırsa, bu, artıq məhsulun reklamdır. Amma sosial reklam, xeyriyyə aksiyasında iştirak edirsə, o, cəmiyyəti sosial yönlü yaxşı davranışlara təşviq edir. Amma kommersiya məsələlərində diqqətli olmalıdır.
 

Etik problemin tənzimlənməsi də ilk növbədə jurnalistin öz vicdani məsələsidir. Bununla bağlı jurnalist standartları var. Məsələn, televiziyanın özünün etik kodeksi varsa, məsələ həmin kodeks çərçivəsində tənzimlənməlidir.
 

Mətbuat Şurasının özünün müəyyən mənada etik kodeksi var. Amma hər kanalın özünün ayrıca etik prinsipləri olmalıdır və orada bu da yer almalıdır ki, aparıcı kommersiya reklamlarında qəti olaraq ona olan inamdan sui-istifadə etməsin".
 

Qulu Məhərrəmli, telejurnalist, filologiya elmləri doktoru:

"Bu, çox incə məsələlərdən biridir. Televiziya etikasının incə problemidir ki, xəbər aparıcısı reklama çəkilə bilər, ya yox? Dünya təcrübəsində belə hal var, bəzən məşhur xəbər aparıcıları reklama çəkilə bilirlər. Amma reklama çəkilən xəbər aparıcısı obrazında ikiləşmə yaranır. Çünki reklam sırf artistizmə əsaslanır. Amma xəbərlərin dəyərləri tamamilə fərqlidir. Ona görə mənim nöqteyi-nəzərimdən xəbər aparıcısının reklama çəkilməyi doğru deyil. Məsələn, son illərdə heç kim görməyib ki, Larri Kinq reklama çəkilsin. Çünki onun ciddi obrazı var. Mənim mövqeyim belədir ki, xəbər aparıcısı reklama çəkilə bilməz".

Milli.Az