Siyavuş Novruzov: "Azərbaycanda kimin sünni, kimin şiə olduğu bilinməyib"
8 Dekabr 2014 12:18
"Bir az köhnədən, bir az təzədən yamayıb qanun qəbul edilib"
Milli.Az YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun "Qafqazinfo"ya müsahibəsini təqdim edir.
- Azərbaycan hökuməti son günlər ABŞ-ı sərt şəkildə tənqid edir. PA-nın rəhbəri Ramiz Mehdiyevin də beşinci kolonla bağlı məqaləsində ABŞ korrupsiyada, terrorçuluqda ittiham olunur. Maraqlıdır ki, Azərbaycan hökuməti belə reaksiya verdiyi təqdirdə ABŞ tərəfindən hansısa bilmədiyimiz təzyiqlərlə üzləşirmi?
- Həmin məqalədə söhbət təkcə Amerikadan yox, ümumiyyətlə, Azərbaycanın daxili işlərinə qarışılması məsələsindən gedir. Bu yaxınlarda Qondarma Dağlıq Qarabağ Respublikasının başçısı Amerika senatına dəvət olundu. Orada qondarma rejimin 23 illiyi ilə bağlı tədbirlər keçirilirdi. Amerika ATƏT-in həmsədr ölkəsi olaraq problemin həllinə cavabdehlik daşıyır. Bu cür tədbirlər isə erməni lobbisinin, müəyyən maddi maraqlara xidmət edən konqresmenlərin səyi nəticəsində baş verir. Biz ikili standartın şahidi oluruq. Nə etsək də, baxışlar dəyişməyəcək. Amerika özü yığma bir dövlətdir. O, məsələlərə dini-etnik zəmində yanaşmamalıdır. Xristian-müsəlman məsələsi açıq gözlə müşahidə olunur.
Təbii ki, biz reaksiyalar verəndə Amerika beşinci kolonu vasitəsilə müxtəlif addımlar atır. Leyla Yunus və digərlərinin adını çəkmək olar. Mərhələ-mərhələ bunları maliyyələşdirməklə, o cümlədən fondlar vasitəsilə addımlar atır. Qeyri-hökumət təşkilatları olan Freedom House, Human Rights Watch, Soros fondu vasitəsilə Azərbaycan haqqında qeyri-etik fikirlər yaradır. Özü birbaşa etməsə də, dolayısı ilə təsirini göstərir. Burada agenturasını gücləndirir. Həmsədr olan ABŞ-ın nümayəndəsinə bizim Qarabağda olan əsirlərimiz üzərində qurulan qondarma məhkəmə ilə bağlı sual verirlər. O isə bundan xəbərdar olmadığını qeyd edir. Amma Leyla Yunusun həbsxanada çay içib-içməməsindən o saat xəbərləri olur. Ölkədə ara qarışdırmağa, ictimai-siyasi sabitliyi pozmağa çalışırlar.
- Məscidin yandırılmasını da həmin mesajlardan hesab edirsiniz?
- Biz peşmərgəni kimin maliyyələşdirməsini, silahlandırmasını bilirik. Təbii ki, burada aydın oldu ki, həmin şəxs onların içərisində uzun müddət xidmət aparmış həkimdir. Dini qarşıdurma da onların planlarına aid olan məsələdir. Azərbaycanda uzun illərdir ki, kimin sünni, kimin şiə olduğu bilinməyib. Allahın evini yandırmaq istəyən adam hər hansı dinə mənsub ola bilməz. O dinsizdir.
- Siz parlamentdə büdcə müzakirələri zamanı sərt çıxışlar etdiniz. Düzü, bu çıxışların sizin tərəfinizdən edilməsi gözlənilən deyildi...
- Mən kreditlərin verilməsi, məktəblərdə hərbi dərslərin keçirilməsi və. s məsələlərlə bağlı çıxış etdim. Həmin çıxışlara da zərurət var idi. Bütün aparılan islahatlar insana xidmət etməlidir. Dövlət bankından özəl banka kredit 3-5 faizə verilir. 3-5 faiz də bank öz işçilərinin amortizasiya xərclərini saxlamaq üçün götürə bilər. Amma qalan 11 faizini də vətəndaşa kredit şəklində verə bilər. Bununla da dövlətə əlavə vergi verə, yeni iş yeri aça bilər. Amma bu gün bank krediti vətəndaşa 25 faizlə verir. Dövlət ayırır, vətəndaş alır, arada isə bir qrup varlanır. Ortada olan faiz oyunları insanları gərgin vəziyyətə salır. Ölkə başçısı ipotekanın alınma prosedurunun sadələşdirilməsi ilə bağlı tapşırıqlarını verib. Hələ 800 manat əməkhaqqı olmalıdır ki, ipoteka kreditini ala biləsən. Bu da az insanları əhatə edir. Hər hansı gənc işə başlayanda 500 manat maaş alır. Belə olan halda da qanunvericiliklə ipoteka götürmək hüququndan məhrum olur. Mən də təklif etdim ki, 300 manat maaş alana 20 min ipoteka krediti vermək olar. Maaş çox olarsa, miqdar da artmalıdır.
- Siz demişdiniz ki, bankomatın harada quraşdırılmasının fərqi yoxdur. Əsas odur ki, kartın içində pul olsun. Bununla bir növ siz də etiraf etdiniz ki, Azərbaycan əhalisinin xərclərindən kənara pul qoymağa vəsaiti yoxdur?
- Pensiya sisteminə keçidlə bağlı vətəndaş kart vasitəsilə bankomatdan pulunu alır. Bankomatın özünün quraşdırılması çətin məsələdir. Burada bir çox xərclər, təhlükəsizlik məsələləri var.
Amma kartda pul yoxdursa, bankomatı gətir lap həyətə qoy, bu dəmir parçasından başqa bir şey olmayacaq. Ona görə də biz çalışmalıyıq ki, vətəndaşlarımızın gəlirləri çox olsun.
- Nazirlərin dedikləri ilə mövcud reallığın uyğunluq təşkil etmədiyini vurğuladınız. Belə olan halda hökuməti hansı nazirliklərin fəaliyyəti daha çox qane edir?
- Mən bununla onu demək istədim ki, parlamentdə fikir mübadiləsi debat şəklində qurulmalıdır. Belə olanda reallıqlar ortaya çıxır. Azərbaycanda bütün sahələrdə kifayət qədər çox işlər görülür. Amma bu o demək deyil ki, ortada hələ problemlər yoxdur. İnsanlara demək lazımdır ki, biz bu problemləri görürük, onun həllinə çalışırıq. "Hər şey yaxşıdır, gözəldir, həll olunub" yanaşması düzgün yanaşma deyil. Müəyyən sahələrə məsul olan şəxslər də öz vəzifə borclarını başa düşüb o sahədə olan problemlərin aradan qaldırılmasına var qüvvəsi ilə çalışmalıdır.
- Təhsil sahəsini də sərt tənqid etdiniz. İldən-ilə təhsilin səviyyəsinin aşağı düşdüyünü vurğuladınız. Bu sahənin problemləri illərdir ki, həllini tapmır. Problemlər köhnə nazirin dövründə var idi, indi də davam etməkdədir. Sizcə, nazirlər problemlərin öhdəsindən gələ bilmirlər?
- Təhsil elə bir sahədir ki, bir il ərzində orada nə isə göstərmək və ya dəyişmək çətin məsələdir. Mən ümumilikdə müstəqillik illərindən bəri təhsildə olan problemlərin bir hissəsinə toxundum. Bizim "Təhsil haqqında" qanunumuzda çox böyük nöqsanlar var. Bir az köhnədən, bir az təzədən yamayıb qanun qəbul edilib. O cümlədən təhsilə rəhbərlik edənlərin bunun necə görməsindən asılı olaraq qanun qəbul edilib. Məsələn, filankəs deyir ki, aspirantura qalmalıdır, onu saldılar qanuna. Amma bunun elmi əsası olmalıdır ki, niyə qanuna salınmalıdır? Bu cür təhsil sistemi ola bilməz. Biz köhnə sistemdən uzaqlaşıb yeni sistemə keçməliyik. Bu gün yaranan problemlər də bunun nəticəsidir. Ya da yeni sistemdən imtina edib köhnəni saxlamalıyıq. Təsəvvür edin ki, azərbaycanlı gənc 4 il bakalavr, 2 il magistratura, 3 il aspirantura, sonra da doktorantura oxumalıdır. Dünyanın heç bir ölkəsində belə bir sistem yoxdur. İkinci problem isə, orta məktəbdə buraxılış imtahanında qoyulan suallarla ali məktəbə daxil olarkən qoyulan sualların bir-birindən fərqlənməsidir. Azərbaycanlı gənclər məcburiyyət qarşısında qalır. Ya orta məktəbdəki imtahana, ya da ki ali məktəbdəki imtahana hazırlaşmalıdır. Bunun nəticəsində də bal sistemi aşağı düşür. Hesab edirəm ki, proqram birləşdirilməlidir. Yəni orta məktəbdəki buraxılış imtahanının nəticəsinə görə ali məktəbə seçim etməlidir.
- Bəs nə mane olur ki, 20 ildir bu problemlər həllini tapmır?
- Problemi bu sahəyə məsul olan şəxslər aradan qaldırmalıdır. Mən əvvəl də qeyd etdim ki, hər şey insan üçün olmalıdır. Bizdə təhsilin yox, diplomun dalınca qaçırlar. Təhsildə olan Boloniya, kurrikulum sistemlərinin fəlsəfəsini cəmiyyətə aydınlaşdırsınlar, ondan sonra tətbiq etsinlər. Bunu tətbiq edirlər, amma ortada nəticə yoxdur. Kimliyindən asılı olmayaraq hər bir vətəndaş təhsilə bağlıdır.
- Nazirlərin ünvanına bu cür çıxışlarınızdan sonra sizə qarşı onlar tərəfindən hər hansı təzyiqlər oldu?
- Bilirsiniz, düşünən şəxs bilməlidir ki, mən onun fərdi fəaliyyəti ilə bağlı bir şey demirəm. Mən qanunvericilik və icra sistemində olan səhvləri qeyd edirəm. Problemləri aradan qaldırmaq lazımdır. Yoxsa bunun üstünü ört-basdır etsən, başqa yerdən çıxacaq. Bu, mümkün olan məsələ deyil.
- Son günlər "Koroğlu" metrosunun yanında olan körpüyə insanlar intihar etmək məqsədilə mütəmadi olaraq çıxırlar. Hətta təklif olundu ki, bunun qarşısını almaq üçün körpünün yanında post xidməti quraşdırılsın. Amma xeyri olmadı. Səhəri gün yenidən intihara cəhd hadisəsi qeydə alındı. Ümumiyyətlə, problemdən çıxış yolunu nədə görürsünüz?
- Aydın oldu ki, körpüyə çıxan bir neçə şəxsin ayrıca məqsədləri olub. Orada şou quranlar da var, müxtəlif instansiyalarda başına gətirilən oyunların nəticəsindən bezib körpüyə çıxanlar da var. Süründürməçilik edən insanlarda başa düşməlidir ki, insanları o həddə çatdırmaq olmaz. Ümumiyyətlə, intihar zəifliyin əlamətidir. Heç mən bu məsələnin ictimailəşdirilməsinin tərəfdarı da deyiləm. Bilirsiniz, kimsə intihar etmək istəyirsə, şou düzəltməyə ehtiyac yoxdur. Bu nə qədər insana psixoloji təsir göstərir. Azyaşlılar, ürəyi zəif olanlar bunu televiziyadan izləyirlər. Mən televiziyada xəbər proqramlarına baxıram. Adətən xəbərin sonunda aparıcı tamaşaçılardan xoş əhval-ruhiyyə ilə ayrılmalıdır. Bizdə isə xəbərin sonu filankəs filankəsin başını kəsdi, kiminsə evi yandı, filankəsin evini sel apardı kimi xəbərlərlə yekunlaşır. Bilirsiniz, xəbərdə optimizm olmalıdır. Məsələn, xarici proqramlara baxanda görürük ki, bu cür xəbərlər əvvəldə və şərhsiz verilir. Bizdə isə tərsinə, yekunlaşandıranda ölüm-itimlə qurtarırlar.
- Ölkədə bir tendensiya müşahidə olunur. Tutaq ki, Lerikin hansısa ucqar kəndində bir nəfər intihar edir, bunu Avropa Oyunlarına qarşı kampaniya kimi təqdim edirlər. Sizcə, bu nə dərəcədə doğrudur?
- İntiharı bəzən həyat şəraiti, yaşayışla bağlayırlar. Dünya statistikasına baxsaq, ən çox intihar olunan ölkə Finlandiya, Norveç, İslandiyadır. Həmin ölkələrdə isə həyat səviyyəsi yüksəkdir. Adi havanın da insanı intihara təhrik edən amilləri var. Ola bilsin ki, kimsə iki nəfəri oraya çıxartsın, sonra çəkib Avropaya göstərsinlər ki, Azərbaycanda intihar cəhdi artıb. Avropa Oyunları keçiriləcək yerin yaxınlığında insanlar intihara cəhd edirlər. Soçidə də Olimpiya oyunları keçiriləndə belə hallar müşahidə olunurdu. Elə məscidin yandırılması da bunun bir hissəsidir. Hələ yeni-yeni sürprizlər də ola bilər.
- Ümumiyyətlə, son günlər insanlarda həddən artıq aqressivləşmə müşahidə olunur. Bu yaxınlarda vətəndaş Bərdə rayonunda polisi belə yandırdı. Siz də deyirsiniz ki, bu yaşayışla bağlı deyil. O zaman nəylə bağlıdır?
- Bilirsiniz, insanlar arasında ünsiyyət zəifləyib. İndi iqtisadi durum elədir ki, hər kəs işləyir və heç kimin vaxtı olmur. Keçmişdə kifayət qədər insanlarda asudə vaxt var idi. Kimisə bunu dostları ilə ünsiyyətə sərf edirdi. İntihar tipli informasiyaların da çoxalması buna təsir edir. Bu bir az da bekarçılıqdan irəli gəlir. Məsələn, mən Naxçıvandan seçilmiş millət vəkiliyəm. Orada insanların hər biri bir işlə məşğuldur. Kifayət qədər insan bizə işlə bağlı müraciət edir. İndi adamlar rahat iş axtarırlar. Baxırsan ki, bir peşəsi də yoxdur, amma rahat iş axtarır. Yaxşı da əməkhaqqı istəyir. Belə təfəkkür sıradan çıxmalıdır. Ölkədə tikinti abadlıq işləri gedir. Amma işləmək üçün yaxşı peşə sahibi tapa bilmirsən. Bunun üçün də xaricdən gələn miqrantların sayı çoxalır. Mən ona görə də parlmentdəki çıxışımda da texniki peşə məktəblərinin sayının artırılmasını, inkişaf etdirilməsini qeyd etmişdim.
- 2015-ci ilin parlament seçkilərində YAP-ın siyahısında hansı dəyişikliklər olacaq?
- Hazırda partiya bələdiyyə seçkilərinə hazırlaşır. Seçkilərdən sonra biz ilkin və sonrakı hesabatlarımızı hazırlayacağıq. Bu təxminən yanvar ayını əhatə edəcək. Çünki geniş şəkildə dairələri, məntəqələri təhlil etməliyik. Bundan sonra nəzərdə tutulub ki, fevral ayında parlament seçkilərinə hazırlıqla əlaqədar proqramımızı tərtib edib İdarə Heyətinə təqdim edək. Müzakirə olunub qəbul olunduqdan sonra parlament seçkilərinə start verək.
- Mübariz Qurbanlının, Əli Əhmədovun, Gülər Əhmədovanın boş qalmış yerlərinə kimin namizədliyi irəli sürüləcək?
- Hazırda namizədlərlə bağlı məsələlər müzakirə olunmur. Dediyim müddət ərzində təhlillər aparıldıqdan sonra məsələn, namizədlərin oradan seçilmək şansları hansı vəziyyətdədir, əhalinin qəbul etməsi kimi məsələlər təhlil olunduqdan sonra namizədləri müəyyənləşdiririk. Onlar arasında yerdəyişmə də aparıla bilər. Digər tərəfdən parlamentdə qanunvericilik təşəbbüsündə, beynəlxalq təşkilatlarda iştirak kimi cəhətlər də partiya üzvü olan şəxslərdə nəzərdə alınır. O kateqoriyalara cavab verən şəxslərin yenidən namizədliyi irəli sürülür, cavab verməyənlər isə yeniləri ilə əvəz olunur. Yenilərin də ən azı beş il müddətindəki fəaliyyətinin necə olduğuna baxılır. Seçicilərin həmin şəxsə dəstək məsələsinə də baxılır.
- Bəzən parlamentdə millət vəkilləri ilə spiker arasında müəyyən mübahisələr düşür. Sizinsə hələ spikerlə aranızda mübahisə düşməyib. Bu nə ilə bağlıdır?
- Mən 15 ildir ki, parlamentdə təmsil olunuram. Bilirsiniz, hər şey yerli-yerində olmalıdır, insan səbirli olmalıdır. Diqqətlə izləsəniz, görərsiniz ki, spiker də heç vaxt konfliktə getmir. Sadəcə olaraq bəzi adamlar öz daxilindəki enerjini çıxartmağa çalışırlar. Görürsən ki, mövzu qalır kənarda, tamam başqa məsələlərdən danışılır. Yerdən danışma halları olur. Belə olan halda parlamentə spikerlik edən şəxs hər şeyin nizamnamə çərçivəsində getməsinə nəzarət etməlidir. Məsələn, keçmişdə mikrofon bitirdi, amma Pənah Hüseyn yenə də yerindən danışırdı. Artıq danışmaq üçün 10 dəqiqə vaxt ayrılıb. Elələri var ki, mikrofon sönür, amma yenə danışır. Bu məsələlər də təbii ki, sədrin diqqətini cəlb edir. Digərinin vaxtından sui-istifadə etmək olmaz. Ümumiyyətlə isə Azərbaycan parlamentində ciddi qarşıdurma olmayıb.
- Digər ölkələrin parlamentləri ilə müqayisədə bizim parlament iclasları sakit keçir. Qadağaları kim qoyur?
- Məsələn, Ukraynada görürsən ki, parlamentdə əlbəyaxa döyüşlər gedir. Heç bir ölkədə münaqişəyə icazə verilmir. Hətta müəyyən ölkələrdə parlament polisi də fəaliyyət göstərir. Parlamentdə əlbəyaxa olmağa heç bir ehityac yoxdur. Əlbəyaxa olmaq üçün başqa yerlər var. Parlamentdə isə fikir mübadiləsi aparılmalıdır.
- Növbəti dəfə parlament seçkilərində namizəd olacaqsınız?
- Mən partiya funksioneriyəm. Bu qərar partiyanın rəhbər orqanına aiddir. Əgər hansısa dairədən namizədliyimin irəli sürülməsi ilə bağlı qərar qəbul olunacaqsa, namizəd olacam.