Mənzurə Musayeva: "Sevgilim ölüb, basdırmışam"

10 Dekabr 2014 00:25
Müğənni Mənzurə Musayevanın Milli.Az-a müsahibəsi.

- Mənzurə xanım, yaradıcılığınızda hansı yeniliklər var?

- Yaradıcılığımda hər şey qaydasındadır, işləyirik. Yeni mahnılarım var, iki klip çəkdirmişəm. Bu yaxınlarda təqdimatı olmalıdır.

- İki klipinizi eyni vaxtda təqdim edəcəksiniz?

- Bəli, gözlədim ki, ikisi də hazır olsun, təqdim edim.

- Niyə məhz iki klip birdən?

- Kliplərdən biri Şəfiqə Axundovanın "Ay işığında" mahnısına çəkilib. Rejissoru Emindir. Digəri isə yeni bəstədir, Tural Bakuvi yazıb. Sözləri Aqşinindir. "Sevgililər üçün tort bölünəndə" adlanır.

- Niyə tez-tez efirdən uzaq düşürsünüz, yaradıcılığınızda fasilələr yaranır?

- Ola bilər ki, siz efirə baxmırsınız. Son bir ildə, demək olar ki, hər həftə efirdəyəm.

- Mən son bir ili nəzərdə tutmuram, ümumi deyirəm.

- Səhhətimdə problemlər var idi, bəlkə də ona görədir. İndi, şükür ki, hər şey yaxşıdır. Hər kəsə, ilk növbədə isə özümə can sağlığı arzulayıram.

- Sizin muğam təhsiliniz də olmalıdır...

- Bəli, Sumqayıtda Soltan Hacıbəyov adına Musiqi Kollecini bitirmişəm. Həmin vaxt orada "Tello" folklor ansamblı fəaliyyət göstərirdi. Mən də ansamblın solisti idim. Xaricdə konsertlərimiz olurdu, efirdə solo-çıxışlar edirdim. Kolleci bitirəndən sonra isə məni orada müəllim kimi saxladılar.

- Bəs niyə sırf muğam yolu ilə getmədiniz və sonradan estradaya meylləndiniz?

- Mənim oxuduğumu estrada saymaq olmaz. Həm də sonradan muğam oxuyanların sayı artdı.

- Düşündünüz ki, rəqabətə davam gətirə bilməzsiniz?

- (gülür) Elə bəlkə də siz deyən səbəbdir. Əsas odur ki, muğamı bilirəm. İndiki müğənnilər heç nə bilmədikləri, hətta not tanımadıqları halda gəlib üç fonoqram yazdırırlar. Rəhmətlik Hacıbaba Hüseynovdan soruşurdular ki, muğamı necə bilirsiniz? Deyirdi ki, bir az başım çıxır. Halbuki, muğamın atası idi, çox dərindən bilirdi. Demək istədiyim odur ki, muğamı bilirəm. Sadəcə, sonradan məclislərə görə istiqamət dəyişdi. Bəzən deyirlər ki, filan müğənni gəlib öz mahnılarını oxusun. Ona görə özümüzə repertuar seçmişik. Amma deyim ki, toyda efirdəkindən daha çox muğam oxuyuram.

- Bəs efirdə niyə muğam oxumursunuz?

- Öz mahnılarımla tanınmaq istəyirəm. Amma tanıyan bilir ki, bu gün oturub dəstgah da oxuya bilərəm.

- Müəlliminiz kim olub?

- Rəhmətlik Səlim Ağayarovdan dərs almışam. Arif Babayevin, İslam Rzayevin də dərslərində olmuşam.

- Hazırda muğama dövlət tərəfindən xüsusi dəstək və qayğı var. Yenidən muğam ifaçılığına qayıtmaq istərdiniz?

- Yox, yox.

- Niyə?

- Çünki əvvəlki kimi oxuya da bilmərəm. Muğam boğazıyla hər zaman muğam oxumalısan ki, o xırdalıqlar yerində olsun.

- Sizdə o xırdalıqlar yerində deyil?

- Yerindədir, amma muğam üçün o qədər də yox.

- Sizi toy müğənnisi hesab etmək olar?

- Yox, elə deyil. Məsələn, bu yaxınlarda "Nazlana-nazlana" mahnısını yüksək səviyyədə və yeni aranjmanda oxumuşam. Heç kim bu səviyyədə ifa etməyib. Bu, Mənzurədir. İstəyən toya aparsın, istəməyən - aparmasın. Özümə görə tanınmışam, xalq da azdan-çoxdan bəyənir.

- Düşünürsünüz ki, sizi yetərincə tanıyırlar?

- Bəli, məni yetərincə tanıyırlar. Ola bilər ki, kimsə ağız büzsün, tanımadığını desin. Son zamanlar insanlarda tanımazlıqdan gəlmək vərdişi yaranıb axı.

- Son zamanlar verilişlərdə şəxsi həyatınızla bağlı çox danışırsınız. Sizcə, şəxsi həyatla bağlı bu qədər açıqlamalar doğrudur? Yoxsa bu, gündəmdə qalmaq üçündür?

- Hər zaman soruşurlar ki, həyatınızda kimsə varmı? İnsanın həyatında kimsə ola bilər də. Bu söhbətlər məni bezdirib. Mən də deyirəm ki, sevgilim ölüb, basdırmışam. Bir sualı adama nə qədər verərlər? Mənim şəxsi həyatım hər kəsə maraqlı deyil ki. Beş-altı adama maraqlı ola bilər. Onu da efirdə demişəm ki, el adəti ilə ailə qurmuşam, övladım olmayıb, ayrılmışam.

- Ekstrasenslər deyirlər ki, müştərilərimizin əksəriyyəti sənət adamlarıdır. Siz də falçı, ekstrasens yanına gedirsiniz?

- Elə şeylərə çox pis baxıram və heç vaxt da falçı yanına getməmişəm. Həyatdır da, nə olacaq, olacaq. Amma deyirlər ki, fala inanma, faldan da qalma. Camaat maraq üçün gedir də. Neçə ekstrasens var ki, mənə zəng vururlar. Soruşurlar ki, niyə gəlmirsiniz? Niyə gedim axı? Qız uşağı deyiləm ki, təzədən ərə gedim.

- Yeri gəlmişkən, yenidən ailə qurmağınız mümkündür?

- Yox, mümkün deyil. Şükür ki, indiyə qədər də adımın yanında başqa söz-söhbətlər hallanmayıb. Bundan böyük xoşbəxtlik yoxdur.

- Sponsorunuz olub?

- (gülür) Sponsorum yoxdur deyə, mənə deyirsən ki, niyə az-az görünürsən.

- Sponsor olanda çox görünürlər?

- Heç vaxt sponsorum olmayıb və lazım da deyil. Bu sənətdə çox çətinliklərim olsa da, heç vaxt sınmamışam. Çalışmışam ki, öz gücümə ayaqda qalım.

- İndi də varmı o çətinliklər?

- Yox, həyatımdan çox razıyam.

- Efirə çıxmaq üçün pul vermisiniz?

- Nə vaxtsa olub, amma indi yox. Təxminən 2000-ci ildə olub.

- Bəs son zamanlarda?

- Sağ olsunlar, efirə pulsuz çağırıblar. Kim deyir ki, efir pulludur, getmirəm. Ölənə qədər efirə pul verəsi deyiləm ki. Mən yaşda sənətçinin efirə pul verib çıxmağı doğru deyil. Klipim varsa, yayımlanmağını istəyirəmsə, pul ödəyə bilərəm. Amma verilişə çıxmağa görə pul ödəmərəm.

- Toy qiymətiniz nə qədərdir?

- Damara baxıb, qan alıram. 500, 300 - nə verirlərsə, qane oluram. Əvvəldən çalışmışam ki, insanları başa düşüm. İndi toya 30 minə gedən müğənni də var. Çox qaldırıblar qiymətlərini. Aparan var ki, qaldırırlar da. Mən isə əvvəldən bahaçıl olmamışam.

- Bəlkə, onlar qədər populyar olmadığınıza görə toya ucuz gedirsiniz?

- Yox, ona görə deyil.

- Bəs səbəb nədir?

- Onların sponsorları var. Deyirlər ki, bu qiymətə gedirəm. Camaat onları toya aparmasa da, yeməyə yerləri var. Amma mən öz işlərimi tək görürəm. Kimə arxalanıb o qiyməti deyə bilərəm?

- Sənətçilərin əksəriyyətinin biznesi var. Sizin necə?

- Varım idi, iflas elədi.

- Nə biznesi idi?

- "Sədərək" ticarət mərkəzində dükanım var idi. Məni aldatdılar, pulum əldən çıxdı. Adama inanıb pulu vermişəm ki, mənə dükan alsın. Sən demə, dükanı başqa adamın adına alıblar.

Elçin Tağıyev
Milli.Az