Azərbaycanda ixtisaslı və peşəkar kadrlara ehtiyac var

7 Dekabr 2014 19:33

Azərbaycanda gedən sürətli inkişaf fonunda, ixtisaslı və peşəkar kadrlara tələbat da atrmaqdadır. Bu tələbat müəyyən qədər ödənilsə də, çatışmazlıqlar da olmamış deyil. Bu gün xüsusilə də bölgələrdə bir sıra sahələr üzrə ixtisaslı və peşəkar kadrlara ehtiyac duyulur. Bəs, bu tələbatı ödəmək üçün hansı addımlar atılır və atılmalıdır? Bu problemi aradan qaldırmaq üçün dövlətin və bir vətəndaş olaraq bizim üzərimizə hansı vəzifələr düşür? Məsələni, Yevlaxdan olan həmkarlarımız araşdırıblar.


Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, ölkədə əhalinin işlə təmin olunması istiqamətində əsaslı işlər həyata keçirilsə də, ixtisaslı və peşəkar kadr çatışmazlığı hələ ciddi şəkildə qalmaqdadır. Hazırda bu hal bölgələrdə xüsusilə nəzərə çarpır. Rayonlarda yeni idarələr, istehsal müəssisələri, mədəniyyət ocaqları və digər obyektlərin sayı artsa da, bir sıra hallarda ixtisaslı kadrlar çatışmır. Məsələn, hazırda Mingəçevir Su Elektrik Stansiyasında ixtisaslı və peşəkar mütəxəssislərə ehtiyac duyulur. Bu yaxınlarda Mingəçevirdə keçirilən əmək yarmarkası zamanı həmin iş yerləri işaxtaranlara təklif edilsə də demək olar ki, boş qalıb. Səbəb isə işaxtaranların qoyulan tələblərə cavab verə bilməməsidir.

Belə hallar digər müəssisələrdə də mövcuddur. Onu da qeyd edək ki, hazırda bölgələrdə əsasən, müəyyən peşə sahiblərinə, mədəniyyət işçilərinə, kənd təsərrüfatı mütəxəssislərinə və digər bu kimi sahələrdə çalışa biləcək kadrlara ehtiyac duyulur. Müxtəlif dövlət orqanlarında ixtisaslı kadrlara ehtiyac o qədər də qabarıq şəkildə nəzərə çarpmır. Bu tələbat müəyyən qədər həm daxili resurslar hesabına ödənilir, həm də Azərbaycan Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın keçirdiyi imtahanlarda qalib gələn mütəxəssislər həmin iş yerlərinə təyinat alırlar. Şəhər və rayonlarda keçirilən əmək yarmarkalarında da işaxtaranlara özəl sektora və dövlətə məxsus istehsal müəssisələrində, kommunal və digər bu kimi sahələrlə bağlı işlər təklif olunur. Bu yarmarkalarda iştirak edərək özünə iş yeri tapanlar da az deyil. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları tərəfindən bu ilin yanvar-oktyabr aylarında 3 min 570 nəfər şəxs müvəqqəti xarakterli işlərlə təmin olunub. Ümumilikdə Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə 22 min 932 nəfər münasib işlə təmin edilib. Bu qədər insan işlə təmin olunsa da, kadr çatışmazlığı əsaslı şəkildə həll olunmamış qalır. Baxmayaraq ki, ayrı-ayrı dövlət qurumları səviyyəsində də bu istiqamətdə işlər aparılır. Müxtəlif yollar axtarılır. Məsələn, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bölgələrdə mədəniyyət və turizm sahəsində kadr çatışmazlığını aradan qaldırmaq üçün müxtəlif kursların, ustad dərslərinin keçirilməsinə üstünlük verildiyini deyir.

Əbülfəs Qarayev- mədəniyyət və turizm naziri: "Əsas ortalığa qoyulan problemlərin sırasında yəqin ki, kadr çatışmazlığı yer tutur, biz bu məsələnin həllini xüsusiləşdirilmiş kursların təşkili, təkmilləşdirilən kursların Bakıdan digər regionlardan tanınmış incəsənət yəni ki, mədəniyyət xadimlərinin bura göndərilməsiylə ustad dərslərinin keçirilməsi yönündə həllinə qərara gəldik".

Lakin kurslar, ustad dərsləri və digər bu kimi addımlar da məsələni köklü şəkildə həll edə bilmir. Elə isə "nə etməli" sualı ortaya çıxır. Araşdırmalar göstərir ki, peşəkar işçi həm də normal əmək haqqı tələb edir. Lakin nəzər salanda görürük ki, bəzən əmək haqqı da yaxşıdır, amma həmin yeri tuta bilən işçi yoxdur. Misal üçün, bu yaxınlarda Yevlaxda əmək yarmarkasına çıxarılan vakant iş yerlərinə görə, 137 manat minimum, 1334 manat maksimum əmək haqqı olub. Mingəçevirdə isə bu göstərici 105 -715 manat aralığında dəyişib. Həmin yarmarkalarda özünə iş yeri tapa bilməyib əliboş geri qayıdan xeyli sayda insan olub.

Mübariz Musayev- Yevlax sakini: "İşsizəm və bunun üçün əmək yarmarkasında iştirak etdim. Yarmarkada olan iş yerləri ilə tanış oldum, ancaq ixtisasıma uyğun iş tapa bilmədim".

Əlbəttə, yarmarkalarda müəyyən qisim insanlar ixtisasına uyğun iş yeri tapmaya bilər. Lakin nəticələrə baxanda görürük ki, yarmarkalara çıxarılan iş yerlərinin heç yarısı dolmur. Məsələn, bu il Mingəçevirdə keçirilən əmək yarmarkasında vətəndaşlara 36 müəssisə tərəfindən 201 boş iş yeri təklif edilib. Yarmarkada 54 nəfər öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb. Ağdaş rayonunda işsiz və işaxtaran vətəndaşlara 23-ü qeyri-dövlət sektoruna məxsus 39 müəssisədən 200-ə yaxın boş iş yeri təqdim edilib. Yarmarkada 85 nəfər rayon sakininə boş iş yerlərinə göndəriş verilib. Yevlaxda 93-ə yaxın göndəriş yazılıb iş axtaran vətəndaşlara təqdim olunub. Buradan belə bir nəticəyə gəlinir ki, bu gün əsas problem ixtisaslı və peşəkar kadrların yetişdirilib ortaya çıxarılmasındadır. Yəni bilik və bacarığına güvənən hər hansı bir şəxsin işsiz qalmaq ehtimalı o qədər də çox deyil. Mütəxəssislər də bildirirlər ki, kadr çatışmazlığı problemini aradan qaldırmaq üçün bu məsələyə köklü şəkildə yanaşılması vacibdir. Bu iş ilk növbədə təhsil müəssisələrində həll olunmalıdır. Ayrı-ayrı iş yerlərində, xüsusilə də peşə sahələrində bu istiqamətdə işlər görülməlidir.

İsmayıl Məmmədov- Mingəçevir şəhər Məşğulluq Mərkəzinin direktoru: "Mən istərdim ki, ilk növbədə peşə sahəsinə daha çox diqqət verilsin. Vətəndaşların gənclərin peşə öyrənməsinə, peşə sahəsində ixtisasların artırılmasını təmin etmək. Əvvəllər belə idi ki, hər bir müəssisə-təşkilata gələndə orda vətəndaşın peşəyə cəlb eləyirdilərdi, öyrədərdilər və onun müəllimi olurdu və o da ona nəzarət eləyirdi və nəticədə imtahan verir peşəsini öyrənirdi, öyrəndiyi peşəyə əsasən də məvacib alırdı. Amma bu günləri demək olar ki, müəssisələrdə ancaq hazır kadr istəyirlər. Bu peşə hazırlığına nə onun vəsaiti yoxdu nə də onun ona imkanı yoxdur. Ona görə də lazımdır ki, o adamları birbaşa hazırlayıb və həmin vətəndaşlara, yəni müəssisələrə hazır kadr sifətində göndərmək lazımdır".

Əlbəttə, nəzərə alsaq ki, Azərbaycanda, xüsusilə də bölgələrdə sürətli inkişaf gedir. Yeni idarələr, müəssisələr yaradılır, o zaman kadr probleminin tezliklə aradan qaldırılmasının vacibliyini anlamaq o qədər də çətin deyil. Şübhəsiz ki, qeyd etdiyimiz kimi bu istiqamətdə işlər görülür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin məlumatına görə, təşkil olunan əmək yarmarkaları ilə yanaşı, bu ilin 10 ayı ərzində 2 min 982 nəfər peşə hazırlığı kurslarına cəlb olunub. 74 min 215 nəfər vətəndaşa, əsasən də orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhətləri və əmək bazarında işəgötürənlərin bugünkü tələbləri haqqında geniş və ətraflı məlumatlar verilib. Mütəxəssislərin fikrincə, vaxt keçdikcə, kadr problemi tam olmasa da, aradan qaldırılacaq. Lakin bununla yanaşı, bu gün hər kəsin öz işinin bilicisi olması və fəaliyyətini bu istiqamətdə qurması da çox mühümdür.


Qloballaşan dünyada indiki zamanla ayaqlaşmağımız və mövcud tələblərə cavab verən səviyyədə yetişməyimiz vacib amillərdəndir. Unutmayaq ki, hər kəs öz işinin peşəkarı olsa, həm özünə, həm başqalarına, həm də üzərində gəzdiyimiz bu torpağa daha çox fayda verə bilər. Necə ki, dahi mütəfəkkir Nizami Gəncəvinin dediyi kimi, kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan.

Milli.Az