İran "The Washington Post" qəzetinin Tehran müxbirini yenə də həbsdə saxladı
"Reuters"in xəbərində deyilir ki, "The Washington Post" qəzetinin İran üzrə müxbiri 4 ay öncə həbs olunub. Şənbə günü isə o, məhkəm qarşısına çıxarılıb.
Agentlik bildirir ki, ikili vətəndaşlığı olan Cason Rezayian 2012-ci ildən Tehranda "The Washington Post" qəzetinin büro rəhbəri kimi fəaliyyət göstərib.
Musavat.com xəbər verir ki, qəzetin icraçı direktoru Martin Baron deyib ki, Cason Rezayianın həbsinin səbəbi qeyri-müəyyən olaraq qalır. O, iyulun 22-də həbs olunub. Bu həftənin əvvəlində isə İran rəsmiləri bildirdilər ki, onlar Cason Rezayianin həbsini yenidən uzatmalı olcaqlar. Çünki istintaqın əlavə vaxta ehtiyacı var.
Cason Rezayian ailəsi ona vəkil tutsa da, vəkilin jurnalistlə görüşünə imkan verilməyib.
"İran hökuməti heç vaxt izah etməyib ki, Cason Rezayian niyə həbs olunub. Üstəlik, ona öz vəkili ilə görüşməyə də imkan vermirlər. Ona qarşı irəli sürüləcək hər hansı ittihamı biz bəri başdan əsasız hesab edirik", - Baron deyib.
Agentlik qeyd edir ki, Cason Rezayianın ailəsi bildirib ki, o, bir neçə xəstəlikdən əziyyət çəkir. Onu Tehranda sərtliyi ilə ad çıxarmış Evin həbsxanasında saxlayırlar. Dövlət Departamenti İranla nüvə danışıqları zamanı dəfələrlə Cason Rezayianın məsələsini qaldırıb. Ancaq o hələ də həbsdədir. Və nə üçün həbs olunduğu da bəlli deyil.
Milli.Az