Vatikan bankının sabiq rəhbərlərinə dələduzluq ittihamı

7 Dekabr 2014 09:47

Vatikan Tribunalının müstəntiqləri Vatikan bankının (Dini İşlər İnstitutu) sabiq 2 rəhbəri barəsində cinayət işi qaldırıb.


APA-nın "TASS"-a istinadən verdiyi xəbərə görə, söhbət bankın keçmiş prezidenti Anjelo Kaloya və sabiq baş direktor Lelio Skalettidən gedir. Onlar 2001-2008-ci illərdə daşınmaz əmlakla bağlı qanunsuz əməliyyatlar aparmaqda şübhəli bilinirlər. Həmin dövrdə Dini İşlər İnstitutunun balansında 160 mln avro dəyərində olan obyektlərin satışa çıxarılıb. Qeyd olunan iş üzrə cinayət məsuliyyətinə, həmçinin vəkil Qabriele Lyutso da cəlb olunub.

Yuxarıda qeyd olunan hər iki şəxsin bank hesablarına həbs qoyulub. Pozuntular Dini İşlər İnstitutunda 2013-cü ildə Roma Papası 16-cı Benediktin göstərişi ilə aparılan yoxlamalar zamanı aşkarlanıb. Onun xələfi Fransisk isə yoxlamaların genişləndirilməsinə dair göstəriş verib.

İstintaq materiallarına əsasən, şübhəli şəxslər daşınmaz əmlakla bağlı yol verdikləri spekulyasiyalar nəticəsində, ümumilikdə, 50-60 mln avro əldə ediblər. Qalan məbləğin tapılması üçün İtaliya və beynəlxalq maliyyə institutlarının yardımından istifadə etmək planlaşdırılır.

Milli.Az