İzmirdə varlı bir tacir ailəsində anadan olan Halit Ziya elə təhsilini də burada alıb. Erməni katolik rahiblərinin uşaqları üçün yaradılmış məktəbdə fransız dilini öyrənən və fransız ədəbiyyatı ilə yaxından tanış olan Halit Ziya bu dildən tərcümələr edərək hələ məktəbli ikən yazılarını çap etdirməyə başlayır. Əvvəlcə İzmir ətrafında özünü tanıdır, daha sonra bəzi ədəbi yazılarını İstanbulda "Hazineyi-evrak" adlı dərgidə "Mehmet Halit" adıyla çap etdirməyə başlayır.
Sonuncu sinifdə oxuyanda məktəbdən ayrılan Halit Ziya atasının yanında katib olaraq işləməyə başlayır. Eyni zamanda Bıçaqçızadə Haqqı və Tofiq Nevzat adlı dostlarıyla birlikdə "Novruz" adlı bir jurnal çıxarır. Jurnalın 10 nömrəsi çıxdıqdan sonra dayanır. Halit də atasının yanında işləməklə ədəbiyyata olan marağını bir araya sığdıra bilmir. İstanbula diplomat olmaq üçün təhsil almağa getsə də, alınmır və İzmirə geri dönür.
1886-cı ildən bir yerdə işlədiyi Tofiq Nevzat ilə birlikdə "Xidmət" adlı bir qəzet çıxarmağa başladı. Bu qəzet şəhərin ədəbiyyat və mədəniyyət sahəsinə yenilik gətirməklə yanaşı Halit Ziya üçün də mövzu sahəsi açmışdı. İlk əsərlərindən olan "Nemide" (1889), "Bir ölünün dəftəri" (1889), "Fərdi və şərik" (1894) və s. "Xidmət"də çıxmış duyğusal, qısa romanlarıdır. 1885-ci ildən serial olaraq yayımlanan "Sefile" romanı əxlaqa zidd olması səbəbi ilə qadağan olunduğu üçün yarımçıq qaldı və kitab şəklinə salına bilmədi.
Halit Ziyanın romanları qədər mənsur şeirləri də oxucularında maraq oyadırdı, o, eyni zamanda dünya ədəbiyyatı, teatr tarixi haqqında tənqidi yazılar da yazırdı.
Yazar ilk böyük türk romanı kimi qəbul edilən "Aşk-ı Memnu" əsərini 1898-ci ildə yazıb, 1909-cu ildə "Sabah" qəzetində çap etdirib. Romanda yaşlı və varlı bir kişinin gənc və gözəl qadınının mümkünsüz bir eşqə yuvarlandığı həqiqi və psixoloji boyalarla ustalıqla verilib. Əsərin ərsəyə gəlməsi üçün ciddi əmək sərf edən yazıçı dərin psixoloji araşdırma aparıb. "Aşk-ı Memnu" əsəri əsasında 1975-ci ildə TRT kanalında cəmi altı bölümdən ibarət serial yayımlandı. 2008-ci ildə baş rolda məşhur türk aktrisası Beren Saat olmaqla serial ikinci dəfə çəkilir. Ancaq bu dəfə hadisələr müasir dövr Türkiyəsinə uyğunlaşdırılır, hətta seriala romanda olmayan yeni obrazlar da əlavə olunur.
Halit Ziya Uşaklıgilin adı da məhz "Aşk-ı Memnu" romanı ilə daha çox yadda qalıb.
"Türk romanı" anlayışı ən yaradıcı, ən mədəni türk yazarlarından biri olan Halit Ziya Uşaklıgilin yaradıcılığı ilə özünün olqunluq çağına girir. Tanpınar Halit Ziyanın türk romanının inkişafındakı yerini və dəyərini belə ifadə edir:
"Bizdə əsl romançılıq Halit Ziya ilə başlayır. Halit Ziya Uşaklıgilin əsəri bütün Ədəbiyyati-Cədidə romanı və hekayəsi kimi həqiqi mənası Namiq Kamal məktəbindən və üslubundan qaynaqlanan bu hərəkatın həmin olqunluq mərhələsini göstərir. Halit Ziya yaradılışdan romançı idi. Süjet qurmaq, obraz yaratmaq kimi roman janrının ən vacib keyfiyyətlərinin ustası idi. Onu başa düşmək üçün türk romanı sıra ilə oxunmalıdır. Özündən əvvəl sistemli bir danışığın belə olmadığı ədəbiyyatda qəflətən onun romanlarının türk ədəbiyyatına necə qonaq olduğunu, ətrafını öz təsirinə salmaq üçün çırpınmasını görürük. Halit Ziya ilə biz çox şey gördük. Millətin başı cəmiyyətin böyük problemləri ilə uğuldamırdı. Bəlli mövzusu olan fərdi səadət məsələsində belə cəmiyyət həyatını dərinləşdirə bilmədiyi üçün yerli-yerində işləyə bilməmişdi. Ancaq üslubunun, bəzi nüanslarının fərqinə vardıq..."
Yazarın səkkiz romanı var. İlk romanı olan "Sefile" 1886-87-ci illərdə qəzetdə çap olunmasına baxmayaraq dövrün senzurasına görə kitab halına düşə bilməmişdi. Bu roman eşqi üzündən namusunu itirib fahişəliyə sürüklənən və tragik bir şəkildə ölən müsəlman, türk qızının dilindən verilir. Fahişə həyatı yaşayan türk qadınlarından danışması əsərin qadağan olunmasının əsas səbəblərindən biri olub. Qadağanın digər bir səbəbi də romanın qəhrəmanının qadın haqları mövzusunda cəsarətli danışığı və davranışıdır.
"Sefile" romanı sosial problemləri olan, iztirab və səfalətlər üzündən ağrılar içində qıvrılan bir qadının hekayəsidir. Roman realist bir əsərdir. Ömər Faruk Huyugözələ görə, mövzu, obrazlar və süjetlər Əhməd Midhətin "Hələ 17 yaşında" adlı romanı ilə çox oxşardır, ancaq Halit Ziyanın romanı Əhməd Midhətin romanına zidd mövqedə yazılıb. Hər iki əsərdə sevgisinə görə pis yola düşən gənc qızların hekayəsi var. Ancaq hadisələrin gedişi, obrazların təqdimi və üslub fərqləri özünü göstərir. Əhməd Midhətin əsəri sosial bir xəstəlik olan fahişəliyin, əslində, bizim cəmiyyətimizdə olmadığını, bunun qərblilər tərəfindən həyatımıza soxulduğunu isbat etmək, dərs keçmək, cəmiyyəti maarifləndirmək məqsədi güdür. Halit Ziyanın isə belə bir məqsədi yoxdur və ya ən azından açıq şəkildə belə görünmür. O, saf və məsum bir qızın sevgisinə görə fahişəliyə sürüklənib tükəndiyini daha çox obyektiv bir baxışla oxuculara təqdim etmək istəyir.
"Sefile" romanının qəhrəmanı olan Məzlumə dörd yaşına qədər atasız yoxsul bir uşaqlıq yaşayıb. Anası Bəsimə xanım öldükdən sonra - on üç yaşına qədər qonşuları Rəhimə xanımın yanında yaşamağa başlayır. Rəhimə xanımın da öldükdən sonra ortada qalan Məzlumə, Rəhimə xanımın varisləri tərəfindən evdən qovulur. Məscid həyətində Mehriban xanım tərəfindən tapılır və bu qadın onu öz evinə aparır. Gənc Məzlumə Mehriban xanım və qızı İqbal xanımın fahişəlik etdiyini sonradan öyrənir. Onlarda yaşadığı müddətdə İqbalın kitablarından cidd-cəhdlə oxumağı öyrənir. Mehriban xanımın qızı İqbal kitabları hədsiz sevən bir qadındır. Davamlı kitab oxuyan İqbalı görəndə Məzlumə ondan kitabı yüksək səslə oxumağını istəyir. Boş vaxtlarını kitab oxumağa sərf edən İqbal yavaş-yavaş Məzlumədə oxumaq istəyi yaradır. İqbalın kitablarını Məzluməyə verir və o da həmin kitabları oxumaya başlayır.
"Sefile" romanının digər bir qadın qəhrəmanı İqbalın təhsil sahəsində vəziyyətindən dəqiq bəhs edilməməsinə baxmayaraq oxuduğu kitablardan danışılır. Bu kitablar arasında Əhməd Midhət Əfəndinin "Hələ on yeddi yaşında" adlı romanı da var:
"İqbal xanım əlindəki kitabı yüksək səslə oxumağa başladı. Bu kitab "Hələ on yeddi yaşında" sərlövhəli bir hekayə idi. Məzlumə onu dalğın halda dinlədi. Gözləri qeyri-müəyyən bir nöqtəyə dikilmiş, qəlbi bir çox qarışıq hisslərlə çırpındığı halda heç tanımadığı, təsəvvür etmədiyi bir aləmdə bəhs olunan bu hekayə qızcığazda heyrət, təəccüb yaradırdı.
Yatmaq vaxtı çatanda utana-utana, tərəddüd edə-edə kitabı özü ilə aparmaq istədiyini dedi. İqbal xanım arzusuna "hə" deyəndə Məzlumə təşəkkür edərcəsinə baxıb otağına getdi. Məchul, qəribə bir həyatın sirrindən bəhs edən bu kitabı oxumağa başladı.
"Sefile" romanında qadın təhsili mövzusu üzərində xüsusilə dayanılmır. Kitabda oxuduqlarını yaşadıqları ilə qarşılaşdıraraq özündə yeni fikirlər formalaşdıran Məzlumənin vəziyyəti roman bu cür ifadə edilib:
"Bu mütaliə Məzlumədə şiddətli bir arzu oyandırdı. İqbal xanımda olan bütün kitabları bir-bir mütaliə etməyə və bu kitablar qızcığazda yeni-yeni fikirlər yaratmağa başladı.
Məzlumə Halit Ziyanın digər romanlarındakı qadın qəhrəmanlardan fərqli olaraq nə dərs alıb, nə də mürəbbiyəsi olub. Oxuduğu kitablarla dünyagörüşünü və mədəniyyətini artırıb.
Romandakı digər qadınların - Mehriban xanım, Bəsimə xanım, Rəhimə xanım və Ehsanın anası - təhsili haqda heç nə danışılmır.
"Aşk-ı Memnu" - qadağan olunmuş sevgi... "Sefile" - qadağan olunmuş roman... Hansı qadağanı daha çox haqq edirdi, görəsən?