Məzara niyə gül-çiçək qoyulur?

13 Yanvar 2011 09:18
Heç düşündünüzmü, niyə bir insan vəfat edəndə onun məzarına gül-çiçək qoyulur? Bu suala aydınlıq gətirmək üçün qəbir üstə gül düzülməsi adətinin ilk dəfə harda yaranmasından və ümumiyyətlə, məzara gül düzülməsinin anlamından bəhs edəcəyik.

Gül-çiçək pis ruhları qovur?

Arxeoloji qazıntılar zamanı qədim məzarlarda çiçək izinə çox nadir hallarda rast gəlinir. Aydın məsələdir, çünki, çiçəklər çox incədirlər və tez quruyub məhv olurlar. Ona görə də yüzillər sonra onların qalığına rast gəlmək olmaz. Amma istisna hallar da olur.

Arxeoloji tapıntılara görə, ilk dəfə məzara çiçək düzülməsi adəti Misirdə yaranıb. Misir fironu Tutanhamonun eradan öncə 1346-cı ildə öləndə məzarının çiçəkdən əklillərlə bəzədildiyi məlum olub. Şimali Avropada isə miladdan öncə 2000-ci illərə qədər məzara çiçək qoyulduğu aşkarlanıb. O zamanlarda bu çiçəklərin məzara düzülməsində məqsəd yaxşı ruhları çəkmək, pis ruhları qovmaq olub.

Araşdırmaçıların söylədiyinə görə, güllərin məzara qoyulmasının digər bir səbəbi də cəsədlər çürüyərkən çıxan qoxunu ört-basdır etmək məqsədi olub. Deyə bilərsiniz ki, güllərin nə qədər ömrü var ki, cəsəd iyini də örtsün? Mütəxəssislər belə düşünmürlər.
Araşdırmaçı Seyran Ağayev deyir ki, qədim Misirdə bunu da düşünən insanlar ətri uzun müddət qalan ağacların çubuqlarından və çiçəklərindən istifadə ediblər. Məzarlıqda sərv ağaclarının çox əkilməsi də bu səbəbdəndir. Bu ağac gözəl iy ifraz edir. Sərv ağacının odununu yandıranda çox gözəl ətir yayılır. Yağış yağanda, ağac yaş olanda da bu iy saçılır.

Bəlkə də çoxlarınız məzarlıqdan qorxursunuz, amma sərv ağaclarının gözəlliyi, yaydığı rayihə bu qorxunu bir az azaldır.

Ayrıca, bizim ölkəmizdə becərilməyən bir çox ağaclar da var ki, onların qabığından, budaqlarından və kökündən ətir və müxtəlif qoxulu aksessuarlar hazırlanır. "Buxur" və ya "blaqoveniye" adını eşitmiş olarsınız. Bu ətirli çubuqlar sözügedən ağaclardan hazırlanır.
Cənazə evinə əklil və ya gül gətirilməsi az qala bütün xalqların mədəniyyətində var. Seyran Ağayevin sözlərinə görə, qədim mədəniyyətlərdə bir insan vəfat edəndə digər insanlar bunu normal qarşılayırdılar: "İnsanlar hələ o zaman anlayırdılar ki, insanın ölməsi onun yox olması demək deyil. Əgər içimizdən biri vəfat edirsə, bu yalnız dünyadan-dünyaya keçid deməkdir. Ölən onun bədənidir, cismidir, ruh isə əbədi var. Qədim mədəniyyətlərdə (məs. şumerlərdə, hindlilərdə, şaman türklərdə və s.) bunu anlayan insanlar ölümü toy-bayram kimi qəbul edirdilər, ruhun azadlığını alqışlayırdılar, bədənini dəyişən ruhun yeni həyatının olacağına inanırdılar. Elə buna görə də məzara gül-çiçək düzürdülər, bayram əhvalı yaratmaq üçün".   

Məzara gül qoyulması İslam adəti deyil

Müsəlman din xadimlərinin sözlərinə görə isə, məzara gül-çiçək qoyulması, cənazə evinə əklil və ya çələng aparılması adəti xristianların adətidir və müsəlmalığın caiz bir adət deyil. Şərqşünas Hacı Seyid Camal da Milli.Az xəbər portalına açıqlamasında bu bilgini təsdiqlədi: "Məzar üzərinə çiçək, çələng, əklil qoyulması ənənəsi İslamda olmayıb. Yəni, bu, İslama xas bir adət deyil. Əslində, bu adət o qədər də vacib bir şey deyil. Bunun yerinə vəfat edənin ruhuna dualar oxumaq, onun ehsanına acları doyurmaq daha savab sayılır. Təbii ki, məzara qoyulan güllər ölənə ehtiramın göstəricisidir, amma hər şeyin ifratı cansıxıçıdır."

Lalə Mehralı
Milli.Az