Poçtlarda bələdiyyələrə köçürülən kommunal ödənişləri də etmək mümkün olacaq
3 Dekabr 2014 20:56
Artıq bir neçə ildir bank maliyyə xidmətləri göstərən "Azərpoçt" əhaliyə daim yeniliklər təqdim edir, qeyri- ənənəvi poçt xidmətləri göstərir. Bu yeniliklərdən biri də yeni ildən etibarən həyata keçiriləcək bələdiyyə ödənişləridir.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, 2000-dən artıq plastik ödəniş kartlarına sahib olan Gəncə Regional Poçt filialı ilə əməkdaşlıq edən müəssisələrin sayı 7-yə çatıb. Artıq vətəndaşlar bələdiyyələrə köçürülən kommunal ödənişləri Gəncə Regional Poçt filialının şöbələrində də həyata keçirə biləcəklər.
Zahir Səfərov, Gəncə Regional Poçt filialının rəis müavini. "Bilirsiniz ki, qeyri-nağdlaşma sistemi tətbiq edilir. Bu səbəblə də "Azərpoçt" MMC-yə bir çox müəssisələr üz tutur, artıq göstəriş verilib - bizdə hüquqi şəxs kimi hesab açılacaq onlar üçün. Bunlardan biri odur ki, yanvar ayının 1-dən etibarən bələdiyyələrin vətəndaşlardan yığdığı vəsaitlər "Azərpoçt" MMC-nin poçt şöbələrində həyata keçiriləcək".
Ötən aydan etibarən "Azərpoçt" mobil telefonların İMEİ kodlarının qeydiyyatdan keçirilməsi sisteminə qoşulub. Bu istiqamətdə Gəncə Regional Poçt filialının qəbul etdiyi müştərilərin sayına gəlincə...
Zahir Səfərov: "Noyabr ayının 10-dan poçtlarda keçirilir. Artıq 4 mindən artıq vətəndaş öz telefonunu Gəncə Regional Poçt filialında qeydiyyatdan keçirib. Fürsətdən istifadə edib demək istərdim ki, hər bir telefonun qeydiyyatdan keçirilməsi üçün əlavə rüsumsuz 5 manat pul ödənilir. Bir telefonda iki nömrə olduqda, vətəndaşın istəyinə uyğun olaraq nömrənin biri və yaxud 10 manat ödəməklə ikisi də qeydiyyatdan keçirilə bilər".
Qurum rəsmisinin sözlərinə görə, Gəncə Regional Poçt filialında bank maliyyə xidmətlərindən əldə edilən gəlirlərin həcmi nəzərə çarpacaq dərəcədə artıb. "Azərpoçt" bank olaraq uzun zamandır hazırlaşdığı layihəni həyata keçirmək ərəfəsindədir. Kreditlərin verilməsi, vətəndaşlardan depozitlərin qəbul olunması yaxın zamanlarda reallaşaq.
Milli.Az