Windows 8-in payı möhkəmlənib

2 Dekabr 2014 19:39
NetMarketShare statistik xidməti qlobal əməliyyat sistemləri bazarı ilə bağlı informasiyasını yeniləyib. Noyabrda Windows 8 populyarlaşıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2014-cü ilin noyabr ayına olan məlumata görə, Windows 8.1 əməliyyat sisteminin bazar payı 12,1%-dək artıb. Windows 8-in göstəricisi 5,88%-dən 6,55%-dək artıb. Beləliklə, səkkizin bazar payı 18,65% təşkil edir.

Windows 7, həmçinin öz vəziyyətini möhkəmləndirib: noyabrda bu platforma sözügedən bazarın 53,71%-nə sahiblənib ki, bu da oktyabrla müqayisədə 0,66% çoxdur. Ekspertlər hesab edirlər ki, ilin sonunda Windows 7 platformasının payı azala bilər, çünki Microsoft diqqətini yeni ƏS-nə kökləyib, masaüstü və noutbuk istehsalçıları isə öncədən Windows 7 quraşdırılmış qurğuları daha az satırlar.

Windows XP sisteminə gəlincə, bu köhnə əməliyyat sistemindən fərdi kompüter sahiblərinin 13,57%-i istifadə edir. Oktyabrda bu göstərici 17,18%, sentyabrda isə 23,87% olub. Beləliklə, Windows XP-nin rəsmi dəstəyinin dayandırılmasının nəticələri bu ƏS-in mövqeyinə güclü təsir edib.

2014-cü ilin noyabrında masaüstü kompüter istifadəçiləri tərəfindən generasiya edilən internet trafikinin 91,48%-i Windowsun payına düşür. Oktyabrda bu göstərici 91,53% olub. Mac OS platformasının bazar payı 7,05%-dən 7,27%-dək artıb. Linuxun göstəricisi uzun müddətdir 1-2% arasında dəyişilir.

Milli.Az