"Uğura gedən yol kələ-kötürdür" - FOTO

1 Dekabr 2014 19:04

Rauf Fətullayev: "İnsanların işlərini rahatlaşdırmaqdan zövq alıram"

Azərbaycana texnoloji inkişaf bəxş edən gənclərdəndir. Düşünür ki, hər bir gənc ilk olaraq özünə inanmalı və məqsədinə nail olmaq üçün gərgin işləməlidir. Hesab edir ki, insan istədikdən sonra nail ola bilməyəcəyi heç nə yoxdur. Müsahibimiz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Dilmanc" layihəsi üzrə proqram qrupunun rəhbəri Rauf Fətullayevdir. O, Bakı Dövlət Universitetinin tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin informatika ixtisasının ilk məzunudur. 2001-2002-ci ildə 672 balla universitetə daxil olub və ilk prezident təqaüdünə layiq görülən gənclərdəndir. Universiteti qırmızı diplomla bitirdikdən sonra proqramlaşdırmanı öyrənib və bu gün ölkəmizdə böyük səs-küyə səbəb olan dilmanc layihəsinin yaradıcılarındandır. Hansı ki, hazırda bu layihəni Avropa Maşın Tərcüməsi Assosasiyası Avropa tədqiqat qrupları siyahısına daxil edib.

- Rauf bəy, bu layihəyə necə başladınız?

- Rabitə və İnformasiya Texnologiyaları naziri, akademik Əli Abbasov Azərbaycan türkcəsindən digər dillərə tərcümə və əks prosesin avtomatlaşdırılması məsələsinin ilk təşəbbüskarıdır. Azərbaycanda maşın tərcümə sisteminin yaradılması ideyasını həyata keçirmək üçün akademikin rəhbərliyi altında 2003-cü ilin əvvəllərindən elmi tədqiqatlara başlanıb. Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə prosesini avtomatlaşdırmağa imkan verən xüsusi modelləşdirmə metodu əsasında ilk olaraq Azərbaycan-ingilis maşın tərcüməsi sistemi yaradılıb. Bu işlərin məntiqi davamı olaraq 2005-ci ilin aprel ayından isə Dilmanc layihəsi həyata keçirilir. O vaxtlar mən universiteti təzə bitirmişdim. Proqramın ilk versiyasını atam Əbülfət Fətullayev hazırlamışdı. İlk versiya hazır olduqdan sonra, gördük ki, biz bunu bacara bilərik. Ondan sonra layihə qrupu ayrıldı və bu sahədə işləməyə başladıq. Amma onu deyim ki, dünyada bu işlə məşğul olan qruplarla, institutlarla müqayisədə sayımızın qat-qat az olmasına baxmayaraq böyük nəticələr əldə etdik. İlk olaraq tərcümədən başladıq. Proqrama mətn daxil olanda onu tərcümə edirdi. İlk versiya böyük səs-küyə səbəb oldu. O vaxt proqram ancaq Azərbaycan dilindən ingilis dilinə tərcümə edirdi. Sonra İngilis-Azərbaycan, rus və türk dilləri əlavə olundu. Daha sonra ilk dəfə olaraq nitqin tanınması versiyasını təqdim etdik. Yəni sözü səsli şəkildə deyirsən, avtomatik tərcümə edir.

Jurnalistlərin işi asanlaşacaq

- Dilmanc layihəsi ilə bağlı gələcək planlarınız nədir?

- Son məhsul danışığı danışığa, nitqi-nitqə tərcümə edən proqramdır. Hazırda rus, ingilis, türk dillərinə tərcümə edir. Biz bu proqramı Azərbaycanda nümayiş etdirəndə dünyada heç bir ölkədə yox idi. İlk dəfə olaraq bizdə hazırlanıb və tətbiq edilib. Bu məhsul çox populyardır. Böyük elmi tədqiqatlar nəticəsində ərsəyə gəlib. Biz hazırda bir neçə proqram üzərində işləyirik. Bunlardan biri telefondan ağıllı köməkçi düzəltməkdir. Yəni telefonlarımız əmrlə işləyəcək. Biz telefona nə sual verəcəyiksə, onun cavabını alacıq. Hətta siz mesajı səslə deyəcəksiniz, telefon avtomatik onu yazıya çevirib göndərəcək. Yaxud telefona deyəcəksiniz ki, filankəsə zəng et, o edəcək. İkinci proqramınız isə danışığı yazıya çevirən bir proqramdır. Bütün jurnalistlər üçün çox sərfəlidir. Məsələn, müsahibə aldıqdan sonra həmin faylı proqrama göndərirsiniz, proqram onu avtomatik mətnə çevirir.

- İşinizin çətinliyi nədir?

- Bizim iş elmi tədqiqat, yeni yanaşma tələb edir. Bizdən indiyə qədər kimsənin görmədiyi işlər tələb olunur. Elm adamlarının da məqsədi odur ki, indiyə qədər heç kimin etmədiyini tətbiq etsinlər. Azərbaycan dili xüsusiyyət baxımından bütün dillərdən fərqlidir. Morfoloji cəhətdən zəngindir. Söz kökünə müəyyən şəkilçilər artırmaqla bir çox söz yaranır. Bu da texnologiyanın yaradılmasında çətinliyi artırır. Məsələn, ingilis dilində konkret söz sıralanması var. Bizdə belə deyil, söz sırası sərbəstdir. Bu çətinliyə baxmayaraq, bizim tədqiqat qrupu uğurlu nəticələr əldə edib. Bir çox elmi konfranslarda tətbiq olunub, göstərilib. Beynəlxalq konfranslarda məqalələrimiz çıxıb. Sistemlərimizi beynəlxalq sərgilərdə göstərmişik.

- Gənc yaşınızda Azərbaycana texnoloji yenilik bəxş etmisiniz. Uğurunuzun sirri nədir?

- Uğurumun sirri özümə hədsiz dərəcədə inanmağımdır. Yəni bir işə başlayanda "filankəs bunu edə bilmədi mən də bacarmaram" deyə düşünmürəm. Hər bir insan qarşısına qoyduğu məqsədə nail olmaq üçün gərgin işləməlidir. Sən əgər nəyəsə nail olmağı planlaşdırırsansa, başqalarının istirahət vaxtında belə gərgin işləməlisən. Mən hesab edirəm ki, inad göstərməklə hər bir şeyə çatmaq mümkündür. Beynimdə müəyyən ideya yaranır və mən inanıram ki, bunu bacaram. O sahədə sistematik gərgin işlər gedir. Əvvəlcə bizə qədər olan işlər araşdırılır, bütün məqalələr oxunur, baxılır, sonra onların üzərində ideyalar irəli sürülür və sonda həmin ideyaların üzərində eksperimentlər aparılır. Elmi tədqiqatçını heç bir çətinlik yolundan dayandırmamalıdır. Çünki uğura gedən yol insanların fikirləşdiyi kimi düz deyil, kələ-kötürlüdür. Ona görə çox çalışmaq lazımdır. Hər şey yaxşı təhsildən başlayır. Əgər təhsilin varsa, yolun açıqdır.Uğursuzluqdan peşman olub ruhdan düşmək əvəzinə, həmin uğursuzluqdan dərs götürmək lazımdır.

- Hər hansı layihəyə başlayanda sizi ruhdan salan olubmu?

- Bəli, təbii ki, çox olub. Bunu edə bilməzsən, bunu bacara bilməzsən deyənlər dəstəkləyənlərdən daha çox olur. Təbii ki, heç nəyə fikir vermək lazım deyil. Əgər kimlərsə uğur qazana bilibsə, mən niyə qazana bilməməliyəm? ətrafında düşünürəm. İşimin ən çox sevdiyim tərəfi insanlar üçün əvvəllər mümkün olmayan yeni yollar təklif etməkdir. İnsanlar əvvəllər hər şansı mətni tərcümə etmək üçün pul verib tərcüməçi tuturdular. İndi isə pulsuz və bir neçə saniyə ərzində mətni tərcümə etmək olur. İnsanların işlərini rahatlaşdırmaqdan zövq alıram.

- İlk prezident təqaüdçülərindənsiniz. Həmin günü necə xatırlayırsınız?

- Məktəbdə oxuyarkən qarşıma yüksək bal toplamağı məqsəd qoymuşdum. Belə də oldu. Universitetə qəbul oldum və o zamanlar təqaüd haqqında məlumatımız belə yox idi. Bir gün evə zəng gəldi ki, prezident bizi qəbul etmək istəyir və təqaüd verəcək. 600 baldan yuxarı bal toplayanları akt zalına çağırdılar. Sonra adlar çəkildi ki, bu tələbələr ön sıraya keçsin. Mənim də adım həmin siyahıda idi. Təsəvvür edin, yenə də bilmirdim ki, nə baş verir. Sonra ulu öndər Heydər Əliyevlə görüşəcəyimizi bizə dedilər. Sözün açığı çox həyəcanlındıq. Bir-bir prezidentlə görüşdük və o bizi şəxsən təbrik edib təqaüdümüzü verdi. Bu bizə böyük diqqət, qayğı və stimul idi. Bu təqaüddən sonra məsuliyyət hissi daha da artdı. Çünki prezidentin etimadını doğrultmalı idik.

- İndiki Azərbaycan gəncliyini necə qiymətləndirirsiniz?

- Azərbaycanda istər biznes, istərsə də elm sahəsində çox uğurlu və böyük potensialı olan gənclər var. Amma gənclərimizin böyük bir qismi tənbəldir. Bu, çox təəssüf verici haldır və düşünürəm ki, bu inamsızlıqdan qaynaqlanır. Gənclər öz üzərilərində çox işləmirlər. Digər dövlətlərdə gənclər təhsil illərindən həyatlarının möhkəm bünövrəsini qoymağa başlayırlar. Onlarda universitet həyatı fərqlidir. Dərsdən sonra da kitabxanalarda qalır, öyrənməyə çox maraqlıdırlar. Bizim kitabxanaya girəndə isə səs-küydən heç nə oxumaq olmur. Sanki söhbətə gəliblər. Gənclər hər vaxt öz üzərlərində çalışmalıdır.

- 10 il sonra özünüzü harada görürsünüz?

- Planlarımız texnologiyanı daha da inkişaf etdirmək və digər dillər içində bu texnologiyaları tətbiq etməkdir. İnsanların işlərini asanlaşdıran texnologiyalar yaratmaq üzərində işləyirik. Gələcəkdə tərcümə sistemlərinin keyfiyyətinin artırılması üzərində çalışmağı qarşıma məqsəd qoymuşam. Öz dilimizdə informasiya azdır, bu da bizim üçün böyük baryerdir. Bunun üçün tərcümə üzərində işləyirik ki, hamı rahatlıqla digər dövlətlərin kitablarından istifadə edə bilsin. Biz dövlətin dəstəyi ilə bu baryeri mümkün qədər dağıtmağa çalışırıq.

Kaspi.az

Böyütmək üçün şəkillərə klikləyin.