Bakıda sürücüdən sərnişinlərə insanlıq dərsi
28 Noyabr 2014 12:24
Milli.Az bildirir ki, bu hadisə sosial şəbəkələrdə geniş müzakirəyə yol açıb.
Bakıda təqribən 20-25 yaşlı sürücüsü olan avtobusa 65-70 yaşlarında qadın mindi. Boş yer tapıb oturdu, dəsmalını çıxarıb arasındakı qəpikləri saydı. 20 qəpik düzəldib sürücüyə uzatdı və zəif səslə: "Oğlum, parkın yanında saxlayarsan", - dedi.
Sürücü pulu götürmədi. Avtobusu parkın yanında saxlayıb: "2 dəqiqə gözləyin, gəlirəm", deyərək mağazaya tərəf qaçdı. 4 qab süd, 2 xama, makaron, düyü, ət, çörək alıb nənəyə verdi. Qadın utancaq səslə: "Mənim pensiyam bunlara çatır", - deyib ağlamsındı. Sürücü isə: "Əgər bunları götürməsəniz, elə indi zibil qabına atacam", - dedi. Qoca qadın hönkürüb ağladı. Avtobusda gözləri yaşaranlar da az deyildi.
Qadın torbanı götürüb sürücünün alnından öpdü, uğur arzuladı və getdi.
Bu vaxt 40 yaşlarında kök bir qadın: "Bir "çox sağ ol"a görə bu qədər pul xərcləməyə və bizi burada gözlətməyə dəyərdimi?" - deyə qışqırdı.
Sürücü: "Sizə görə insanlar bütün gəncləri tərbiyəsiz bilirlər, çünki öz uşaqlarınıza simiclikdən və ikiüzlülükdən başqa heç nə öyrədə bilmirsiniz", - dedi.
Avtobusdakı sərnişinlər sürücünü alqışladılar, qadın qaça-qaça avtobudan düşüb gözdən itdi.
Cəmiyyətimizə belə gənclər, belə sürücülər lazımdır.
Eltun Rəcəbli
Milli.Az