Türkiyə Apellyasiya Məhkəməsinin IX Cəza Dairəsi müğənni İbrahim Tatlısəsə sui-qəsd təşkil edən şəxsə verilən cəzanı qüvvədə saxlayıb
20:16
APA-nın Türkiyənin "Vatan" qəzetinə istinadən verdiyi məlumata görə, Apellyasiya Məhkəməsi İstanbul XVII Ağır Cəza Məhkəməsinin müğənniyə sui-qəsd təşkil edən Abdullah Uçmak barədə verdiyi qərarı qüvvədə saxlayıb. Apellyasiya Məhkəməsi Abdullah Uçmak, Ersin Altun və Yunus Ayıka Bekket Çakıcıya sui-qəsdlə bağlı verilən cəzanın ağırlaşdırılmasını zəruri sayıb.
Qeyd edək ki, İbrahim Tatlısəs və köməkçisi Bekket Çakıcı 14 mart 2011-ci ildə İstanbulda "İbo Show" proqramının çəkilişindən çıxarkən 5 nəfərin silahlı hücumuna məruz qalıb, başından güllə yarası alıb.
Hadisə zamanı müğənninin köməkçisi də yaralanıb. İstanbul XVII Ağır Cəza Məhkəməsi cinayət törətmək məqsədi ilə silahlı qrup yaratmaq və idarə etməkdə ittiham edilən Abdullah Uçmak da daxil olmaqla, 12 nəfərə 3 ildən 36 ilə qədər həbs cəzası verib. A.Uçmak 36 il 6 ay, İ.Tatlısəsə atəşə açan Ersin Altun 30 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.