Bakıda məscidi yandıranlara cinayət işi açıldı
27 Noyabr 2014 18:40
Bakının Qaraçuxur qəsəbəsində yerləşən məsciddə törədilmiş yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıb.
Milli.Az-ın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, məsciddə törədilən cinayət faktına görə, Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanıb, hazırda iş üzrə müvafiq istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, noyabrın 25-dən 26-a keçən gecə naməlum şəxslər Qaraçuxur qəsəbəsində yerləşən məscidə içərisində yanacaq olan şüşə qab atıblar. Nəticədə məsciddə yanğın olub. Məsciddə olan şəxslərin səyi nəticəsində yanğının qarşısı alınıb.
Hazırda polis məscidi yandırmağa cəhd göstərən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Həmin məscid Qaraçuxurda "Vəhabi məscidi" kimi tanınır.
Milli.Az