Yenə vəd verdilər ki, yalan danışmayacaqlar

27 Noyabr 2014 09:21

ATƏT (OSCE, Organization for Security and Co-operation in Europe) dəyişmək istədiyini bildirib. Təşkilatın rəhbərliyində 1975-ci ildə Avropada təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə bağlı Helsinki konfransının analoqu ola biləcək toplantının keçirilməsinə zərurət duyulur.
 

ATƏT-də sədrlik hər il dəyişir. Bu il İsveçrə sədrdirsə, gələn il onu Serbiya əvəzləyəcək.

Qurumun xarici işlər nazirləri Şurasının toplantısı dekabrın 4-5-də İsveçrənin Bazel şəhərində olacaq və elə bu toplantıda da ATƏT-in formatının dəyişməsi ilə bağlı islahatlara start verilə bilər.
 

Hər halda Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijovun dediyinə görə, Bazel toplantısında Avropa təhlükəsizlik və əməkdaşlıqla bağlı yeni anlaşmanın imzalanacağını istisna etmir.
 

"Belə anlaşmanın konsepsiyası artıq var. "Helsinki +40" adlı sənəd elə bu il qəbul edilə bilər. Avropa Birliyi ölkələri ilə anlaşmanın yeni formatının layihəsi artıq var və müzakirələr gedir", - V.Çijov söyləyib.
 

ATƏT-in dəyişikliklərə və islahatlara, gerçəkdən də, ehtiyacı var. Yenilikləri zəruri, aktual edən başlıca məqam bu təşkilatın nizamnaməsinə nəzərdə tutulan funksiyaların yerinə yetirilməməsi, qurumun Avropa Birliyinin və ABŞ-ın əlində faktiki olaraq oyuncağa çevrilməsidir.
 

Bununla yanaşı, BMT-nin bir sıra qətnamələri də ATƏT üçün yerinə yetirilməkdə məcburi olsa da, təşkilat sanki qəflət yuxusuna gedib.
 

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlarda ATƏT-in Minsk Qrupunu yaradaraq vasitəçilik etməsi bəhs etdiyimiz məsələyə dəlalət edir.
 

İllərdir ki, Rusiya, ABŞ və Fransadan olan həmsədrər Bakı ilə Yerevana gəlib-gedirlər, aradabir Xankəndiyə baş çəkirlər, "münaqişənin həlli istiqamətində ciddi addımların atılmasına və köklü dönüşə çox qalmayıb" tipli bəyanatlar verirlər.
 

İllər keçir, Minsk Qrupunda həmsədrlər dəyişir, amma erməni işğalçıları hələ də Dağlıq Qarabağda və ətraf rayonlardadır.
 

Dağlıq Qarabağ məsələsi bir yana - Kosovo, Albaniya problemlərindən tutmuş, Ukraynanın Krım yarımadasının ilhaqı və Ukraynanın şərqində separatçı "ərazi"lərin formalaşmasınadək ən müxtəlif problemlərin həllində ATƏT zəif, aciz qalıb.
 

1975-ci ildə Helsinkidə qəbul olunmuş bəyannamədə göstərilən müddəalar hələ də çağırış olaraq qalır, Avropada təhlükəsizlik məsələləri böyük dövlətlərin maraqlarının təminatına, əməkdaşlıq isə güclülərin zəifləri istismarına çevrilib.
 

ATƏT indiyədək heç bir problemi sonadək həll edə bilməyib və fəaliyyətini də qırğın törədənləri "qətiyyətlə pisləmək", işğalçıları danışıqlara "dəvət etmək", bəşəriyyətə qarşı cinayət törədənləri "araşdırmaq" və s. kimi mənasız işlərə çevirir.
 

Belə fəaliyyət əsl passivlik, bacarıqsızlıq olduğundan ATƏT ən müxtəlif adlar altında zəifliyini gizləməyə çalışır və yerində saydığını aktiv hərəkətlər görüntüsü ilə pərdələyir.
 

ATƏT-in fəaliyyətində ciddi dəyişiklikləri, hətta vəd olunanlara inansaq, yenidənqurmanı ehtiva edən sənədin imzalanacağının real olduğu vurğulanır.
 

İnanmaq çətindir.
 

Bu qədər bəsit və aşkar.
 

Nədən ki, Avropada ölkələr arasında təhlükəsizlik məsələlərinin həlli, əməkdaşlığın artması və mövcud problemlərin həllində sözdə yox, işdə tərəfdaşlığın mövcudluğu nə Avropa Birliyinə, nə də ABŞ-a sərf etmir.
 

ATƏT baş katibi Lamberto Zannier işini arbitraj məhkəməsinin baş hakimi səviyyəsinə endirməyə çalışırsa və münaqişələrin həllində real addımlar atılaraq gerçək irəliləyişlərin əldə olunmasına can atmaq adı ilə danışıqlarla məşğuldursa, bundan sonrakı hansısa islahatların, yaxud da yeni sənədlərin vəziyyəti köklü şəkildə dəyişəcəyinə ümid azdır.
 

Çox az.
 

ATƏT indi Avropanın bir çox ölkələrində məşvərətçi qurum, şikayətlərin ünvanlandığı yer kimi qəbul olunur.
 

Hər hansı münaqişənin çözüm problemi yarananda isə ATƏT əvvəl dilə tutur, sonra təzyiqlərlə hədələyir, axırda da heç bir nəticə əldə etməyərək vasitəçilik "missiyası"na başlayır.
 

O missiyaların tam əksəriyyəti hələ də davam edir və nə zaman bitəcəyi də bəlli deyil.
 

...70 il əvvəl Yalta konfransı oldu və dünyanın indiki geosiyasi düzəninin təməli qoyuldu, gündəmə BMT ideyası gətirildi.
 

İndisə ABŞ və NATO-nun hegemonluq etdiyi siyasi sistem qurmaq, yaxud da hansısa ölkədə güclə "rəngli inqilab"a nail olmaq, demokratik dəyərlər və vətəndaş cəmiyyəti dəyərlərinin qəbul etdirilməsi adı ilə müstəqil ölkələrin daxili işlərinə həyasız müdaxilələr sistemi silkələyir.
 

Çətin dönəmdir.
 

Avropa ya problemlərin həlli üçün ölü canı xatırladan ATƏT-i kökündən dəyişməli, ya da 21-ci əsrin reallıqlarını nəzərə alaraq yeni konstruksiya yaratmalıdır.
 

Başqa yol yoxdur.
 

Necə ki, Minsk Qrupunun yarıtmazlığı Azərbaycanda şübhə doğurmur və belə gedərsə, Dağlıq Qarabağ münaqişəsini ATƏT-siz həll etməli olacağıq.
 

Elçin Alıoğlu
Milli.Az