Polisdən şikayət: "Rəis dedi ki, zənn elə, böyük qardaşınam, bir şillə vurmuşam də" - VİDEO

26 Noyabr 2014 08:30

Dövlət babanın tərs silləsi həmişə ağır olur. Lakin çiynində "paqon" gəzdirənin babalıq və ya qardaşlıq edərək başqasını vurmaqla bağlı iddianı eşitmək daha ağırdır

Göyçay rayon sakini Səbuhi Quliyevə qonaq getdiyi rayonda elə "qardaşlıq" ediblər ki, sonda dərdini danışmaq üçün Milli.Az-ı seçib. S.Quliyev saytımıza ötən 4 ay əvvəl başına gələn və onu təhqir edən hadisəni belə danışıb:

"Avqustun 14-də Ucarda yaşayan qaynanamgildə qonaq olarkən həyətin qarşısında "Niva Chevrolet" markalı avtomobil saxladı. Həmin vaxt yoldaşımla kompüterdə oyun oynayırdım. Başıma əsl oyunun gəlməsindən xəbərsiz idim. Həmin maşından bir nəfər düşdü, özünü Ucarın polis rəisinin müavini Səbuhi İsmayılov kimi təqdim etdi. "Sən kimsən, yanındakı qadın kimdir" sualını verdi. Özümüzü təqdim etdik. Həmin müavin özü ilə gətirdiyi post patrul əməkdaşlarına göstəriş verdi ki, maşına basıb şöbəyə gətirsinlər. Məni polis maşınına mindirib şöbəyə apardılar. Orada "KPZ"yə saldılar. Arxamca yoldaşım və qaynım gəldi, hətta qaynım mənim tutulmağıma etiraz edəndə onu da yanıma saldılar".

Səbuhi Quliyevdaha sonra polisdə möhkəm döyülməsindən şikayətləndi: "Polisdə döydülər. Səs-küy saldım, vəkil tələb etdim... Sonra sərbəst buraxıldıq".

S.Quliyev əlavə etdi ki, məsələ ilə bağlı yüksək dairələrə müraciət etsə də, işi ört-basdır etmək istəyirlər: "Bu məsələ ilə bağlı Ucar Prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa müraciət etdim. Şikayətimi araşdırmaq üçün nümayəndə gəlmişdi. Hətta nümayəndə gəlməmişdən bir gün əvvəl rəis müavini mənə zəng edərək barışıq xahiş elədi. Dedi ki, elə zənn elə ki, böyük qardaşınam, bir şillə vurmuşam sənə".

Adı vətəndaşı döyməkdə hallandırılan Ucar rayon Polis Şöbəsinin rəis müavini Səbuhi İsmayılov Milli.Az açıqlamasında baş verənləri şər adlandırdı:

"Şikayət verilib, nazirlik araşdırmasını aparıb, tədbir də görülür. Səbuhini polisə niyə apardığımı deməyə icazəm yoxdur. Sadəcə, şər-böhtandır. Cinayət işi yoxdur, sadəcə araşdırma aparılır. O adam ancaq şər atır".

"Polisə şər atacaq cəsarətdə olan vətəndaşımız varmı?" sualımıza isə rəis müavini "görünür cəsarətli çıxıb də..." cavabını verib.

İşi araşdıran DİN-in əməkdaşı Hamlet Hümmətəliyevlə əlaqə saxlamaq cəhdimiz baş tutmadı.

Anar Məmmədov
Milli.Az