Yapon militarizmi geosiyasi təhlükə amilidirmi?
25 Noyabr 2014 17:52
Son zamanlar Tokionun hərbi qüdrətini artırmaq istiqamətində konkret proqramlar həyata keçirməyə başladığı haqqında informasiyalar yayılır. Ekspertlər bunun regional və qlobal geosiyasətə ciddi təsir edə biləcəyini proqnozlaşdırırlar. Məsələ dünya liderliyi uğrunda Amerika ilə Çinin apardığı mübarizə kontekstində qiymətləndirilir. Yaponiyanın faktiki olaraq Çinə qarşı qoyulduğu iddiası irəli sürülür, bunun həm daxili siyasi, həm də xarici geosiyasi proseslərlə əlaqəli olduğu qeyd edilir. Həmin bağlılıqda Rusiya-Yaponiya və Çin-Yaponiya münasibətlərinin dinamikası maraq doğurur. Mütəxəssislər bu istiqamətdə hələlik qeyri-müəyyən məqamların olduğu qənaətindədirlər. Perspektiv necə görünür?
Hərbi qüdrət: Yaponiya keçmişi "qaytarır"mı?
Yaponiyanın silahlı qüvvələri gücləndirmək haqqında gəldiyi qərar region dövlətlərində narahatlıq yaradıb. Ölkə konstitusiyasının 9-cu maddəsinə görə, dövlət beynəlxalq mübahisələrin həllində müharibədən istifadə etməyəcək. Bu isə özünün quru qoşunları, donanma və hərbi-hava qüvvələrini yaratmaqdan imtina etmək deməkdir. Tokio yalnız müdafiə məqsədli silahlı qüvvələr saxlaya bilər (bax: Андрей Иванов. Опять за старое. Япония переписывает историю и возрождает армию / МГИМО Университет, 7 noyabr 2014).
Bu məsələ Yaponiyanın İkinci Dünya müharibəsində məğlubiyyətindən sonra aktuallaşdı. Onda yaponlar böyük ordu yaratmışdılar. Bundan başqa, Yaponiya həmin dövrdə aqressiv hərbi mövqe tuturdu. Yapon millətçiliyinin vüsət almaması üçün Qərb və Rusiya onun hərbi potensialını nəzarətə götürmək qərarına gəlmişdilər.
Ancaq indi vəziyyət dəyişir. Başda ABŞ olmaqla Qərbin Asiya-Sakit okean hövzəsinə yanaşması ilə Rusiya və Çinin mövqeyi arasında ciddi fərqlər özünü göstərməyə başlayıb. Bir sözlə, XX əsrdə Yaponiya ilə bağlı eyni mövqedə olmuş geosiyasi güclər arasında indi bir uçurum yaranıb. Bu səbəbdən Yaponiyanın hərbi potensialına münasibət də dəyişib.
Hazırda ABŞ regionda Çinin sürətli inkişafına qarşı addımlar atmaqdadır. Onların sırasında Yaponiyanı hərbi cəhətdən daha da inkişaf etdirərək Pekinə qarşı qoymaq planları ayrıca yer tutur. Ekspertlər hesab edirlər ki, burada Rusiya amili də əhəmiyyətli rol oynayır. Andrey İvanov bu kontekstə yazır: "...Qərbin yaponların artmaqda olan hərbi potensialından Rusiya və Çini dayandırmaq üçün istifadə edə bilməsi istisna edilmir" (bax: əvvəlki mənbəyə).
Bu cür vəziyyət həmin regionda kifayət qədər təhlükəli geosiyasi qarşıdurmanın yaranmaqda olduğunu göstərir. Bir tərəfdə Amerika və Avropa dövlətləri, digər tərəfdə isə Rusiya və Çin durur. Dünya üçün ciddi təhdidlər meydana gələ bilər. Nəzərə almaq lazımdır ki, Vaşinqton Sakit okean hövzəsində yerləşən ölkələrdən də müttəfiq kimi istifadə etməyə çalışır. Yaponiya məsələsi məhz bu aspektdə aktuallıq kəsb edir (bax: Стивен Босвот. Визит Барака Обамы в Азию / ИноСМИ.ru, 24 aprel 2014).
Məsələ Tokioya verilən dəstəklə yekunlaşmır. Amerika Vyetnam, Tayvan, Cənubi Koreya, Sinqapur, Malayziya, Avstraliya və başqa region dövlətlərini də prosesə cəlb etməyə çalışır. Bu gün, sözün həqiqi mənasında, anti-Çin koalisiyası yaranmaqdadır. Özü də Vaşinqton problemi ərazi mübahisələri üzərində dərinləşdirməyə cəhd edir. Bu bağlılıqda ABŞ Koreya-Yaponiya, Yaponiya-Çin, Çin-Vyetnam ixtilaflarından yararlanmağa çalışır. Burada yaxşı bilirlər ki, "XXI əsrin Çini XX əsrin SSRİ-si deyil" (bax: əvvəlki mənbəyə).
Əslində, Vaşinqton məsələni daha geniş kontekstdə aktuallaşdırır. O, Suriya və İran problemlərinin həlli üçün addımlar atdığını və bu problemlərin aradan qaldırılmasına geniş koalisiyanın formalaşdırılması müstəvisində baxdığını deyir. Bununla da ABŞ Uzaq Şərqdə yerləşən və qədim hərbi-dövlətçilik ənənələri olan Yaponiyanın dirçəldilməsinə haqq qazandırmış olur.
Millətçilik və XXI əsr: yapon modelinin özəllikləri
Rəsmi Tokionun hücum qabiliyyətli güclü ordu yaratmaq planlarına ruh verən başqa amil yeni hakimiyyətin seçdiyi xarici siyasət kursunun məzmunu ilə izah oluna bilər. Dünya baş nazir Şinzo Abenin millətçilik ideologiyasından xəbərdardır (bax: Дмитрий Косырев. Трехликий Синдзо Абэ и призрак японского милитаризма / РИА Новости, 22 iyul 2013). Onun əsas məqsədi Yaponiyanın əvvəlki qüdrətini bərpa etməkdir. Bu da avtomatik olaraq hərbi potensialın gücləndirilməsi deməkdir.
Ş.Abenin həyata keçirdiyi xarici siyasət bu qənaətləri təsdiq edir. Tokio dəfələrlə Çin və Rusiya ilə ziddiyyətlərə girib. Moskva və Pekin onunla əməkdaşlığa can atırlar. Prezident Vladimir Putin müxtəlif tədbirlərdə yapon baş nazirlə əməkdaşlığı müzakirə edib. Hətta Milanda "Asiya-Avropa" Sammitinin (ASEM) toplantısında Rusiya dövlət başçısının Yaponiyaya səfəri ilə bağlı razılıq əldə edilmişdi. Lakin Ukrayna hadisələrinə görə Tokio bunu qeyri-müəyyən müddətə təxirə salıb. Ekspertlər hesab edirlər ki, burada Vaşinqtonun əli vardır (bax: Путин и Синдзо Абэ обсудят вопросы российско-японского сотрудничества / ИТАР-ТАСС, 9 noyabr 2014).
İndi Pekində Asiya və Sakit okean İqtisadi Əməkdaşlığının (APEC) toplantısı keçirilir. Burada Rusiya, Çin və Yaponiya rəhbərlərinin əməkdaşlıqla bağlı müzakirələr aparmaq imkanları vardır. Lakin KİV daha çox Rusiya-Çin əlaqələrində ciddi irəliləyişlərin olacağını vurğulayır. İki dövlət arasında 17 sənədin imzalanacağı qeyd edilir. Ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulub. Eyni şeyləri Rusiya-Yaponiya və Çin-Yaponiya əməkdaşlığı haqqında demək mümkün deyildir (bax: Путин обсудит с Си Цзиньпином развитие сотрудничества РФ и КНР / ИТАР-ТАСС, 9 noyabr 2014).
Bunların fonunda Ş.Abe hökumətinin ölkənin hərbi gücünü artırmaq istiqamətində atdığı addımlar maraq doğurur. Rusiyalı ekspert bununla bağlı vurğulayır: "Yaponlar bu günlərdə kollektiv özünümüdafiə hüququ verən qanun qəbul ediblər. Başqa sözlə, əvvəllər yapon özünümüdafiə qüvvələri vardısa, indi bunlar silahlı özünümüdafiə qüvvələri adlandırılır" (bax: Андрей Иванов. Опять за старое. Япония переписывает историю и возрождает армию / МГИМО Университет, 7 noyabr 2014). Buradan tam tərkibli hərbi qüvvələrin yaradılmasına bir addım qalır.
Ehtiyat edilir ki, rəsmi Tokionun növbəti proqramı hücum xarakterli ordu yaratmaq olsun. Qərb buna göz yumacaq, amma Rusiya və Çin etiraz edəcəklər. Belə vəziyyət Vaşinqtona sərf edir, çünki bununla o, bir tərəfdən, regiondakı ən yaxın müttəfiqlərindən birini hərbi cəhətdən gücləndirmiş olur, digər tərəfdən isə, onu əsas rəqibləri olan Moskva və Pekinə qarşı qoyur. Yapon cəmiyyətində gedən ideoloji proseslər bu aspektdə həyəcan yaradır.
Belə ki, yapon alimləri dərsliklərdə tarixi dəyişikliklər həyata keçirirlər. Gənclərə İkinci dünya müharibəsində yaponların heç bir günah işlətmədikləri, əksinə, qəhrəmancasına döyüşdükləri aşılanmaqdadır. O cümlədən, həmin dövrdə koreyalı qadınlara qarşı törədilən zorakılıqlar inkar edilir (bax: əvvəlki mənbəyə).
Bunlar onu təsdiqləyir ki, yapon militarizmi təsadüfdən baş qaldırmır və ortada ciddi geosiyasi amillər vardır. Qərb Çinin sürətli inkişafını dayandırmaq və ya ləngitmək üçün bütün vasitələrə əl atır. Hələlik görünən odur ki, Uzaq Şərqdə böyük dövlətlər arasında gərginlik yüksələn xətlə gedir. Bu prosesin region ölkələrinə fayda gətirməyəcəyi də bəllidir. Lakin maraqlıdır ki, bu barədə düşünən yoxdur - hər kəs öz marağını təmin etməyə çalışır.
Yaponiyanın regionda iddiaları getdikcə daha da artır. Tarixi təcrübə göstərir ki, Tokio güclənərkən buna paralel olaraq imperiyaya çevrilmək istəyi də baş qaldırır. Müasir mərhələdə isə o, qonşusu və əzəli rəqibi olan Çinin dünya lideri olmasını həzm edə bilməz. Bu səbəbdən Yaponiyanın öz hərbi qüdrətini yeni səviyyəyə yüksəltməsi adi hadisə deyil. Onun Rusiya və Çin üçün ciddi geosiyasi rəqibə çevrilməkdə olduğunu və regionda mübarizənin gərginliyinin artacağını proqnozlaşdırmaq olar.
Amerikanın bu proseslərdə hansı mövqe tutacağını demək çətindir. Təbii ki, o, Moskva və Pekinə qarşı duran qüvvələrə dəstək verəcəkdir. Burada söhbət birbaşa hərbi müdaxilədən gedir. B.Obama bunu inkar etsə də, onun prezidentlik dövrünün başa çatmasına az qalıb. Ondan sonra yapon militarizmi regionun əsas probleminə çevrilməyəcək ki? İndi müşahidə edilən proseslər bu sualın heç də əhəmiyyətsiz olmadığını göstərir.
Newtimes.az