Köçkün ailəsinin dərdi təzələndi: ikinci uşağın meyidi gəldi

24 Noyabr 2014 11:29
Kanalda batan qardaşlardan ikincisinin də cəsədi sudan çıxarılıb

Milli.Az El TV-yə istinadən bildirir ki, Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batan qardaşlardan ikincinin də cəsədi tapılıb. 2003-ci il təvəllüdlü Toğrul Hikmət oğlu Novruzovun cəsədi xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Onlardan böyük qardaşın, Ömər Hikmət oğlu Novruzovun cəsədi isə bir neçə gün öncə batdığı yerdən təqribən 2 kilometr aralıda  tapılıb. 

Xatırladaq ki, noyabr ayının 11-də Ağdərə rayonundan məcburi köçkün 13 və 11 yaşlı Novruzov qardaşları Yuxarı Qarabağ kanalında  balıq tutarkən suya düşüblər. Balaca qardaş balıq tutarkən ayağı sürüşərək suya yıxılıb. Böyük qardaş kiçik qardaşın boğulduğunu görərək, onu xilas etmək üçün kanala atılıb. Nəticədə hər ikisi suda batıb.

Milli.Az