"28 May" metro stansiyası bağlanır

19 Noyabr 2014 21:56
"28 May stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılması mərhələsi başlayır. Yeni tunellərin tikintisi ilə əlaqədar olaraq "28 May" stansiyası 5 həftə bağlı qalacaq".

Milli.Az xəbər verir ki, bunu axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. O bildirib ki, "28 May" stansiyasında tikiləcək tuneldən sonra bütün xəttlər üzrə intervalı maksimum dərəcədə azaltmaq imkanı əldə ediləcək:

"Bunun üçün Fransanın "BOUYGUES Trvaux Publics" şirkəti ilə müqavilə imzalanıb. Müqaviləyə əsasən, hər biri 100 metr olmaqla 2 tunel tikiləcək. İşin icra müddəti 36 aydır. İşin bitməsinə yaxın "28 May" stansiyası 5 həftə bağlı qalacaq".

Qeyd edək ki, hazırda Bakı metrosunun hər iki xətti "28 May" stansiyasında kəsişir. Bu da hər iki xətt üzrə hərəkət edən qatarların sərbəst işləməsinə mane olur. Ona görə Bakı Metropoliteni bu xətlərin ayrılması ilə qatarlar arasında intervalın da azalacağını proqnoz edir:

"Xətlərin kəsişməsi eyni zamanda istədiyimiz intervalı ala bilməkdə problem yaradır. Belə ki, "Həzi Aslanov"- "28 May" xəttində interval 2 dəqiqə olsa da, "28 May"- "Dərnəgül" və "28 May"- "İçərişəhər" xəttində qrafik 4 dəqiqə təşkil edir. Bu xəttlər ayrıldıqdan sonra qatarlar sərbəst hərəkət edəcək və adıçəkilən istiqamətlərdə interval 2 dəqiqə olacaq".

N.Paşayev dairəvi xətlərin inşasından da danışıb:

"2011-ci ildə Azərbycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxeminə əsasən, Yaşıl xəttin dairəvi olması nəzərdə tutulub. Yəni, sərnişinlər "Xətai" stansiyasından birbaşa Nobel prospekti boyunca tikiləcək 3 stansiya vasitəsilə "Həzi Aslanov" stansiyasına gedə biləcəklər. Həmçinin, "Koroğlu" stansiyasından da tikiləcək yeni stansiyalar vasitəsilə "Dərnəgül" stansiyasına ən qısa yoldan getmək imkanı olacaq".

Bakı Metropoliteni bu stansiyaların hamısının tikintisinin 2030-cu ilə qədər başa çatdırılmasını nəzərdə tutub.

Milli.Az