Yeni reytinq açıqlandı

18 Noyabr 2014 20:38
Ericsson şirkəti tərəfindən Networked Society City Index 2014 reytinqi dərc edilib.

Reytinqdə dünyanın 40 böyük şəhərinin informasiya-kommunikasiya texnologiyalarından (İKT) iqtisadi və sosial sahələrdə istifadə, eləcə də onun ekologiyaya təsiri üzrə texnoloji yetkinlik səviyyəsi qiymətləndirilir. Bu barədə şirkətin məlumatında deyilir.

Tədqiqat zamanı şirkət aydınlaşdırıb ki, İKT-nin zəif səviyyədə nüfuz etdiyi şəhərlər texnoloji baxımdan inkişaf etmiş şəhərlərlə müqayisədə daha sürətlə inkişaf edərək tədricən mövcud geriliyi aradan qaldırırlar. Tədqiq edilən şəhərlərin əksəriyyəti bahalı infrastrukturun tikintisindən imtina edərək ən yeni mobil əlavələri üstün tutmaqla irəliyə çıxmaq imkanına malikdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, reytinqin ilk beş pilləsini Stokholm, London, Paris, Sinqapur və Kopenhagen kimi şəhərlər tutsa da, bu il Paris Sinqapuru üçüncü yerdən sıxışdıra bilib. Reytinqə 9 yeni şəhər (Berlin, Münhen, Barselona, Afina, Roma, Varşava, Məsqət, Əbu-Dabi və Dubay) daxil olub. Tədqiqatçılar qeyd edirlər ki, texnoloji inkişaf hazırda şəhərin beynəlxalq səviyyədə işgüzar əlaqələri üçün rəqabət qabiliyyətinin artırılmasında böyük əhəmiyyətə malikdir.

Hesabatda həmçinin şəhərlərin texnoloji inkişafının əsas tendensiyaları təqdim olunub:

Savadlı şəhərlilər: tərəqqi müəssisə və idarələrdən daha çox insanlarda asılı olacaq - sakinlərin fəallığı sayəsində yeni ictimai xidmətlər və bələdiyyə təşəbbüsləri yaranacaq.

Ümumi daxili məhsula (ÜDM) yenidən baxmaq: İKT həlləri iqtisadiyyat sahəsində əməkdaşlığa və resurslardan az istifadə etməklə böyük uğurlar qazanmağa imkan verir. Bu, əsas amilləri nəzərə almaqla ÜDM-nin hesablanmasında düzəlişlərin edilməsinə səbəb olacaq.

Əməkdaşlığın təsiri: birgə iş şirkətlərin biznesini daha çevik etməyə imkan verəcək. Bununla eyni vaxtda şəhərin idarəetmə sistemi dəyişəcək ki, bu da öz növbəsində qanunvericilikdə və idarəetməyə yanaşmada dəyişikliklərə səbəb olacaq. 

Networked Society City Index hesabatı Ericsson tərəfindən Sweco elmi texnoloji şirkəti ilə birgə hazırlanıb.

Reytinqin liderlər üçlüyündə Stokholm, London, Paris şəhərləri yer alıb. Bundan başqa, reytinqə daxildir: Əbu-Dabi, Afina, Barselona, Pekin, Berlin, Buenos-Ayres, Qahirə, Kopenhagen, Dehli, Doha, Dubay, Helsinki, Honkonq, İstanbul, Cakarta, Yohannesburq, Karaçi, Laqos, Los-Anceles, Manila, Mexiko, Mayami, Moskva, Məsqət, Mumbai, Münhen, Nyu-York, Oslo, Roma, San-Paulu, Seul, Şanxay, Sinqapur, Sidney, Taybey, Tokio və Varşava.

Milli.Az