Qadınlar üçün ağıllı bilərzik

18 Noyabr 2014 23:47
Intel şirkəti qadın auditoriyası üçün nəzərdə tutulmuş ünsiyyət və naviqasiya üçün funksiyalara malik MICA bilərziyini nümayiş etdirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ağıllı MICA (My Intelligent Communication Accessory) aksessuarının dizaynı Opening Ceremony şirkəti tərəfindən hazırlanıb.

Bilərziyin tərtibatında ilan dərisi, 18 karatlıq qızıl, mirvari və obsidiandan istifadə olunub, MICA-nın sensor ekranı sapfir şüşədən hazırlanıb. Qurğunun texnoloji içliyi Intel şirkəti tərəfindən hazırlanıb.

MICA - bu, müasir qadınlara mətn mesajlarına, Gmail və Facebook bildirişlərinə, həmçinin Google təqviminə giriş imkanı verən gözəl və ağıllı qolbaqdır - şirkətdən bildirilib. İstifadəçilər yeni mesaj və məktublar haqda bildirişlər ala, onlara qısa cavab verə, həmçinin daxil olan bildirişlərin filtrasiyası üçün VIP kontakt siyahıları yarada bilərlər.

ABŞ-da qurğunun dəyəri AT&T operatoru ilə ikiillik müqavilə əsasında 495 dollar təşkil edəcək. Dekabrın əvvəlində qolbağın satışlarına başlanılacaq.

Milli.Az