"Doğma"lar və "yad"lar

16 Noyabr 2014 19:13

Berlin divarının sökülməsi dünyanı yeni sədlərdən xilas etmədi 

Bu divar uzun müddət - 1961-ci ilin avqustundan 1989-cu il noyabrın 9-dək Berlini, eyni zamanda, bütünlükdə dünyanı 2 yerə ayıran 156 kilometr uzunluğunda eybəcər bir çapıq idi. ADR-in divarı ucaltmaq qərarı qəbul etməsinə səbəb ölkənin mövcud olduğu 12 ildə (1949-cu ildən 1961-ci ilədək) əhalinin dörddəbir hissəsinin, yaxud 4 milyon vətəndaşın Qərbə üz tutması idi. Sonralar çox böyük beton səddi aşaraq, digər tərəfə keçməyə cəhd göstərən onlarca insan bu zaman həyatını itirəcəkdi. Nəhayət, 1989-cu il noyabrın əvvəlində yarım milyonadək berlinlinin ADR-in tarixində ən böyük etiraz mitinqinə çıxması ilə kritik an gəlib çatdı. "Berlin divarının sökülməsi" dövrü ilə bağlı bir neçə versiya var - şəraitin yaratdığı zərurətdən tutmuş, o zamankı liderlərin xoş məramına, razılığa gəlmək bacarıqlarınadək.
 

Həqiqətən də iki dünya arasında divarın 1989-cu il noyabrın 9-da baş tutan sökülmə prosesi tamamilə dinc şəkildə reallaşdı. Artıq 11 ay sonra - 1990-cı ilin oktyabrında keçmiş ADR rəsmən AFR ilə birləşdi. Son nəticə olaraq, divarın sökülməsi azadlığa, demokratiyaya, Qərb dəyərlərinə cəhdin rəmzinə, eyni zamanda çox sayda kitabın, filmin, tədqiqat işinin meydana çıxması üçün ilham mənbəyinə çevrildi. İndi keçmiş beton səddin qırıntıları Berlin üçün özünəməxsus brendə çevrilib. Onun kiçik süni surətləri isə suvenir piştaxtalarında satılan dəyişməz əşyadır.
 

Lakin insanların sərbəst hərəkəti və ünsiyyətinə mane olan bu divarın fiziki məhvi, bəlkə də, bunun üçün kifayət edəcək addım deyil. Berlin divarı 25 il əvvəl sökülsə də, Almaniya və bütünlükdə Avropa hələ də iki hissəyə - Şərqi və Qərbi Avropaya bölünmüş vəziyyətdədir. Əlbəttə, onların arasında artıq beton bloklar, qüllələr və tikanlı məftillər yoxdur. Amma bunun əvəzində iqtisadi və statistik məlumatlar ortadadır. Dünyagörüşündə, davranışda da fərqlər var. Berlinin şərq və qərb hissələri hətta memarlıq üslubuna görə də bir-birindən kəskin şəkildə fərqlənir.
 

Almanların özləri də özlərini vahid saymırlar. "Allensbach" ictimai rəyin öyrənilməsi institutunun alman birliyi gününə həsr etdiyi sorğudan məlum olub ki, almanların 56%-dən çoxu "Biz vahid xalqıq" fikri ilə razı deyil. "Bild" qəzetinin yazdığına görə, ölkənin şərqində belə düşünənlər 60, qərbində isə 55% təşkil edir.
 

Şəhərin və ümumilikdə ölkənin iki hissəsi arasındakı fərqləri "The Washington Post" qəzeti bir araya cəmləyib. Məlum olub ki, ölkənin şərq hissəsində yaşayan əhalinin gəlirləri qərbdəkilərlə müqayisədə xeyli azdır. Üstəlik, bu hissədə işsizliyin səviyyəsi daha yüksəkdir. Nəticədə, Şərqi Almaniyadan bir çox gənc insanlar onun qərb hissəsinə üz tutur, onların yerini isə Polşa və Çexiyadan gələnlər doldurur. Bununla yanaşı, Qərbi Almaniyada yaşayan miqrantların sayı daha çoxdur və onların əksəriyyəti Türkiyədən olanlardır. Yeri gəlmişkən, ultrasağçı Milli Demokrat Partiyası tərəfdarlarının əksəriyyəti məhz Şərqi Almaniya sakinləridir. Bu, orada yaşayanların Qərb kapitalizminin nəticələrindən məyus olmaları, eyni zamanda, kommunist keçmişin qayıtmasını istəyənlərin çox olması ilə izah edilir. Belə olan təqdirdə, ultrasağçılar yaranmış boşluğu uğurlu şəkildə doldura bilirlər. Amma təbii ki, bu fakt deyil. Sentyabrda Tyuringiya torpağının landtaqına (parlamentinə) keçirilən seçkidə Şərqi Almaniya kommunistlərinin (ADR-in mövcud olduğu 40 ildə hakimiyyətdə olmuş Almaniya Vahid Sosialist Partiyası) varisi sayılan "Solçular" partiyası ikinci yeri tutub. Bu, Almaniyanın birləşməsindən sonra "solçular"ın ilk belə uğurudur. Onlar ötən il Bundestaqa keçirilən seçkidə də uğurlu nəticə göstərərək, üçüncülüyü əldə etmişdilər. Bu, "solçular"a Angela Merkelin "böyük koalisiya"sına əsas müxalifət olmaq imkanı yaradıb. Yeri gəlmişkən, Tyuringiya Almaniyanın ən yoxsul hissələrindən biri sayılır. Görünür, sosialistlərin özəlləşdirilmənin məhdudlaşdırılması, NATO-nun buraxılması, ABŞ-ın Avropadakı bazalarının bağlanması kimi arqumentləri bu torpağın sakinlərinin xoşuna gəlir.
 

"The Washington Post"un fərqliliklər siyahısı bununla bitmir. Siyahıda yer alan faktlardan bəziləri kifayət qədər gözlənilməz təsir bağışlayır, insanlar arasında yalnız həyat səviyyəsində deyil, düşüncədə də fərqlərin olduğunu göstərir. Məsələn, sən demə, Qərbi Almaniyada küçələrin işıqlandırılması zamanı ekologiyaya təsir daha çox nəzərə alınır. Şərqi Almaniyada isə çirklənmə hələ də ciddi şəkildə hiss olunur. Ölkənin bu hissəsi kömürdən asılı vəziyyətdədir. Qərbi Almaniyada gənc anaların əksəriyyəti işləyirsə, "şərqli" analar evdə qalmağa, uşaqlarını böyütməyə üstünlük verirlər. Nəhayət, səyahət zamanı kimin Qərbi, kimin Şərqi Almaniyadan olduğunu müəyyənləşdirmək çox asandır. Əgər qərblilər səyahətə avtomobil qoşquları ilə çıxır və gəzinti boyunca bu qoşqularda yaşayırlarsa, şərqlilər çadırlarda gecələyirlər.
 

Bu arada "Los Angeles Times" qəzetində Berlin divarının sökülməsi ilə bağlı maraqlı məqamlar yer alıb. Qəzet divarın sökülmə səbəblərinin avropalılarla amerikalılar tərəfindən nə qədər fərqli görülməsindən yazır. ABŞ-da əmindirlər ki, dəyişikliklərin əsas təkanverici qüvvəsi Qərb liberal demokratiyasının məşəli sayılan Amerikanın gücü və idealları olub. Avropalılar isə öz keçid institutlarının işindən və uzun inteqrasiya yolundan danışırlar. Son zamanlar avropalıların ABŞ-ın aqressiv siyasətinə bu qədər qarşı çıxmaları bununla bağlıdır. Bir sözlə, artıq bu yerdə söhbət Köhnə və Yeni Qitə sakinlərinin şüurlarındakı "Berlin divarı"ndan gedir.
 

Amma sanki bir olan "Köhnə Qitə"nin özündə birliklə bağlı vəziyyət o qədər də yaxşı deyil. O, hələ də Qərbi və Şərqi Avropaya bölünmüş haldadır. Şərq hər zaman iqtisadi cəhətdən daha zəif, daha asılı, daha emosionaldır. Qərbi Avropada isə Şərqdən olan qonaqlar bəyənilmir. Çünki onlar qərblilər üçün iş yerlərinin tapılmasında daim rəqabətdədirlər. Almaniyanın "Spiegel" jurnalının yazdığına görə, kansler Angela Merkel bu yaxınlarda Avropa İttifaqı daxilində işçi qüvvəsi üçün azad bazarın yaradılması məsələsində Böyük Britaniyanın Aİ-dən çıxmasına üstünlük verdiyini bəyan edib.
 

Məlum olduğu kimi, London Aİ çərçivəsində "işçi qüvvəsi" miqrasiyasının məhdudlaşdırılmasını istəyir. Britaniya miqrantlarla yanaşı, ümumavropa büdcəsinə böyük məbləğdə ödəmələrdən bezib və bu mövqeyini heç də gizlətmir. Yeri gəlmişkən, 25 il əvvəl iki Almaniyanın birləşdirilməsinə dair danışıqlarda bu birliyin əsas əleyhdarı kimi məhz Böyük Britaniyanın baş naziri Marqaret Tetçer çıxış edirdi. O, Almaniyanın nəhəng iqtisadi və siyasi gücünü hər zaman yaxşı dərk edirdi. "Mitteranın Fransası və Tetçerin Böyük Britaniyası razı deyildilər. Onlar gözləməyə üstünlük verirdilər. Onlar SSRİ-nin öz ordusu hesabına hadisələrin bu cür gedişinin qarşısını almasına daha çox üstünlük verərdilər", - deyə həmin hadisələrdə bilavasitə iştirak etmiş və hazırda həyatda olan nadir siyasətçilərdən biri Mixail Qorboçov "La Repubblica" qəzetinə bu yaxınlarda verdiyi müsahibəsində bildirmişdi. SSRİ-nin birinci və sonuncu prezidenti dövlətin müdrikliyindən, tarixin ən vacib mərhələlərində güc tətbiqindən imtinanın vacibliyindən böyük həvəslə danışır. Lakin o, Almaniyada güc tətbiqindən çəkinməsinə rəğmən, öz vətənində bunu etməməsinin səbəblərini hər zaman olduğu kimi, dilə gətirməyib...
 

Təəssüf ki, Almaniya və bütün Avropadan ötrü azadlığın başlandığını göstərən əlamətlər o zaman üçün artıq keçmiş sayıla biləcək SSRİ-də dəhşətlər, müharibələr, ədavət və ağır dövrlərin başlanğıcını qoydu. Xəritədə bir-birinin ardınca "qaynar nöqtələr" yaranmağa başlandı və onlar insanları bir-birindən istənilən uca divardan daha güclü və daha uzun müddətə ayırırlar.
 

Üstəlik, müasir dünyanın özündə belə, "Divar" layihəsindən imtina etməyi heç kəs düşünmür. Əvvəllər bu, pis zarafat kimi qəbul olunurdusa, indi Rusiya ilə Ukraynanın sərhədində belə divarın peyda olma ehtimalı kifayət qədər yüksəkdir. Bunu Ukraynanın baş naziri Arseni Yasenyuk da təsdiqləyib. "The Times" isə Putinin bu işlə məşğul olacağını yazır. Qərb ekspertlərinin fikrincə, divarın inşası Ukraynaya sülh gətirə, Kiyevə iqtisadiyyatını bərpa etmək və Aİ-yə üzv olmaq şansı verə bilər. Onlar hesab edirlər ki, divar yalnız Putinin hakimiyyətdən gedişindən sonra sökülə bilər.
 

Beləliklə, Berlin divarını məhz kommunizmin ən iyrənc rəmzi saymaq, bəlkə də doğru deyil. Bunu iddia etmək inkvizisiya tonqallarının xristianlığın rəmzi olduğunu iddia etməyə bərabər olardı. Berlin divarı daha çox insan iztirabının, dünyanın "doğmalar"a və "yadlar"a bölünməsi kimi qədim instiktin rəmzi sayıla bilər. Axı Böyük Çin səddi də var idi. İsrail Fələstinlə sərhəddə uzunluğu 700 kilometrdən uzun olan "təhlükəsizlik divarı" tikmişdi. Hindistan isə eyni vasitə ilə Pakistandan "qorunurdu". Kipr adasının yunan və türk sakinləri bu yola əl atanlar sırasında idilər. Məşhur divar bu gün də Koreyanı iki hissəyə - Şimali və Cənubi Koreyaya ayırır. Qərbi Saxarada isə minalı ərazilərlə, tikanlı məftillərlə əhatə olunmuş Mərakeş divarı son dərəcə iyrənc və süni görünür. ABŞ-Meksika sərhədindəki müdafiə sistemi tikilisi haqda hər kəs məlumatlıdır - Meksika tərəfindən onu aşmağa çalışan xeyli insan dünyasını dəyişib. Şimali İrlandiyadakı divar isə katoliklərlə protestantları bir-birlərindən qoruyur.
 

Bu siyahını uzatmaq da olar, lakin heç də onların hamısı insanların sərbəst hərəkət azadlıqlarının pozulması üçün ucaldılmayıb. Divarların sökülməsi isə (əgər bu baş verəcəksə) heç də hər zaman Berlindəki kimi dinc şəraitdə baş tutmayacaq. Yəqin ki, bu çapıqların yeri Almaniyaya hələ də əziyyət verən çapıqla müqayisədə, daha dərin olacaq. Dünya hələ də "doğmalar"a və "yadlar"a bölünmüş haldadır.

"Region Plyus"