Bu da "arzu"nun sonu?

16 Noyabr 2014 20:57

Gürcüstanda yaşanmaqda olan növbəti hökumət böhranının əsl səbəbi nədir? 

Gürcüstan yeni siyasi böhran içərisindədir. Hakim "Gürcü arzusu" koalisiyası dağılıb, nəticədə, İrakli Qaribaşvilinin hökuməti ciddi sınaq qarşısında qalıb: onun nə qədər möhkəm olduğu yaxın vaxtlarda üzə çıxacaq.
 

Mixail Saakaşvilinin Gürcüstan prezidenti postundan getməsindən, təxminən, 1 il ötür. 2012-ci ildə keçirilmiş parlament seçkisində "Gürcü arzusu"nun inamlı qələbəsi sanki ölkə qarşısında sabit inkişaf, Avro-Atlantik məkana fəal inteqrasiya istiqaməti seçmiş siyasi sistemin möhkəmlənməsi perspektivlərini açmışdı. Tiflis ilə Avropa İttifaqı arasında bu yaxınlarda imzalanmış assosiativ üzvlüyə dair saziş isə ölkənin neoliberal inkişaf tendensiyasını bir daha təsdiqləyib. Bu tendensiyanın əsası Saakaşvili hakimiyyəti dövründə qoyulub və "Gürcü arzusu" koalisiyasının timsalında yeni rəhbərlik tərəfindən davam etdirilir. Lakin qəflətən ortaya çıxan hökumət böhranı, əslində, ilk mərhələdə milyarder, sabiq baş nazir Bidzina İvanişvilinin şəxsiyyəti ətrafında qurulmuş, daha sonra onun müvafiq olaraq prezidentliyə və baş nazirliyə namizəd irəli sürdüyü Georgi Marqvelaşvili və İrakli Qaribaşvili vasitəsilə güclənmiş siyasi düşərgədə heç də hər şeyin qaydasında olmadığını üzə çıxarıb.

Amma Gürcüstanın yeni hakimiyyət konfiqurasiyasında lap əvvəldən daha bir ciddi persona var idi. Söhbət İrakli Alasaniyadan gedir. Sanki o, rəhbərlik etdiyi "Bizim Gürcüstan - Azad Demokratlar" partiyası ilə hakim koalisiyaya öz oyununu oynamaq üçün qoşulmuşdu. Bu oyun isə heç də Bidzina İvanişvilinin ətrafının seçdiyi istiqamətlə üst-üstə düşmürdü.
 

Qaribaşvilinin başçılıq etdiyi kabinetin gözlənilmədən dağılmasına səbəb isə hökumətdə müdafiə naziri postunu tutan Alasaniyanın partiyasının hakim koalisiyadan çıxması oldu. Böhranın qızışmasına məhz Alasaniyanın rəhbərlik etdiyi nazirliyin əməkdaşlarına qarşı cinayət işinin qaldırılması yol açdı. Əvvəlcə, təxminən, 900 hərbçinin qidadan zəhərlənməsinə görə Müdafiə Nazirliyinin 6 əməkdaşına qarşı "səhlənkarlıq" ittihamı irəli sürüldü. Daha sonra Gürcüstan Baş Prokurorluğu nazirliyin 5 əməkdaşını "4 milyon laridən artıq (2,3 milyon dollar) dövlət vəsaitinin mənimsənilməsi" ittihamı ilə həbs etdi.
 

İrakli Alasaniya işçilərinin həbsinə kifayət qədər gözlənilməz reaksiya verdi. O, Baş Prokurorluğun hərəkətini "Müdafiə Nazirliyinə və ölkənin Avro-Atlantik məkan seçiminə hücum" kimi qiymətləndirdi. Onun istefasına məhz bu bəyanatı səbəb oldu. Hökumət başçısı İrakli Qaribaşvilinin sözlərinə görə, Alasaniyanın istefası haqda qərar onun Müdafiə Nazirliyinə korrupsiya halları ilə bağlı araşdırmaları siyasiləşdirmək cəhdi ilə bağlıdır.
 

"Mən müdafiə naziri İrakli Alasaniyanı istefaya göndərmək qərarına gəldim. Məqsədim Müdafiə Nazirliyinin özəlləşdirilməsinə, istintaqın işinə maneələrin yaradılmasına imkan verməməkdir", - deyə baş nazir qeyd edib. Bununla yanaşı, o, Alasaniyanın prokurorluğun fəaliyyətinin "Gürcüstanın Avro-Atlantika kursuna təhlükə yaratdığı" haqda iddialarını rədd edib. Qaribaşvili bildirib ki, bu kurs dəyişməz qalacaq. Ən əsası, hökumət başçısı Alasaniyanı sabotajda günahlandırıb: "Vəzifələrin nümayişkaranə şəkildə tərk edilməsi dövləti təhlükə qarşısında qoyur".

Baş nazirin narahatlığı əsassız deyil. İrakli Alasaniyanın istefaya göndərilməsindən sonra, onun partiyadaşları da vəzifələrindən könüllü şəkildə istefa veriblər. Söhbət Avropa və Avro-Atlantika strukturlarına inteqrasiya məsələləri üzrə nazir Aleksi Petriaşvilidən və xarici işlər naziri Maya Pancikidzedən gedir (yeri gəlmişkən, sonuncu İrakli Alasaniyanın həyat yoldaşının bacısıdır").
 

"Azad demokratlar"ın "Gürcü arzusu"nu tərk etməsi, faktiki olaraq, koalisiyanın iflası anlamına gəlir. İndi koalisiyanın yaradıcısı Bidzina İvanişvilinin tərəfdarları siyasi kurslarının həyata keçirilməsində parlamentdə çoxluğa arxalana bilməyəcəklər. Hakim koalisiya 10 deputatını itirib və indi onların 150 yerlik parlamentdə cəmi 73 səsi var. Parlamentin ilin sonunadək dövlət büdcəsini qəbul edə bilməyəcəyi təqdirdə, hökumət böhranı daha da dərinləşə bilər. Bu halda yeni hökumətin formalaşdırılması məsələsi gündəmə gələcək. Amma qüvvələr nisbətinin yeni halı ilə bu perspektivin iflasa uğrayacağını, nəticədə, prezident Marqvelaşvilinin parlamenti buraxmaq və növbədənkənar seçki elan etmək məcburiyyətində qalacağını istisna etmək olmaz.
 

Hazırkı böhran haqda tam təsəvvürə malik olmaq üçün İrakli Alasaniyanın prokurorluğa ünvanladığı ittihamların məzmununa diqqət yetirmək vacibdir. Müdafiə Nazirliyi əməkdaşlarının həbsinə reaksiyasında o, əslində, guya hüquq-mühafizə orqanlarının əsaslandığı iki motiv üzərində dayanıb. Birincisi, Alasaniya prokurorluğun əməllərinin "onun siyasi məhvinə cəhd" olduğunu bildirir. Eks-nazirin bu fikri birbaşa və ya dolayısı ilə onun Qaribaşvili kabinetində nazir postu tutmaqdan daha yüksək iddialarda olduğunu göstərir. Gürcü ekspertlərin fkrincə, Alasaniya həddindən artıq açıq şəkildə hakimiyyətə can atırdı. Şübhəsiz, onun iddiaları hakim Marqvelaşvili-Qaribaşvili tandeminə yaxşı məlum idi. Bəs "Azad demokratlar" liderinin hökumətin tərkibindən uzaqlaşdırılması, həqiqətənmi, bununla (və ya yalnız bununla) bağlıdır?
 

Bu suala cavab vermək üçün Alasaniyanın bəyanatındakı ikinci məqamı yaxşı araşdırmaq lazımdır. O, prokurorluğu keçmiş əməkdaşlarına qarşı cinayət işlərinin açılmasında təqsirləndirir. "Mən bu işləri planlaşdırmış şəxslərə deyə bilərəm ki, məni qorxudacaq və ölkəmin Avropaya inteqrasiyasından imtina etməyə məcbur edəcək heç nə ola bilməz", - deyə Alasaniya bildirib.
 

Alasaniyanın konkret nəyi nəzərdə tutduğunu anlamaq üçün onun karyerasına mərhələ-mərhələ nəzər salmaq kifayətdir. Alasaniya Gürcüstan xüsusi xidmət orqanlarının yetirməsidir. 1990-cı illərin sonlarında o, dövlət təhlükəsizlik orqanlarında önəmli postlar tutub, daha sonra Gürcüstanın Təhlükəsizlik Şurası katibinin müavini olub. 2005-2006-cı illərdə Gürcüstan prezidentinin Abxaziya münaqişəsinin həlli üzrə şəxsi nümayəndəsi, 2006-2008-ci illərdə Gürcüstanın BMT-dəki daimi nümayəndəsi vəzifələrində çalışıb. 2008-ci ilin sonlarında isə Alasaniya o zamankı prezident Mixail Saakaşvili ilə aralarında fikir ayrılıqlarının olduğunu əsas gətirərək, vəzifəsindən istefa verib. 2012-ci ilin yazında Alasaniyanın rəhbərlik etdiyi "Azad demokratlar" partiyası "Gürcü arzusu" koalisiyasına daxil olub. Elə həmin ilin oktyabrında o, Gürcüstanın müdafiə naziri postuna təyin olunub.

Alasaniya bütün bu illər ərzində özünü qərbpərəst siyasi kursun sadiq tərəfdarı kimi göstərməyə çalışıb. Bununla yanaşı, o, Birləşmiş Ştatlarla sıx əlaqələrə malik siyasətçi kimi tanınıb. Amma bu, Alasaniya ilə Qaribaşvili arasındakı münaqişənin əsasını həqiqətən baş nazirin ölkənin xarici siyasi kursunu dəyişmək niyyətinin təşkil etdiyini söyləmək üçün kifayətdirmi? Güman ki, yox. Sadəcə, sabiq müdafiə naziri məhz bu "təhlükə"yə istinad etməklə özünü növbəti dəfə Gürcüstanın ən qərbpərəst, amerikapərəst siyasətçisi kimi göstərməyə çalışır. Bu, Vaşinqtonla Brüsselə özünəməxsus siqnaldır. Bununla Alasaniya baş verənləri Gürcüstanın Qərbə inteqrasiya kursuna qarşı Rusiyanın həyata keçirdiyi qəsd kimi qələmə vermək istəyir. Sabiq müdafiə nazirinin Gürcüstanın bütün qərbpərəst qüvvələrini ətrafında birləşməyə çağırması eyni məqsədə qulluq edir.
 

Şübhəsiz, bu cür bəyanatların səslənməsi üçün müəyyən əsas var. Hər halda, Gürcüstanın hazırkı hökuməti Rusiya ilə qarşıdurmanı yumşaltmağa çalışır. Amma ilk olaraq İvanişvili tərəfindən atılmış, daha sonra Marqvelaşvili və Qaribaşvili tərəfindən davam etdirilən bu "rusiyapərəst" addımlar daha çox Moskva ilə real yaxınlaşmaya nail olmaq yox, praqmatik məqsədlər güdür. Üstəlik, hazırkı hökumətin Aİ ilə assosiativ üzvlüyə dair saziş imzalaması rəsmi Tiflisin Qərbə inteqrasiya kursuna sadiqliyini təsdiqləyib.
 

Bütün bunların fonunda Gürcüstanda yaşanan böhranın Qərb tərəfindən necə qəbul olunduğu maraq doğurur. Vaşinqton baş verənlərdən narahatlığını gizlətmir. ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki Gürcüstanın istefaya getmiş nazirlərin "öz ölkələri qarşısındakı xidmətləri"ni və "ABŞ-la tərəfdaşlıqlarını" yüksək qiymətləndirib. Ən başlıcası, Psaki Gürcüstan siyasətçilərini mövcud reallıqları nəzərə almağa çağırıb. "Regiondakı hazırkı qeyri-sabitlik və daxili iqtisadi problemlər fonunda sabitlik, birlik, qanuna və demokratik prinsiplərə sadiqlik nümayiş etdirilməlidir", - deyə Amerika rəsmisi qeyd edib.
 

Qərb, ilk növbədə isə ABŞ, əlbəttə ki, Cənubi Qafqazdakı ən yaxın müttəfiqi olan Gürcüstanın növbəti siyasi böhranın burulğanına düşməsindən məmnun deyil. İrakli Alasaniyaya gəlincə, deyəsən, o, Vaşinqton və Brüsselin Tiflisə ciddi təzyiqlər göstərəcəyinə ümidlidir. O, ümid edir ki, Avro-Atlantik mərkəzlər Gürcüstanın "ən qərbpərəst siyasətçisi"nin təqib olunmasına imkan verməyəcəklər.

İstənilən halda, Gürcüstan yenidən sərt daxili siyasi qarşıdurma atmosferinə düşə bilər. İndi Gürcüstanda dövlət idarəçiliyinin effektivliyi təhlükə altına düşüb. Ölkə ictimaiyyətinin böyük bir hissəsinin ümidlərini bağladığı "Gürcü arzusu" koalisiyasının bu günədək əsas hədəfi isə məhz effektiv dövlət idarəçiliyi idi.

"Region Plyus"