Rusiya Orta Asiyaya təcavüz üçün bəhanə axtarır?

15 Noyabr 2014 20:38
Yaxın Şərqdə vəziyyətin gərginləşməsi və bu müstəvidə İraq Şam İslam Dövləti (İŞİD) silahlılarının bölgədə ABŞ, İran və digər dövlətlər üçün ciddi təhlükəyə çevrilməsi Rusiyada da özünəməxsus şəkildə əks-səda verməkdədir.

Belə ki, ABŞ və müttəfiqlərinin bölgədəki maraqlarını qorumaq üçün İŞİD-ə qarşı yeni cəbhə açması Rusiyanı da hərəkətə gətirib. Bu müstəvidə Rusiya Orta Asiyada İŞİD təhlükəsi barədə hay-küy qaldırıb. Rusiyanın bəzi rəsmilərinin fikrincə, İŞİD-in tərkibində Orta Asiyadan çıxanların döyüşməsi gələcəkdə Yaxın Şərq hadisələrinin Orta Asiyaya sıçramasına və regionda islam dövlətinin qurulmasına gətirib çıxara bilər. Bu isə guya Rusiyanın təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid edərək, bölgədə qanlı qarşıdurmalara yol açacaq. Rusiyanın əksər rəsmiləri belə bir təhlükənin qarşısını öncədən almaq məqsədi ilə qabaqlayıcı addımlar atılmasının vacibliyini dönə-dönə vurğulayırlar. Qabaqlayıcı addımlar atılması dedikdə isə, Rusiyanın Orta Asiyaya islam dövləti təhlükəsi adı altında təcavüzünün nəzərdə tutulması ehtimal edilir. Hər halda bəzi Rusiya rəsmilərinin məsələ ilə bağlı açıqlamalarını başqa cür başa düşmək mümkün deyil. Yenə də buna əsas kimi İŞİD-də döyüşən Orta Asiyadan olanların geriyə, vətənə qayıdandan sonra bölgədə islam dövləti quracaqları xülyası önə çıxarılır. Məsələn, Rusiya Federasiyası (RF) Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev Orta Asiyada islam dövləti təhlükəsini şişirdərək İŞİD-ın bu yolla gələcəkdə Rusiyanı hədəfə alacağını iddia edir. O deyir ki, Rusiya belə bir təhlükənin aradan qaldırılmasına indidən hazır olmalıdır. Nikolay Patruşev hələ bir neçə ay bundan əvvəl, bu ilin sentyabr ayının 26-də Moskvada MDB-yə üzv ölkələrin təhlükəsizlik şuraları katiblərinin 2-ci görüşünü açarkən: "Bizi narahat edən İŞİD-in tərkibində vuruşan Orta Asiyadan çıxanların olmasıdır. Onlar geriyə, vətənə qayıdandan sonra öz ölkələri üçün ciddi təhlükə mənbəyinə çevriləcəklər", - demişdi.

Patruşev eyni zamanda İŞİD sıralarında vuruşanların bölgədə islam dövləti yaratmaq niyyətinə düşəcəkləri barədə özünəməxsus şəkildə xəbərdarlıq edib. Patruşev belə hesab edir ki, Rusiya buna göz yuma bilməz.

Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin fikrincə, ölkəsi onu gözləyən yeni təhlükə ocağını yerində söndürməli, onun alovlarının yayılmasına imkan verməməlidir. Yenə də Patruşevin Orta Asiyada islam dövləti təhlükəsini şişirtməsini təsadüfi hesab etmək olmaz. Çox ehtimal ki, onun açıqlamasının arxasında uzaqagedən planlar dayanır. Bu müstəvidə də Rusiyanın vəziyyətdən istifadə edərək əlverişli imkan yaranacağı təqdirdə, islam dövləti təhlükəsi altında bölgəyə təcavüzü ehtimalı gündəmə gəlir. Hər halda Rusiyanın Orta Asiyada islam dövlətinin qurulması təhlükəsi adı altında ajiotaj yaratmağa çalışması heç də bölgə dövlətlərinin təhlükəsizliyini düşünməkdən irəli gəlmir. Xatırladaq ki, İŞİD təhlükəsi meydana çıxmazdan əvvəl Moskva Orta Asiyanı "Taliban" təhlükəsi ilə qorxudaraq NATO güclərinin Əfqanıstandan çıxarılmasından sonra onların Özbəkistana və Türkmənistana hücum edə biləcəkləri barədə "xəbərdarlıq" təbili çalırdı. Nəticədə Rusiyanın təsiri altında Özbəkistan "Taliban" təhlükəsinə qarşı Moskva ilə qarşılıqlı hərbi yardım barədə anlaşma imzalamağa məcbur oldu.

Belə başa düşmək olar ki, indi də Rusiya Orta Asiyada İŞİD "təhlükəsi" kartını işə salmaqla gələcəkdə bölgəyə hərbi təcavüz üçün zəmin hazırlayır. Bəzi Rusiya yüksək səviyyəli rəsmilərinin İŞİD təhlükəsi adı altında qaldırdığı ajiotaj nəinki Rusiya daxilindəki, həm də xarici ölkələrdəki rusdilli mətbuatın da "sevimli" mövzularından birinə çevrilib. Məsələn, Kanadadakı rusdilli mətbuatın təhlükəsizlik və terror məsələləri üzrə "ekspert"i Rafal Roqozinski Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq konfransda iddia edib ki, İŞİD-in tərkibində Orta Asiyadan çıxan 4000 nəfər könüllü vuruşur. O bu insanların geriyə, öz ölkələrinə qayıdandan sonra real təhlükəyə çevriləcəklərini söyləyib. Onun bu "açıqlaması" Rusiya mətbuatında geniş işıqlandırıldı.

Amma iş Roqozinskinin məlum açıqlaması ilə bitmədi. Bu ilin oktyabr ayının 21-də rusiyalı şərhçi Aleksandr Sobyanin "Nezavisimoya qazeta"ya verdiyi müsahübəsində ABŞ-ın İŞİD-in əli ilə Orta Asiyada təxribata əl atacağını, sonra isə onlara qarşı mübarizə adı altında bölgəyə hərbi qüvvə yeridəcəyini söyləyib. Halbuki hadisələrin gedişi əslində Rusiyanın İŞİD kartından Orta Asiyaya hərbi qüvvə yeritmək üçün istifadə etmək niyyətində olduğunu ehtimal etməyə imkan verir. Bunun üçün real əsas da var. Belə ki, Rusiya Tacikistan və Qırğızıstanda hərbi bazalara malikdir. Bu hərbi bazalardan isə Rusiya istənilən vaxt digər bölgə ölkələrinə qarşı təcavüz niyyəti ilə istifadə edə bilmək imkanlarına malikdir. Bunu Rusiya parlamentarisi, Yaxın Şərq və Orta Asiyanın Tədqiqi Mərkəzinin direktoru erməni Semyon Baqdasarovun açıqlaması da sübut edir. Baqdasarovun sözlərinə görə, Rusiya özünə cənubdan gələn təhlükənin qarşısını almaq üçün Tacikistan, Türkmənistan və Özbəkistanın Əfqanıstanla sərhədini nəzarət altına almalıdır. Bunu isə Baqdasarovun Rusiya rəhbərliyini Orta Asiya dövlətlərinə qarşı təcavüzə çağırması kimi dəyərləndirmək olar. Baqdasarov "Vesti FM" radiostansiyasına verdiyi müsahibəsində İŞİD tərəfdarlarının Türkmənistanda və Özbəkistanda hakimiyyəti dəyişdirəcəklərini və bu məqsədlə qüvvələrini birləşdirdiklərini deyib. Amma Türkmənistanda İŞİD sıralarında vuruşanların barmaqla sayıla biləcək qədər az olduğunu və üstəlik, bu ölkədə, ümumiyyətlə, dini, radikal ekstremizmin olmadığını nəzərə alanda Baqdasarovun son açıqlaması adıçəkilən ölkələrə qarşı təxribat hesab edilə bilər. Baqdasarovun dediklərini başqa formada təkrarlayan MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja isə sentyabr ayının sonlarında islamçı güclərin Orta Asiyada gizli ekstremist dövlət qurmağa cəhd etdiklərini idida edib. O, Özbəkistan və Türkmənistanda Rusiya hərbi qüvvələrinin olmadığını təəssüf hissi ilə qeyd edərək, onları Rusiya ilə hərbi əməkdaşlığı genişləndirməyə ( öz ərazilərində Rusiya hərbçilərini yerləşdirməyə razılıq verməyə Ə.M) çağırıb. Rusiyanın islam dövləti təhlükəsi altında bölgədə oynadığı oyunlara diqqəti cəlb edən tacik ekspert Raxmonali Mirzoyev isə yazıb ki, əslində radikal islamçılar deyil, Rusiya bölgə ölkələri üçün daha böyük təhlükəyə çevrilib. Əslində o haqlıdır, Rusiya bölgəyə yenidən qayıtmaq üçün əlverişli imkan axtarır. Buna Moskvanın nail olub-olmayacağını isə gələcək göstərəcək.

"Zaman Azərbaycan"