Apple tədqiqat mərkəzi açır

16 Noyabr 2014 19:02
ABŞ-ın "Apple" şirkəti yaxın vaxtlarda Böyük Britaniyada tədqiqat və işləmələr mərkəzi (R&D centers) açmağı planlaşdırır. Bu barədə "Business Weekly" nəşri məlumat verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin yeni ofisləri Kembricdə "Sony", "Microsoft", "ARM" və "Broadcom" nümayəndəliklərinin yaxınlığında yerləşəcək.

ABŞ şirkətinin yerləşəcəyi bina üçmərtəbəli olmaqla 9030 kvadrat fut ərazini əhatə edəcək.

Hazırda "Apple" nümayəndəliyinin nə ilə məşğul olacağı barədə məlumat olmasa da, burada 20 nəfərin çalışacağı bildirilir. Növbəti ildə əməkdaşların 40 nəfərədək artacağı gözlənilir.

ABŞ istehsalçısının İsrail, Çin və Tayvanda tədqiqat və işləmələr mərkəzi fəaliyyət göstərir. Qeyd olunur ki, Böyük Britaniyada nümayəndəliyin açılmasının təşəbbüskarı kimi şirkət özü çıxış edib.

Milli.Az