Evlər yoxlanıldı

10 Noyabr 2014 19:57

Cənub Regional DYNİ-nin keçirdiyi reyd zamanı bir sıra nöqsanlar aşkar edilib

Soyuq havalarda təbii qaza olan tələbat artır. Çox təəssüf ki, bu zaman bədbəxt hadisələrin də baş verməsi faktları da qaçınılmazdır. Milli.Az CTV-yə istinadən xəbər verir ki, hər zaman öz aktuallığı ilə gündəmdə olan belə problemlərin qarşısının alınması üçün Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Mənzil kommunal müəssisələri İdarəsinin əməkdaşları ilə birgə növbəti reyd həyata keçirib.

FHN əməkdaşları monitorinqə bu dəfə şəhər mərkəzində olan mənzillərdən başlayıb. Mənzil sakinləri təhlükəsizlik tədbirləri ilə bağlı tez-tez təlimatlandırılsa da, bu dəfəki monitorinqlər zamanı da bir sıra nöqsanlar aşkar edilib. FHN-in Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin böyük inspektoru Elvin Şıxəliyev CTV-yə müsahibəsində bildirib ki, bu günə qədər Lənkərandakı 127 yaşayış binasından 40-da artıq yanğına qarşı reydlər keçirilib. 950 mənzildə sakinlər yanğına qarşı təlimatlandırılıblar. Böyük inspektor əlavə edib ki, reydlər hər həftənin 3-cü və 6-cı günləri keçirilir.

Aşkar olunan nöqsanlar barədə yerli icra hakimlərinə, aidiyyəti qurumlara idarə tərəfindən məktublar göndərilir ki, bu kimi hallar aradan qaldırılsın. Məlumat üçün bildirək ki, mütəxəssislər əhaliyə mağazalarda satılan standartlara uyğun, sertifikatı olan qızdırıcılar almalarını tövsiyə edir.

Milli.Az