MTV Avropanın ən yaxşılarını seçdi - FOTO

10 Noyabr 2014 09:35

Dünyanın ən populyar musiqi telekanalı MTV-nin təsis etdiyi "MTV Europe Music Awards 2014" mükafatlarının təqdimat mərasimi olub.

Avropanın ən nüfuzlu və məşhur musiqi olayı Qlazqo şəhərindəki "SSE Hydro" arenasında keçirilib.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, Britaniyanın "One Direction" pop-qrupu mərasimin triumfatoru olub. Qrup 3 nominasiyada qalib gəlib.

"One Direction" qrupu "Ən yaxşı pop-qrup", "Ən yaxşı konsert çıxışı" və "Ən yaxşı fanatlar" nominasiyalarında bütün rəqibləri geridə qoyub. Kanadalı Castin Biber "Ən yaxşı kişi müğənni", Ariana Qrande isə "Ən yaxşı qadın müğənni" seçilib.
 

Ariananın "Problem" mahnısı "İlin mahnısı" nominasiyasında qalib gəlib.
 

"Ən yaxşı rok-qrup" nominasiyasında "Linkin Park" qrupu, "İlin videosu" nominasiyasında isə Keti Perrinin "Dark Horse" klipi qalib sayılıb. K.Perri "Ən yaxşı obraz" mükafatını da alıb.
 

MTV MTA mərasiminin aparıcısı olan reper Niki Minaj "Hip-hop layihələr" kateqoriyasında mükafata layiq bilinib.
 

"30 Seconds to Mars" qrupu "İlin ən yaxşı alternativ qrupu", Kelvin Harris "İlin ən yaxşı elektron musiqi ifaçısı" nominasiyalarının qalibi olub. Roker Ozzi Osborn isə "Dünya ikonası" nominasiyasında xüsusi mükafat alıb.
 

1994-cü ildə əsası qoyulmuş MTV EMA mükafatlarının təqdimat mərasimi hər il Avropanın bir iri şəhərində keçirilir.
 

Gələn il MTV EMA mükafatlarının təqdimat mərasimi İtaliyanın Milan şəhərində keçiriləcək.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.