500 milyon dollarlıq hədiyyə - FOTO
8 Noyabr 2014 18:39
Amerikalı mesenat Cerri Perençio Los-Anceles incəsənət muzeyinə (Los Angeles County Museum of Art) impressionistlərin 500 milyon dollar məbləğində qiymətləndirilən 47 sənət əsərini bağışlamaq barədə qərarını açıqlayıb.
Anspress-in buro247.az-a istinadən verdiyi məlumata görə, muzey rəhbərliyi bu kolleksiyada Klod Mone, Edqar Deqa, Eduard Mane, Pablo Pikasso və Kamilya Pissarro kimi məşhur sənətkarların əsərlərinin olduğunu bildirib. 83 yaşlı C.Perençio Los-Ancelesdə 70 il yaşadığını və ailəsinin şəhərə edilən bu hədiyyə görə qürur duyduğunu qeyd edib.
Mesenatın vəsiyyətinə əsasən, Los-Ancelesin Bel-Eyr rayonundakı malikanəsində saxlanılan rəsm əsərləri və heykəllərdən ibarət kolleksiya onun ölümündən sonra muzeyə təmənnasız olaraq veriləcək. Bunun üçün C.Perençio rəhbərlik qarşısında muzeyin 2023-cü ilə planlaşdırılan yeni binasının tikintisini başa çatdırmaq tələbini qoyub.
Qeyd edək ki, Perençio karyerasına Hollivudda istedadlı aktyorları üzə çıxarmaqla məşğul olan agent kimi başlayıb. Sonradan ABŞ-da ən iri ispan dilli Univision kompaniyasının ortaqlarından biri olub. Hazırda onun kompaniyadakı 16 faizlik payı 1,3 milyard dollar həcmində qiymətləndirilir.
Milli.Az
Böyütmək üçün şəklə klikləyin.
