Yeni həyat: texnologiyalardan incəsənətə

8 Noyabr 2014 16:01
Bu il Azərbaycanda İKT sahəsinin bütün peşəkar və həvəskarlarının səbirsizliklə gözlədikləri Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları ("Bakutel") sərgisi öz uğurlu fəaliyyətinin 20-ci yubileyini qeyd edir. Yubileylə əlaqədar olaraq bir neçə tədbirin keçirilməsi planlaşdırılmışdır. Bu tədbirlərdən biri - "Yeni həyat: texnologiyalardan incəsənətə" adlı tədbir noyabr ayının 8-də saat 12:00-da Yüksək
Texnologiyalar Parkında ("High Tech Park") keçirilmişdir.

Tədbir iştirakçıları arasında "April UV", "Aztelekom", "AZV", "BestComp Group", "Caspian Navtel", "Connect", "Cybernet", "Delta Telecom", "Eurodesign", "Globtel Solutions", "HA Plus", "High Tech Park", "HP", "Katv", "Microsoft", "Schneider Electric", "Smart Communications", "Smart Systems Technology", "Teleradio", "Ultra", "Vitta" və digər şirkətlər var idi. Sərginin daimi iştirakçılarının yubiley münasibəti ilə sərgiyə qədər görüşmələri artıq bir ənənəyə çevrilib və bu dəfə "Bakutel" sərgisinin iştirakçıları öz övladları ilə birlikdə kompüter detallarından sərginin yubiley loqosunu
hazırlamışdılar.

2-5 dekabr tarixində isə Bakı Ekspo Mərkəzində keçiriləcək "Bakutel" sərgisinin bütün ziyarətçiləri bu dekorativ yubiley loqosunundan zövq ala biləcəklər.

Builki "Bakutel" sərgisində 40%-i daimi iştirakçı olmaqla, 250-dən artıq şirkət iştirak edəcək. Bir sıra ölkələrin milli stendləri kompleksin ikinci zalında yerləşdiriləcəkdir. Həmçinin, İKT üzrə ən son qlobal təmayüllərin, eləcə də Azərbaycanda İKT sahəsinin inkişaf perspektivlərinin müzakirəsinə həsr olunmuş geniş işgüzar proqram da planlaşdırılmışdır. Beləliklə, "Bakutel" sərgisi çərçivəsində "Əşyalar İnterneti" mövzusunda konfrans və "e-Gov 3.0: innovativ çağırışlar, müasir trendlər və yeni imkanlar"" adlı beynəlxalq forumu keçiriləcək.

Sərgi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iştirakı və fəal dəstəyi ilə keçirilir. "Bakutel-2014" sərgisinin baş sponsoru "İntel" şirkətidir. Sərginin digər sponsorları arasında "Eurodesign" (Azərbaycan) və "Tecnotree" şirkətləri də var. Sərginin iştirakçıları qismində isə "Iteca Caspian", "Caspian Event Organisers" və "ITE Group Plc" şirkətləri çıxış edirlər.