Ermənistan dünyanın ən bədbəxt ölkələri sırasında

5 Noyabr 2014 18:05

Azərbaycanın təkcə sosial xərcləri Ermənistanın dövlət büdcəsindən 3 dəfə çoxdur

Artıq bir neçə gündür ki, Ermənistan parlamentində 2015-ci il üzrə "Dövlət büdcəsi haqqında qanun layihəsi" müzakirə olunur. Gələn ilin büdcə layihəsində gəlirlərin 2 milyard 890 milyon dollar, xərclərin isə 3 milyard 169 milyon dollar olacağı nəzərdə tutulub. Büdcə kəsiri isə 278,5 milyon dollar olacağı planlaşdırılır. Bu rəqəmlər isə o deməkdir ki, ölkə əvvəlki kimi yoxsulluq və iqtisadi çətinliklər içində çabalamaqda davam edəcək. Təsadüfi deyil ki, ötən gün açıqlanan hesabatların birində Ermənistan dünyanın ən bədbəxt ölkələr siyahısında 10-cu yerdə göstərilib.

Bu barədə ABŞ-ın "Cato İnstitute" mərkəzinin hazırladığı araşdırmada bildirilib. Məlumata əsasən hesabat inflyasiyanın və işsizlik səviyyəsinin aşağı salınması, kredit qoyuluşlarına və digər göstəricilərə görə müəyyənləşdirilib. Reytinqdə 109 ölkənin adı göstərilib. Bədbəxtlər siyahısında ilk dördlüyə bu ölkələr daxildir: "Suriya, Venesuela, Sudan və İran. Əksər ekspertlər qeyd edir ki, 2014-cü ildə Ermənistanda iqtisadiyyatın geriləməsi müşahidə edilib və bunun iki başlıca səbəbi var: daxili və xarici faktorlar. Daxili faktorlardan danışarkən, ekspertlər qeyd edir ki, iqtisadi geriləməyə səbəb ölkədə biznes mühitinin acınacaqlı durumda olmasıdır. Xarici faktorlara gəlincə, bu Ermənistanla tərəfdaş ölkələrdə iqtisadi tənəzzülün yaşanması ilə izah edilir. "Doing business" reytinqində Ermənistan 48-ci yerdə olsa da, bəzi iqtisadi göstəricilərinə görə 100-cü pillədən də aşağıda qərarlaşıb. Bir müddət əvvəl erməni rəsmilər bildirirdilər ki, dövlət büdcəsini 100 milyard drama çatdırılacaqlar. Lakin bu baş vermədi. Səbəb isə bəllidir - Ermənistan işğalçı siyasəti ilə özünü regiondakı iri iqtisadi layihələrdən təcrid vəziyyətə salıb. Ölkə ümidini Rusiyadan daxil olan transferlərə tikib. Qərbin sanksiyaları və rublun kursunun durmadan aşağı düşməsini nəzərə alsaq, bu daxilolmaların da azalmaqda davam edəcəyi gözlənilir. Belə olan halda inkişafdan və iqtisadi tərəqqidən danışmağa dəyməz.

Ermənistanın "Ameriya" konsaltinq kompaniyasının araşdırmaları da acınacaqlı rəqəmlər ortaya qoyur. "Ameriya"nın direktoru Tiqran Carbaşyan deyib ki, araşdırmalar ötən illə müqayisədə orta və kiçik biznes mühitində ciddi geriləmə olduğunu təsdiqləyib. "Əyalətlərdə isə vəziyyət daha fəlakətlidir. Biznes adamları vəziyyətin ağırlığı səbəbindən fəaliyyətlərinin dayandırmağa məcbur olublar. Böyük bir qisim isə müflis olub. Əyalətlərdəki bu vəziyyət isə əhalinin ölkəni tərk etmək tempinin artırıb". Onun sözlərinə görə, hökumətin sahibkarlara dramla verdiyi kreditlərin faizi orta hesabla 18,5 faiz, dollarla isə 14,5 faiz təşkil edir. Ermənistanda büdcə ilə bağlı vəziyyətin nə qədər ağır olduğunu parlament müzakirələri də ortaya çıxarıb. Hökumətin dövlət büdcəsindən maliyyələşən bir sıra sahələrdə büdcəni ixtisar etmək niyyəti ciddi etirazlarla qarşılanıb. Ermənistanın ombudsmanı Karen Andreasyan parlament komissiyasının iclasında deyib ki, əgər hökumət vəd etdiyi maliyyəni verməsə, onun rəhbərlik etdiyi qurumun yerli ofisləri fəaliyyətini dayandıracaq. Onun sözlərinə görə, Ombudsman Aparatına ayrılan vəsait artırılmalıdır.
Yeri gəlmişkən, Ermənistanın dövlət borcu hazırda 1 trilyon 752,966 erməni dramına bərabərdir. Bu məbləğin 233,273 milyard dramı daxili, 1 trilyon 519,693 milyard dramı və ya 3 milyard 740,783 milyon dolları isə xarici borcdur. Ermənistan Maliyyə Nazirliyinin ilin əvvəlində yaydığı ilkin hesabata görə, həmin borcların 37,5 faizi Ermənistanın Dünya Bankına, 33,2 faizi Beynəlxalq İnkişaf Assosiasiyasına, 23,2 faizi Beynəlxalq Valyuta Fonduna, 4,6 faizi Asiya İnkişaf Bankına, 4,2 faizi isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına olan borclardır.

Hesablamalara əsasən, Ermənistanın indiki daxili və xarici borclarının tam ödənməsi üçün Sarkisyan iqtidarı köklü islahatlar apararaq məmur özbaşınalığı, korrupsiya, haqsız rəqabət, kiçik və orta sahibkarlığa qarşı aparılan total terrora son qoymayacağı təqdirdə ən azı 16 il sərf etməlidir. Ümumiyyətlə, araşdırmalar göstərir ki, Ermənistanda iqtisadiyyatın ifrat mərkəzləşdirilməsi, bütün resursların hakimiyyətdəki ailə ilə oliqarxların əlində cəmləşməsi, vergilərin qarətə çevrilməsi nəticəsində bu ölkədə ağır bir situasiya formalaşıb. Bundan xilas olmaq üçün isə sadə vətəndaşlar xaricə qaçmağa üstünlük verirlər. Aparılan sorğulardan məlum olub ki, əhalinin 80 faizi yaşayış səviyyəsindən narazıdır. Respondentlərin 20 faizi ölkəni tərk etmək istədiyini bildirib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının ekspertləri hesabatlarında vurğulayırlar ki, Ermənistanda hökumət idarəetməsi dünyanın ən geridə qalmış, yoxsul dövlətlərindən ciddi fərqlənmir. Belə ki, Ermənistanda da əhalinin təxminən 64 faizi yoxsulluq səviyyəsində, 26 faizi isə həmin səviyyədən də aşağı, yəni səfil kökündə yaşayır.

Müqayisə üçün bildirək ki, Azərbaycanın təkcə sosial xərcləri Ermənistanın dövlət büdcəsindən 3 dəfə çoxdur. Ekspertlər hesablayır ki, Azərbaycanın gəlirləri 2015-ci ildə 3,4 faiz artacaq. Gəlirlərin artması fonunda Azərbaycan regionda həm büdcə gəlirləri, həm də iqtisadi gücünə görə aparıcılığını qoruya biləcək. Azərbaycan dövlət büdcəsi 2015-ci ildə 25 milyard dollar olacaq. Bu da Ermənistanın dövlət büdcəsindən 10 dəfə çoxdur. Gəlirlərin artması fonunda Azərbaycan regionda liderliyini qoruyacaq. Azərbaycanın sosial xərcləri 2015-ci ildə 7,7 milyard dollar olacaq. Bu isə Ermənistanın ümumi dövlət büdcəsindən 3 dəfə çoxdur. Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 78 faizinə sahibdir. 2013-cü ildə Ermənistanda ÜDM 10 milyard dollar göstərilsə də, real göstəricilər 8 milyard olduğunu üzə çıxarır. Ümumi götürdükdə isə Azərbaycan iqtisadiyyatı Ermənistan və Gürcüstan iqtisadiyyatının cəmindən böyükdür. Qeyd etmək yerinə düşər ki, Azərbaycan xarici borcu ilə ÜDM həcminə görə MDB ölkələri arasında ən yaxşı göstəriciyə malikdir. Ümumilikdə isə deyə bilərik ki, artıq hər ötən il Azərbaycan iqtisadiyyatı ilə Ermənistan iqtisadiyyatı arasında bu fərqlər o qədər böyüyür ki, artıq müqayisəyə gəlmir.

Kaspi.az