6 şirkət 80 faizə nəzarət edir

5 Noyabr 2014 22:22
Qlobal mobil kompüter bazarının çox hissəsinə altı aparıcı istehsalçı nəzarət edir. Bu şirkətlər növbəti ildə öz mövqelərini möhkəmləndirəcəklər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Digitimes Research tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2014-cü ildə Hewlett-Packard (HP), Lenovo, Dell, Apple, Acer və ASUSTeK Computer noutbuk tədarükünün 80%-nə nəzarət edəcəklər, növbəti il bu göstərici 81,7%-dək artacaq. Amma bu sadalanan şirkətlərdən yalnız Lenovo və ASUS noutbukların tədarükündə yüksək artım tempi nümayiş etdirəcək.

Analitiklər bildirir ki, Lenovo bazarda lider mövqe tutmağa imkan verən öz aqressiv strategiyasını saxlayacaq.

Ekspertlərin proqnozuna görə, 2015-ci ildə HP, Dell və Apple brendlərinə məxsus noutbukların ümumi tədarükü bir az azalacaq. Bununla belə, HP, Dell və Apple qlobal portativ kompüter bazarının 40%-nə sahiblənə bilər.

Digitimes Researchin analitikləri hesab edir ki, 2015-ci ilin nəticəsinə görə, qlobal noutbuk bazarının həcmi 168 milyon olacaq ki, bu da ötən illə müqayisədə 1,7% azdır. 2014-cü ildə 2,1% həcmində azalma gözlənilir. Analitiklərin proqnozuna görə, mənfi dinamika 2018-ci ilədək saxlanıla bilər.

Milli.Az