Hər Hacının öz "kruqu" var və...

5 Noyabr 2014 21:14
Hər bir ölkənin, hər bir cəmiyyətin dini kəsiminin özünəməxsus xüsusiyyətləri var. Amma bənzər cəhətləri də var ki, onlardan biri də, dindarların müxtəlif dəstələrə, bir-birindən fərqlənən qruplara, camaatlara bölünməsidir.

Bu, demək olar ki, bütün müsəlman ölkələrinin dini çevrələrinə xas olan bir haldır. Elə Azərbaycanımızda da müsəlman dindarlar "Azərbaycan dindarları" kimi deyil, ayrı-ayrı məscidlərin, hüseyniyyələrin, təşkilatların, heyətlərin, bir sözlə, fərqli qrupların təmsilçiləri kimi görünürlər. Bu, onların təkcə dini fəaliyyətlərində deyil, həm də ictimai həyatında da özünü göstərir. Kimlərlə oturub-durmaqdan tutmuş, az qala hansı dükandan alış-veriş etməyə qədər. Hər bir dəstənin də adətən öz öndəri, dini-mənəvi ustadı, öz "Hacısı" olur.

Ümumilikdə, belə bir halın olmasında qeyri-adi bir şey yoxdur. Hər bir insan istənilən məsələdə öz düşüncəsinə, dünyagörüşünə, mənəvi tələbinə, zövqünə uyğun olan şəxslərin əhatəsində olmaq istəyir. Toplumdakı insanlar, o cümlədən də dindarlar bu kimi xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. Odur ki, dini kəsimin vahid bir zümrə kimi deyil, dəstələr, qruplar şəkilində olması tam başadüşüləndir. Amma məsələ bununla da bitmir...

Dini mühiti müşahidə etdikdə şahidi oluruq ki, sözügedən dəstələr, camaatlar arasında qarşılıqlı münasibətlər əksər hallarda heç də ürəkaçan deyil. Hətta problemlidir desək, daha doğru olar. Yəni kənardan görünən mənzərə belədir: hər Hacının öz "kruqu" var və bu "kruqlar" yola getmir.

Bəs bunun səbəbi nədədir? Axı din insanları bir-birindən uzaq salmaq, bir-birinə qarşı qoymaq üçün deyil, onlar arasında yaxınlıq yaratmaq, qəlbləri bir-birinə doğmalaşdırmaq üçün gəlib. Bəs nə üçün dindarların bir-birilə münasibətləri dinin mənəvi tələblərilə uzlaşmır?

Bu məsələ artıq yalnız dini məsələ olmaqdan çıxır, sosial-psixoloji müstəviyə keçir. Belə ki, "kruqlar" arasında olan münasibətlər rəqabət xarakteri daşıyır. Bu, əksər hallarda həmin qrupların cəmiyyətdəki öndərlik iddiasından irəli gəlir. Hər qrup öz "kruqunun" liderini Azərbaycan dini kəsiminin rəhbəri kimi görmək istəyir. Hər bir vəchlə onu böyütməyə, digərlərini "onun kölgəsində qoymağa" çalışır. Bir sıra hallarda oyun qaydaları ciddi rəqiblərin çəkişməsi həddinə çatır. Doğrudur, bu, dini liderlərin özləri arasında deyil, onların "müridləri" arasında baş verir. Artıq cəmiyyətdə din təbliğatı ilə məşğul olan həmin "müridlər" insanları ümumiyyətlə İslama deyil, konkret olaraq öz "kruqlarına" gətirməyə çalışırlar. Bu rəqabət mühiti həmin qrupların cəmiyyətdəki fəaliyyətini aktivləşdirir, sanki bir stimul verir.

Doğrudur, cəmiyyətdə rəqabət hər zaman inkişafa təkan verir. Amma dini qruplar arasında bu rəqabətin kəskin hal alması, dindarları bir-birindən mənən uzaqlaşdırması və ictimai mühitdə parçalanmaya sövq etməsi artıq inkişafdan deyil, bir böhrandan xəbər verir. Dini mühit böhran yaşayır. Bu böhranın çözülməsi isə bilavasitə həmin qrupların özündən, xüsusən də söz sahibi olan liderlərindən asılıdır.

İslam.az