Əməkdar artistdən jurnalistə hörmətsizlik

5 Noyabr 2014 16:34
Milli.Az bildirir ki, ANS-in efirində Ulvira Qarayevanın aparıcılığı ilə yayımlanan "Evdəyik" verilişinin çəkilişində Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Vəfa Zeynalova ilə publika.az-ın əməkdaşı İntiqam Valehoğlu arasında gərgin anlar yaşanıb.
 
Jurnalistin bir müddət öncə yazdığı yazıya etiraz edən aktrisa ona qarşı sərt ifadələr işlətməkdən çəkinməyib. Jurnalistlə aktrisanın "söz atışması" verilişin digər qonaqları, əməkdar artist Əjdər Həmidov, tanınmış aktyor Anar Heybətov və verilişin aparıcısı Ulvira Qarayevanın müdaxiləsindən sonra sakitləşib.
 
İntiqam Valehoğlu baş verənlərlə bağlı bunları deyib:

"Təxminən iki ay öncə Vəfa xanıma zəng vurub müsahibə almaq istədiyimi dedim. O isə bildirdi ki, mətbuata müsahibə vermək istəmir. Elə verilişdə də bu cür dedi. Təbii ki, bu ayrı-seçkilikdir. Necə ola bilər ki, adam efirə çıxır, amma mətbuata müsahibə vermir? Mən də bununla bağlı bir yazı yazdım... Əjdər Həmidovla söhbət edirdik. Birdən Vəfa Zeynalova lazımsız və dəxilsiz müdaxilə etdi, emosional danışmağa başladı. Təbii ki, qadın olduğunu nəzərə alıb, ona danışdığı tərzdə cavab vermədim. Bütün hallarda əməkdar artist fəxri adını daşıyan şəxsə bu cür davranış yaraşmır".

Milli.Az