"Guya mən acından ölürəm, pul tapmıram ki, televiziyaya gedəm"

5 Noyabr 2014 16:26

"Mənə qarşı olan təxribatın kökündə paxıllıq və mərdimazarlıq dayanır"

Milli.Az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında klarnet ifaçısı, əməkdar artist Vaqif Mirzəyev deyib.

Qarşılaşdığı olaydan sonra saatlarla dərman içdiyini deyən sənətkar hələ də özünə gələ bilməyib: "Qan təzyiqim 300-ə qalxıb. Ürək dərmanı içirəm. Ailəm bərk narahat olub, çünki ölə də bilərdim. Mənim üçün çox şayiələr demişdilər. Amma daha beləsi olmamışdı. Guya mən acından ölürəm, pul tapmıram ki, televiziyaya gedəm. Bu boyda da şayiə olar? Öz reytinqlərinə görə mənim kimi bir sənətkarı belə hala salarlar? Mənim 60 yaşım var. Xalq məni tanıyır. Dünya səviyyəli bir musiqiçiyəm. Sizə kim ixtiyar verir ki, mənim ləyaqətimə toxunursunuz? Deyir ki, Vaqif Mirzəyev acından ölür. Yazmısınız, onda iki çörək alıb evimə gələydiniz də. Çəkəydiniz problemlərimi, onda deyərdim ki, məni istəyən insanlardır. Elgiz də deyir ki, Vaqif Mirzəyevin klarneti qızıldandı. Biabırçılıq. Dünəndən bəlkə 200 adam zəng vurub ki, "Vaqif müəllim, sizə nə olub?" Bu günə kimi zənglər davam edir. İnsan insanı belə əsəbləşdirər? Mənim onlarla nə işim var. Söysələr də, heç yerə gedən deyiləm. Xalq bilir ki, kim kimdir".

Qeyd edək ki, ANS telekanalında yayımlanan "Adam içində" verilişində qalmaqal baş verib. Verilişdə əməkdar artist, klarnet ifaçısı Vaqif Mirzəyevlə verilişin əməkdaşı Afət Rahilqızı arasında qarşıdurma yaranıb. Canlı yayımda əsəblərinə hakim ola bilməyən klarnetçi jurnalistə qarşı sərt ittihamlar səsləndirib.

Milli.Az