Bakıda gözəli öldürən tutuldu - FOTO

5 Noyabr 2014 15:22

Bakıda hamını qəzəbləndirən bədəməl tapıldı

İnsanlığa utanc gətirən, vəhşilik edən Çingiz Hətəmovun İnstagram bloqunda paylaşdığı fotolar artıq ötən gün dövlət qurumlarını fəaliyyətə keçirmişdi. Ç.Hətəmov dələni öldürərək əlində tutub və sanki, qəhrəmanlıq edibmiş kimi "mən öldürdüm" yazmışdı. Mili.Az bu məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyini məlumatlandırmışdı. Nazirliyin reaksiyası özünü çox gözlətmədi.

Qurumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Milli.Az-a bildirdi ki, dələni öldürən Ç.Hətəmov artıq saxlanılıb.

"Çingiz Hətəmov ov qaydalarını kobud şəkildə pozaraq dələni öldürüb öz şəxsi İnstagram səhifəsində yerləşdirmişdi. Bizim tərəfimizdən Bakı şəhər Baş Polis İdarəsinə həmin şəxsin tapılması ilə bağlı müraciətdən sonra operativ şəkildə həmin şəxs Nərimanov rayon Polis İdarəsi tərəfindən saxlanıldı. Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti əməkdaşları tərəfindən həmin şəxsin izahatı alınıb. O, İnzibati Xətalar Məcəlləsinin 111.2-ci maddəsində nəzərdə tutulmuş maksimum məbləğdə, yəni 2000 manat cərimə olunub. Çingiz Hətəmov dələni Tofiq Bəhramov adına stadionun arxa tərəfindəki meşəlikdə taparaq öldürdüyünü etiraf edib", - İ.İbrahimova bildirdi.

Anar Məmmədov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.