Bakıda yolun çökməsi iki qurumu üz-üzə qoydu: "Azəryolservis" yalan danışmaqda ittiham edildi - YENİLƏNİB - FOTO - VİDEO

5 Noyabr 2014 19:11
19:11

"Azərsu" ASC-nin işçiləri Bakının Babək prospekti ilə Telnov küçəsinin kəsişməsindəki ayırıcı zolaqda baş verən çökməni aradan qaldırırlar.

Milli.Az Trend-ə istinadən hadisə yerindən görüntüləri təqdim edir.

----------
17:24

Dünən Bakının Xətai rayonunda Babək prospekti ilə Telnov küçəsinin kəsişməsindəki yolda baş verən çökmə ilə bağlı "Azərsu" ASC öz mövqeyini açıqlayıb.

"Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, Bakı Sukanal İdarəsinin əməkdaşları ərazidə araşdırma aparıblar. Məlum olub ki, Babək prospektində yolun çökməsinin ərazidən keçən su xətləri və ya xətlərin köçürülməsi ilə heç bir əlaqəsi yoxdur.

Məlumatda deyilir ki, həmin ərazidən 700 mm diametrli Hövsan xətti keçir və bu xətdə heç bir sızma yoxdur: "Yeni piyada keçidinin tikintisi ilə əlaqədar kommunikasiya xətlərinin ərazidən köçürülməsi 1 ilə yaxındır yekunlaşıb və o vaxtdan yolda heç vaxt çökmə müşahidə olunmayıb".

Xatırladaq ki, bundan öncə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, hadisə baş verəndən sonra sözügedən ərazidə "Azərsu" ASC-nin əməkdaşları tərəfindən araşdırmalar aparılıb. Məlum olub ki, həmin ərazidən iki ədəd 700 mm diametrlik su borusu keçir. Boruların biri-birinə qaynaq olunan hissəsində çat olduğu aşkarlanıb: "Bu çatdan su axaraq, yolun torpaq yatağını yuyub və yolun çökməsinə səbəb olub".

Onun sözlərinə görə, hazırda problemin aradan qaldırılması istiqamətində iş gedir.

Xatırladaq ki, qeyd edilən ərazidə yol ötən gün çöküb. Hadisə baş verəndən sonra "Azəryolservis" ASC-nin müvafiq müəssisələri tərəfindən yolun həmin hissəsinə müvəqqəti olaraq lazımi material doldurulub.

Onu da qeyd edək ki, yolun çökməsi nəticəsində həmin ərazidə böyük tıxac yaranıb.


---------
15:29

Bakının Babək prospekti ilə Telnov küçəsinin kəsişməsindəki ayırıcı zolaqda baş verən çökmənin səbəbi məlum olub.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, səhər saatlarında həmin ərazidə su sızması baş verib.

Onun sözlərinə görə, həmin yolun altından 700 diametrlik iki ədəd boru keçir. Həmin boruların qaynaq hissəsində sızma baş verib. Bunun nəticəsində yol çöküb: "Həmin yola bu gün asfalt-beton örtüyü vurulsa da, yol yenə çöküb".

P.Mürsəliyev deyib ki, hazırda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri qəzanı aradan qaldırırlar. Bundan sonra yenidən həmin hissəyə asfalt-beton örtüyü vurulacaq.

Milli.Az

----------
19:11

Videonu izləmək üçün şəkilə klikləyin.

фото


----------
15:29

Böyütmək üçün şəkillərə klikləyin.