Könül Kərimova: "Gecəyarısı gəldi, inanmadı ki, sən bu saat nə işlə məşğulsan" - FOTO

5 Noyabr 2014 13:56

Müğənni Könül Kərimova mətbəx sevgisindən danışıb.

Milli.Az bildirir ki, ifaçı axşam.az-ın əməkdaşı ilə söhbətində yemək bişirməyin onun hobbisi olduğunu deyib:

"Dünyanın hansı yerinə gedirəmsə, yenə də öz mətbəxim üçün darıxıram. Ən dadlı yeməklər önümə qoyulsa da, öz hazırladığım xörəyin yerini vermir. Yemək bişirmək mənim hobbimdir. Çox xoşlayıram, mətbəxə girim, saatlarla gözəl yeməklər hazırlayım. Özü də heç kimin mənə kömək etməyinə icazə vermirəm. Hətta anam deyir ki, evdə köməkçi var, heç olmasa, soğanı doğrasın. İstəmirəm. Kimsə ona əl vursa, dadı qaçar. Hətta indi yarpaq dolması bükürəm. Hər şeyini özüm hazırlamışam. Bu gün halva da bişirib paylamışam. Sənət dostlarım mənim evdarlığımı görəndə təəccüblənirlər. Depressiyada olanda mətbəxə girib yeməklər bişirirəm, əhvalım yüksəlir. Yemək hazırlamaq üçün işlərimi belə təxirə sala bilirəm.

Hərdən deyirlər ki, bu gün studiyada işləyək. Deyirəm, yox, mən evə yemək bişirməyə gedirəm. Bəzən insanlar xörək hazırlayanda, ətrindən doyurlar, yeyə bilmirlər. Məndə əksinədir, hazırlayıb iştahla da yeyirəm. Düşünürəm ki, əgər mən müğənniliyi seçməsəydim, dünyanın ən tanınmış aşpazı olardım. Yeni ailə quranda da belə idim. Hətta o ərəfədə sənətimə ara verdim. Qaynanam mənə əsəbləşirdi. Rayondan xəbər göndərirdi ki, "Ona deyin, yeməyi kənara atıb efirə çıxsın. Mən onu səsinə görə oğluma almışam, yemək bişirməyinə görə yox". Sizə bir sirr açım. Əvvəllər mən bazarlığa da özüm gedirdim. Hava qaralanda başımı bağlayır, eynək taxıb çıxırdım. İstəyirdim ki, bazarda hər şeyi özüm seçim".

Qeyd edək ki, K.Kərimova hazırladığı dolmanın fotosunu da çəkib göndərib:
"Hamı inansın ki, dolmanı belə özüm bükürəm. Bir dəfə Aşıq Telli gecəyarısı bizə gəlmişdi. Gördü ki, dolma hazırlayıram, inanmadı ki, sən bu saat nə işlə məşğulsan".

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.