Tarixi yalanlar və saxta vədlər
5 Noyabr 2014 13:16
AXCP sədri Əli Kərimli yenə də "Facebook" profilində ənənəvi statusla çıxış edib, Milli Şuranın guya Azərbaycanı "işıqlı" gələcəyə aparmaq uğrunda mübarizəsi haqqında özünəməxsus cəfəngiyyatlardan söz açıb.
Əli Kərimli Milli Şuranı Azərbaycanın "xilaskarı" kimi təqdim etməyə çalışaraq, insanları Şuranın noyabrın 10-da təşkil etmək istədiyi, indidən fiaskoya uğramış mitinqə dəvət edir.
Çox uzaq demirəm, sadəcə yaxın keçmişə, yəni bəzi müxalifət partiyalarının böyük qalmaqalla Milli Şuranı yaratdığı vaxtdan bəri ötən dövrə nəzər salsaq, Əli Kərimlinin söylədiklərinin cəfəngiyyatdan başqa bir şey olmadığını aydın görərik.
Milli Şuranı yaradanlar bunun müxalifətin ən böyük birliyi olduğunu, bu dəfə 100 faiz uğur əldə edəcəklərini iddia edirdilər, amma Milli Şura lax yumurta kimi yararsız çıxdı, müxalifət tarixinin ən qalmaqallı və eyni zamanda, müxalifətin yalanlarını üzə çıxaran və əsl simasını ortaya qoyan ən faydalı "birlik" oldu.
Birincisi, Milli Şurada prezidentliyə namizədlik üstündə dava düşdü, camaat artıq namizədini müəyyən edib seçki kampaniyası apardığı halda Milli Şurada çəkişmələr gedirdi. Seçkilərə az qalmış birtəhər, narazılıqlarla bir namizəd müəyyən etdilər. Amma əsl qalmaqal Milli Şuranın seçkilərdə tam məğlubiyyətindən sonra başladı. Seçkilərdə məğlubiyyət Milli Şuraya sanki bir bomba kimi düşdü, hamı bir-bir Şuradan qaçmağa başladı. AXCP-nin uzunillik etibarlı tərəfdaşı kimi qələmə verilən Müsavat Partiyasının Milli Şuradan qalmaqalla çıxması isə hadisələri pik nöqtəyə çatdırmaqla bu birliyin əslində şəxsi maraqlar naminə qurulduğunu aydın şəkildə ortaya qoydu. Bu da Əli Kərimlinin haqqında ağız dolusu danışdığı Milli Şura.
İndi keçək Əli Kərimlinin iddia etdiyi Milli Şuranın "izdihamlı" mitinqlərinə. Adam utanmadan bir stadionun yarısını doldura bilmədikləri 12 oktyabr piketini uğurlu mitinq adlandırır. Bir neçə yüz insanın gəldiyi piket nə vaxtdan izdihamlı mitinq olub? Gələnlər də ya Əli Kərimlinin və digərlərinin şirnikləndirilmiş qohum-əqrabası, ya da əslində nə üçün gəldiklərini anlamayan, belə desək, həvəsə gəlmiş insanlar idi. 9,5 milyondan çox əhalisi olan bir ölkədə bir neçə yüz adamla biabırçı piket keçirənlər gərək utandıqlarından qaçıb gizlənsinlər.
Əli Kərimli "Facebook" statusunda hökumətin radikal silahlı qrupların təzyiqi ilə devriləcəyi barədə sərsəm fikir də səsləndirib. Görün bu adam hansı düşüncənin sahibidir. Ya Əli Kərimli Azərbaycanı Suriya və ya İraqla səhv salıb, ya da 90-cı illərdə hakimiyyətdə olduqları xaos dövrünün ab-havası hələ də başından çıxmayıb. Bu adam artıq nə danışdığının fərqində deyil.
Yeri gəlmişkən, Əli Kərimlinin yalanlarını bir az da üzə çıxarmaq üçün 90-cı illərin əvvəlinə də qısa bir nəzər salmaq yerinə düşərdi.
Əli Kərimli də daxil olmaqla, AXCP-Müsavat hakimiyyətində təmsil olunanların yarıtmaz, səriştəsiz fəaliyyətləri nəticəsində 1992-93-cü illərdə Azərbaycan dövləti yenidən öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi.
1992-ci ildə zor gücünə, xalqın deyil, silahların iradəsi ilə hakimiyyətə gələn təsadüfi şəxslər qısa müddətdə ölkədə bütün sahələri kompleks şəkildə iflic vəziyyətinə gətirib çıxardılar.
Ermənistanın ölkəmizə qarşı elan edilməmiş müharibəsi, torpaqlarımızın işğalı və buna paralel olaraq daxili separatçı qüvvələrin Azərbaycanı regionlara bölməsi və yerlərdə hakimiyyəti ələ almaq istəmələri həm millətin, həm də dövlətin gələcəyini sual altına qoymuşdu.
Həmin dövrdə bütün dövlət qurumlarında yaranan vəziyyət müstəqillikdən çox, anarxiyanı xatırladırdı. Bir-birini sürətlə əvəz edən hakimiyyət rəhbərləri müstəqilliyi qoruyub saxlamaq, möhkəmləndirmək üçün zəruri tədbirlər görmək, ölkənin iqtisadi gücündən və potensialından səmərəli istifadə etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verərək fəaliyyətdə və inkişafda olan hər şeyi dağıdırdılar.
Hakimiyyət uğrunda gedən çəkişmələr torpaqlarımızın böyük bir hissəsinin düşmənlərə, demək olar ki, müharibəsiz, döyüşsüz təhvil verilməsinə gətirib çıxardı. Azərbaycanın 20 faiz torpağının bu gün işğal altında qalmasının məsuliyyəti Əli Kərimlinin də təmsil olunduğu o zamankı hakimiyyətinin üzərindədir.
Hələ Əli Kərimlinin öz liderinə, yəni Əbülfəz Elçibəyə etdiyi xəyanətlərdən, AXCP-ni parçalayan fəaliyyətindən danışmıram.
Bütün bunlardan sonra Əli Kərimli hansı mənəvi haqla, hansı üzlə çıxıb bu cür sərsəm bəyanatlar verir? Xalq artıq 20 ildən çoxdur ki, o zamankı hakimiyyətin yarıtmaz fəaliyyətinin əziyyətini çəkir. Məgər bundan sonra kimsə onlara inanar?
Elçin Mehdiyev
Trend