Səməd Səmədov: "Yol qaydalarını pozuruq" - VİDEO
5 Noyabr 2014 13:01
Son günlər tanınmış sənət adamları telekanallarda yayımlanan müxtəlif verilişlərdə yol hərəkəti qaydalarını pozduqlarını açıq-aşkar etiraf edib bundan fərəhlənirlər. Bəziləri tanınmış sənətçi olmasalar da, iddiaları böyükdür. Hətta iki gün öncə Sevinc adlı gənc müğənni: "Təhlükəsizlik kəmərini taxmıram, çünki saçımı düzəltməyə problem yaradır, yol polisi gərək bizi başa düşsün", - demişdi.
Ondan əvvəl isə müğənni Mətanət Əsədova Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyevin də iştirak etdiyi verilişdə sürət həddini aşdığını, hətta 240 km/saat sürətlə maşın sürdüyünü etiraf etmişdi. Maraqlıdır, şou-biznes nümayəndələrinin bu etirafları o mənaya gəlib çıxır ki, yol polisi onların qarşısında acizdir və ya DYP onlara "hörmət etməyə" borcludur.
Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, bu dəfə qanunlara qarşı açıq-aşkar hörmətsizlik etdiyini etiraf edən sənətçi xalq artisti Səməd Səmədov olub. ATV kanalındakı verilişin qonağı olan Səməd Səmədov bildirib ki, sənət adamları toylara, konsertlərə tələsdikləri üçün qaydaları pozurlar: "Yol polislərinə təşəkkür edirəm. Çünki biz müğənnilər, aktyorlar, artistlər tədbirdən-tədbirə, verilişdən-verilişə tələsirik. Ona görə də, yol qaydalarını pozuruq. Sağ olsunlar, görürlər və ..."
Səməd Səmədovun çıxışının bu yerində aparıcı söhbətə müdaxilə edərək qaydaları pozduğu üçün xalq artistinə iradını bildirir: "Necə yəni qanunları pozuruq? Bəs bayaqdan qayda-qanundan danışırsınız?"
Səməd Səmədov aparıcının bu iradını sadəcə gülüşlə qarşılayıb və verilişdə iştirak edən YAP-çı millət vəkili Aydın Mirzəzadəyə müraciət edib.
Xalq artisti xalqın və millət vəkilinin qarşısında qanunları tapdaladığını, yol polisinin isə onu "yola verdiyini" etiraf edirsə, DYP-nin artistlərə güzəşt etdiyini deyirsə, o zaman sual yaranır: bəs qanunlar kimin üçündür?
Milli.Az