Bakı polisində "blatnoy" qiyam

5 Noyabr 2014 12:04

Oğru aləmində məhbus və ya şübhəli şəxs polisə, müstəntiqə etiraz bildirəndə qolunu doğrayır. Bu, "blatnoy" adamın qiyamı sayılır.

Bakı polisində dünən məhz belə bir "qiyam" olub. Milli.Az hüquq-mühafizə orqanlarından məlumat əldə edib ki, istintaq hərəkəti üçün Səbail Rayon Polis İdarəsinin müvəqqəti saxlama məntəqəsinə etap olunan Əfqan Göyüşov elə orada özünü doğrayıb. O, qan içərisində xəstəxanaya aparılaraq yardım edilib.

Ə.Göyüşov bu ilin martında Ü.Hacıbəyov küçəsində yerləşən mağazada Ceyhun Məmmədovun mobil telefonunu masanın üzərindən oğurlayıb. Ondan oğurladığı mobil telefon və 1 qramdan artıq heroin götürülüb. Sonradan isə müəyyən edilib ki, Ə.Göyüşov martın 22-də Ü.Hacıbəyov küçəsində Azad Məmmədovun evindən qapının kilidini sındırmaq yolu ilə oğurluğa cəhd edib.

Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, keçmiş polis rəisi Mahmud Hacıyev Milli.Az-a açıqlamasında bildirdi ki, belə hadisə polisə baş ucalığı gətirən hal deyil. İstər təqsirləndirilən və ya şübhəli şəxs, istərsə də, residivist olsa belə, onların təhlükəsizliyi polis tərəfindən tam təmin olunmalıdır. SSRİ vaxtında polis idarəsində belə hadisə baş versəydi, xüsusi müfəttişlik tərəfindən təhqiqat aparılırdı.

Keçmiş rəisin sözlərinə görə, belə halların olması cinayət işlətmiş şəxsin etiraz formasıdır. Onların öz düşüncəsinə görə, nəyəsə, hansısa haqsızlığasa etiraz edirlər, amma ya iradəsizlik nümayişidir, ya da patoloji affekt vəziyyətində törədilir.

Anar Məmmədov
Milli.Az