ANS telekanalının efirində noyabrın 2-də canlı yayımlanan "Bazar səhəri Rövşanə ilə" verilişində müğənni Təranə Qumralla həmkarı Nazənin arasında qalmaqalın yaratdığı "əks-səda" davam edir.
Müğənni Nazəninin vəkili Adəm Məmmədov olayla bağlı açıqlama yayıb.
Milli.Az açıqlamanı təqdim edir:
"ANS TV-nin efirində 02.11.2014-cü il tarixdə canlı yayımlanan "Bazar səhəri Rövşanə ilə" verilişində müğənni Təranə Qumralla həmkarı Nazənin arasında qalmaqal yaşanıb. Bildiyimiz kimi, Azərbaycanda ailə müqəddəs sayılır. Hətta ailənin daxilində olan müxtəlif söz-söhbətlərin belə kənara çıxmasına heç kəs razı olmaz. Bu, yazılmamış qanun olsa da, hamı yazılmış qanun kimi buna əməl etməyə maksimum çalışır.
Ancaq adı çəkilən məlum verilişdə hamınızın Təranə Qumral kimi tanıdığınız İbrahimova Təranə Xeyrulla qızı bütün bu yazılmış və yazılmamış qanunları pozaraq bir azərbaycanlı xanımına, yəni hazırda hüquqlarını müdafiə etdiyim tanınmış müğənni Nazənin Salayevaya qarşı təhqir və böhtanlara, şərəf və ləyaqətinin alçaldılmasına yol vermişdir.
Bütün ictimaiyyət gördü ki, Təranə Qumral səsləndirdiyi təhqirlərlə və böhtanlarla birinci özünü gözdən saldı. Çünki bir azərbaycanlı xanım digər azərbaycanlı xanım haqqında milyonlarla insanın gözü qarşısında elə sözlər işlətdi ki, onları özünə hörmət edən qadın heç bazarda da işlətməzdi. Axı efir elə bir məkandır ki, ora həm uşaqlar, həm gənclər, həm də yaşlı insanlar baxırlar.
O verilişdən sonra tanıdığım xeyli gənc oğlan və qızlar mənə zəng edərək bildirdilər ki, onlar həmin verilişə baxdıqlarına görə xəcalət çəkiblər. Orada Təranə xanımın dilindən Nazənin xanımın şəxsi həyatı ilə bağlı səslənən təhqirlər və böhtanlar gənclərin mənəviyyatına olduqca mənfi təsir göstərib. İndi təsəvvür edin, Nazənin xanım özü bu təhqir və böhtanlardan nə hala düşüb. Verilişdən sonra öyrəndim ki, Nazənin xanım psixoloji sarsıntı keçirib, halı olduqca pisləşib və təcili özünün tanış həkimini çağırıb. Xeyli iynə-dərmandan sonra özünə gəlib.
Bundan əlavə, Təranə xanımın insanı aşağılayan bu açıqlamaları Nazənin xanımın övladlarına da ağır mənəvi zərbə vurub. Nazənin xanım bu təhqirlərdən və böhtanlardan sonra bir müddət qohum-qonşu, dost-tanışları ilə əlaqə yaratmağa belə utanıb. Bu, bir daha göstərir ki, Təranə Qumral efirdən səsləndirdiyi alçaldıcı ifadələrin fərqində olmayıb. Bəlkə də bu ifadələr Təranə xanım üçün adi haldır. İnsandır, hər şey ola bilər. Ancaq hər bir insan qarşısındakının hüquqlarına hörmət etməyə borcludur.
Mənə elə gəlir ki, Milli Televiziya və Radio Şurasının sədri hörmətli Nuşirəvan Məhərrəmli ANS TV-nin efirindən səslənən və cəmiyyətdə böyük narazılıq yaradan belə təhqirlərə görə öz sözüni deyəcək. Çünki biz həmin veriliş barədə hüquqi ölçü götürülməsi üçün bu quruma müraciət etmək niyyətindəyik. Eyni zamanda Azərbaycan Mətbuat Şurasının sədri, hörmətli Əflatun Amaşova da rəsmi müraciət edəcəyik ki, şuranın etika komissiyası araşdırma aparıb lazımi qiymətini versin. İstəyimiz odur ki, nəinki ANS TV-nin efirindən, ümumiyyətlə heç bir televiziya və radiodan bir də belə şəxsiyyəti alçaldan ifadələrin səslənməsinə yol verilməsin.
Məlumat üçün bildirirəm ki, cavabdeh kimi Təranə Qumral həm ANS TV-nin efirindən, həm müxtəlif saytlarda, həm də mətbuat səhifələrində Nazənin xanım haqqında söylədiyi təhqir və böhtanlara görə məhkəmə qarşısında cavab verməli olacaq.
Artıq bu barədə iddia ərizəsi Nərimanov Rayon Məhkəməsinə təqdim edilib. İddia ərizəsində cavabdeh İbrahimova Təranə Xeyrulla qızı tərəfindən Nazənin xanımın şəxsiyyəti və fəaliyyəti barədə mənfi rəy yaratmağa yönələn, habelə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatların yalan məlumatlar kimi tanınması, həmin məlumatların "ANS" telekanalı vasitəsi ilə təkzib olunmasını, cavabdeh İbrahimova Təranə Xeyrulla qızının üzr istəməsi və ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi əksini tapıb.
Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, məhkəməyə iddia ərizəsi ilə birlikdə iddianın təmin etmə tədbiri barədə ərizə də vermişik. Bu, o deməkdir ki, məhkəmə getdiyi dövrlərdə Təranə Qumralın Nazənin xanım barədə heç bir televiziyada, sayt və mətbuat orqanlarında hər hansı açıqlama, rəy, münasibət bildirməsinə məhkəmə tərəfindən qadağa qoyulacaq. Əks təqdirdə Təranə İbrahimova inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər.
Onu da KİV nümayəndələrinin diqqətinə çatdırmaq istəyirəm ki, növbəti mərhələdə Azəraycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci ( böhtan və təhqir) maddələri ilə xüsusi ittiham qaydasında Təranə Qumralın cinayət məsuliyyətinə cəlb olunmasına çalışacağıq.
Hörmətli KİV nümayəndələri, biz sizə, o cümlədən Nazənin xanım da hörmət və qayğı ilə yanaşmışıq, əməyinizə yüksək qiymət vermişik. Axı siz çox şərəfli və məsuliyyətli peşənin daşıyıcılarısınız. İnanırıq ki, bu məsələdə də bizim yox, haqqın tərəfində olacaqsınız. Çalışacağıq ki, məhkəmə prosesi barədə mərhələli şəkildə sizi lazımi informasıya ilə təmin edək".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.