"Bandotdel"in yeni rəisi kimdir? - FOTO

5 Noyabr 2014 11:23

Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin yeni rəisi Seyfulla Əzimovun təyinatı dünən nazirin əmri ilə baş tutan kadr dəyişikliyinin ən gözlənilməzi idi

Belə ki, Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov isə Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin olunub.

Mirqadar Seyidovu əvəzləyən Seyfulla Əzimov isə Quba Rayon Polis Şöbəsinin rəisi idi.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, onun adı qubalılara daha çox tanış olsa da, Əzimovun ulduzu ADNA-da 2009-cu ildə baş verən terror hadisəsindən sonra parlamağa başlayıb. O, həmin vaxt Nəsimi Rayon 22-ci polis bölməsinin rəisi olub. Hadisəni eşidən kimi ADNA-ya gələn ilk səlahiyyətli şəxslərdən olub. Onun akademiyada avtomatla yoxlama apardığını əks etdirən kadrlar da var.

Qısa müddətdən sonra Əzimov Ramil Usubovun əmri ilə Nərimanov Rayon Polis İdarəsinin rəis müavini təyin olunur. Bir müddətdən sonra 2011-ci ildə S. Əzimov müavinlikdən rəis vəzifəsinə qalxır. O, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alır. Üç ildən sonra isə ona daha böyük post - Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi ("Bandotdel") etibar olunur və bildiyimiz kimi, dünən nazir onunla bağlı əmr verib.

Maraqlıdır ki, bir neçə il ərzində ardıcıl vəzifə təyinatı alan Əzimovla bağlı mediada çox az məlumata rast gəlmək olar. Rəisin şəkli isə mediada, ümumiyyətlə, yayımlanmayıb. ADNA-da baş verən terror hadisəsini əks etdirən kadrlardan əldə etdiyimiz fotoları təqdim edirik.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.