Azərbaycana nifrət edən adam separatçılarla sövdələşir
5 Noyabr 2014 10:44
Siyasətlə məşğul olduqlarını düşünən, amma əslində siyasətin onlarla məşğul olduğu və marionetka kimi yararlandığı insanlar bəzən yollarını azırlar. Onlar siyasətin harada bitib, qanunların başladığını və deyilən sözlərlə edilən əməllərə görə məsuliyyətin ağır odduğunu anlamırlar.
Rusiyada yaradılan, bünövrəsi qoyulduğu ilk gündən etibarən Azərbaycana qarşı separatçı fəaliyyət göstərən "Federal Ləzgi Milli Mədəni Muxtariyyəti"nin ("FLMMM") rəhbəri, özünü bu qurumun "prezident"i adlandıran Arif Kərimov qondarma Abxaziya Respublikasının prezidenti Raul Xacimbanın inauqurasiya mərasimində iştirak etmək üçün Suxumiyə yollanıb.
Kərimovu Suxumidəki separatçı rejim dəvət etmişdi və təbii ki, separatçılığı məsafəli edən FLMMM rəhbəri bilavasitə "yerli separatçılıq"la məşğul olan adamların rəhbərinin sözünü yerə sala bilməzdi. Bu səbəbdən də A.Kərimov sentyabrın 25-də Abxaziyaya yollanmışdı.
Arif Kərimovla bahəm, həmin "inauqurasiya"da qonaq qismində Rusiya hakimiyyət orqanlarını təmsil edən rəsmilər, eyni zamanda qondarma Dağlıq Qarabağ və Dnestryanı "respublika"larının nümayəndələri də vardılar.
Arif Kərimov rəsmi qəbul zamanı Raul Xacimbanı təbrik edərək, "ləzgilərin abxaz xalqının müstəqillik uğrunda mübarizəsini hörmətlə qarşıladıqlarını və dəstəklədiklərini" vurğulayıb.
Bundan əlavə, Arif Kərimov Abxaziyanın parlament sədri Valeri Bqanba ilə görüşüb. Həmin görüşdə "tərəfdaşlıq və əməkdaşlıq"la bağlı məsələlər müzakirə olunub.
Suxumidəki separatçıların liderləri ilə görüşlər və oradakı müzakirələr A.Kərimov üçün yetərincə maraq kəsb edirdi - axı o, separatçılığın nəzəri yönlərini hələ öyrənməkdə olduğundan, mərkəzi hakimiyyətə qarşı terror fəaliyyəti və separatizmin ən radikal formatda izharının nüanslarını aydınlaşdırmaq istəyirdi.
Onun danışıqları, vədləri və sözləri yalandır. Çünki A.Kərimov kimi adamların yalan danışdıqlarını anlamaq üçün dodaqlarının hərəkətini görmək yetər.
Dodaqlar tərpəndimi - deməli, yalanlar başlayır.
FLMMM-in Rusiyadakı fəaliyyəti də bütünlüklə yalan, reallığın illüziyalarla əvəzlənməsi, idefikslərin gerçəklik kimi təqdimatı cəhdlərindən ibarət olduğundan A.Kərimov özünə tərəfdaşlar, habelə müttəfiqlər arayır.
Arayışlar hələlik uğursuzluqla müşayiət olunur. Elə həmin Suxumidəki separatçı rejim "sahib"in və idarəçinin göstərişi olmadan heç bir addım ata bilməz.
Fəqət suxumili separatçıların rəhbərləri üçün A.Kərimov müəyyən mənada fiqurdur, axı nə də olsa, Rusiyadakı təşkilatın nümayəndəsidir və onun da mərasimə qatılmasını "beynəlxalq miqyasda dəstək" kimi qələmə vermək mümkündü.
Belə də oldu və Suxumidəki rejim A.Kərimovun səfərindən öz maraqları üçün bəhrələndi.
O səfərdə hərraca çıxarılan, xəyanət edilən isə təmsil etdiyi millətin adından danışan A.Kərimovun mənsub olduğu xalqın maraqları idi.
Milli.Az