Rus qoşunları Şərqi Avropanı təhdid edir: ABŞ-dan yardım istədilər
5 Noyabr 2014 10:16
Rusiya öz qoşunlarını yenidən Ukrayna sərhədinə cəmləşdirir. Bu barədə NATO məlumat yayıb.
Milli.Az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, NATO-nun baş katibi Yens Stoltenberq Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Federik Moqerini ilə birgə mətbuat konfransında bildirib ki, rus qoşunları Ukrayna sərhədinə doğru hərəkət edir.
"Biz rus qoşunlarının necə Ukraynaya doğru hərəkət etdiyini görürük", - o qeyd edib.
NATO-nun Avropadakı baş komandanı Filip Bridlav isə Pentaqona müraciət edib. O, dayanmayan Rusiya təhdidi ilə əlaqədar əlavə ordu qüvvələri və silah istəyib. Onun sözlərinə görə, Alyans şərqi Avropada təzyiq hiss edir.
Bridlav qeyd edib ki, NATO-nun Avropadakı müttəfiqləri Polşa, Rumıniya, Baltikyanı ölkələr Rusiya hərbi təyyarələrinin manevrlərindən narahatlıq keçirirlər.
Qeyd edək ki, oktyabr ayından etibarən Polşa və Pribaltika ölkələrində 600 amerikalı əsgər Abrams M1 və Bradley tankları ilə xidmət aparır.
Milli.Az