Nazirlikdən orta məktəblərdə yeniliklə bağlı açıqlama - YENİLİK
5 Noyabr 2014 13:34
13:34
Cari tədris ilində dərslər mayın 31-də başa catacaq.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2014-cü il tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dərs ilinin müddəti ilə bağlı dəyişikliklər edib.
Bununla əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi bildirir ki, qeyd olunan normativ akt çərçivə sənədi olduğundan dərs ilinin nə vaxtdan uzadıldığı Təhsil Nazirliyinin səlahiyyətlərinə daxildir.
Nazirlər Kabinetinin qərarı dərs ili başlandıqdan sonra qəbul edildiyi üçün cari tədris ilində dərslər mayın 31-də başa catacaqdır.
Qeyd edək ki, Nazirlər Kabineti "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dəyişiklikləri təsdiq edib.
Dəyişikliklərə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
Dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar, ikinci yarımil - 1 fevral - 14 iyun.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar).
Həmçinin ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.
---------
09:11
Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq dərs ilinin artırılması ilə bağlı "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə dəyişiklik edib.
APA-nın məlumatına görə, dəyişikliyə əsasən ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.
Dərs ili iki yarımilə bölünəcək, birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil - 1 fevral - 14 iyun tarixlərini əhatə edəcək. Dərs ili ərzində tətillər. 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən ediləcək. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər.
Qeyd edək ki, indiyə qədər ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatıb. Dərs ili 15 sentyabr - 29 dekabr və 6 yanvar - 31 may olmaqla iki yarımilə bölünüb. Dərs ili ərzində 6 gün payız tətili (12-17 noyabr), 7 gün qış tətili (30 dekabr - 5 yanvar), 8 gün yaz tətili (17-24 mart) və birinci siniflər üçün 6 günlük (12-17 fevral) əlavə tətil müəyyən edilib. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, yerli təhsil orqanları ilə razılaşdırmaqla, tətil günlərində dəyişiklik edilə bilib.
Milli.Az