Evsiz ailələrə şad xəbər

4 Noyabr 2014 20:43

Gələn il sosial ipotekaya 50 milyon manat vəsait ayrılacaq

Gələn il üçün dövlət büdcəsindən ipotekaya 50 mln. manatın ayrılması müsbət haldır.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu millət vəkili Vahid Əhmədov İqtisadi siyasət, Sosial siyasət, Aqrar siyasət, Təhlükəsizlik və müdafiə, həmçinin Energetika, ekologiya və təbii ehtiyatlar komitələrinin birgə iclasında 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib.

V.Əhmədov bildirib ki, sosial ipotekaya ayrılan vəsaitin həcmi ildən-ilə artır. "2014-cü ildə sosial ipotekaya dövlət büdcəsindən 40 mln. manat vəsait ayrılıb. 2015-ci ilin dövlət büdcəsindən sosial ipotekaya cari ildəkindən 10 mln. manat artıq, yəni 50 mln. manat vəsait ayrılacaq. Bu çox müsbət haldır. Biz 2006-cı ildə "İpoteka haqqında" qanunun qəbul etmişik. Qanunun qəbul edildiyi 8 ildə ipotekaya cəmi 266 mln. manat vəsait ayrılıb. Bu olduqca azdır. İnsanların böyük bir qismi hələ də mənzillə təmin olunmayıb. Buna görə də mənzil probleminin ciddi şəkildə həll olunması üçün mənzil proqramı hazırlanmalı və qəbul olunmalıdır"-, deyə V.Əhmədov vurğulayıb.

Millət vəkili Əli Məsimli də sosial ipotekaya ayrılan vəsaitin artırılmasını müsbət qiymətləndirib. Bununla belə, Ə.Məsimli də əhalinin mənzil probleminin həlli üçün yeni proqrama ehtiyacın olduğunu söyləyib: "Gələn il sosial ipotekaya ayrılan vəsaitin həcmi artırılıb. Güman edirəm ki, bu 1000-1200 ailənin mənzillə təmin olunması deməkdir. Ümumilikdə mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan insanların sayı 2 milyondan artıqdır. Məhz buna görə də hesab edirəm ki, ya ipoteka şərtləri yumşaldılmalı, ya da yeni layihə həyata keçirilməlidir. Bu layihə reallaşsa, sosial sahədə çox ciddi addım olacaq".

Milli.Az