"Bakı 2015" Avropa Oyunları Doha GOALS forumunda

4 Noyabr 2014 20:26
Bu gün "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Qatarın Doha şəhərində keçirilmiş Doha GOALS forumundakı "İdman kütlələr üçün" adlı debatda çıxış edib.

Komitədən Trend-ə verilən məlumata görə, kütləvi idman yarışlarının idman mədəniyyətinin qurulması və idmanın yeni sahələrdə yayılması üçün vasitə kimi təbliğinə yönəldilmiş debata üç qat tullanma üzrə Olimpiya çempionu və dünya rekordçusu Conatan Edvards rəhbərlik edib və orada idman dünyasının bir sıra mütəxəssisləri iştirak edib.

Bakı şəhəri gələn ilin 12-28 iyun tarixlərində birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Azərbaycanın tarixində ən böyük idman tədbiri olacaq 17 günlük yarışlarda Avropa Milli Olimpiya komitələrindən 6000-dən çox idmançı iştirak edəcək.
 

S.Kleq deyib: "Doha GOALS forumu birinci Avropa Oyunlarının, Bakı şəhərinin və Azərbaycanın dünyada təbliği baxımından bizim üçün çox gözəl imkandır. Azərbaycan müasir və böyük Avropada dinamik məkan kimi nüfuz qazanmağı səbirsizliklə gözləyir və biz Oyunların Azərbaycanın zəngin tarixinə öz töhfəsini verməsini istəyirik".

3-5 noyabr tarixlərində keçiriləcək forum idmanın bütün dünyadakı sosial və iqtisadi dəyişikliklər üçün təkanverici qüvvə rolunu oynayır və bu rolun təşviqi məqsədilə nəzərdə tutulan bir təşəbbüsdür.
 

S.Kleq əlavə edib: "Gördüyümüz işin mühüm hissəsini təcrübəli beynəlxalq komandamızın azərbaycanlı işçi heyəti ilə yanaşı işlədiyi və öz təcrübəsini bölüşdüyü vaxtda qurulmaqda olan insan mirasını yaratmaq təşkil edir. Heç şübhə etmirəm ki, "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsində bilik və bacarıqlarını təkmilləşdirməkdə olan işçi heyəti burada qazandıqları təcrübələrini gələcəkdə baş tutacaq və dünyanı valeh edəcək yarışların yüksək səviyyədə təşkili və idarə edilməsi üçün istifadə edəcək. Bütün qitəni idman bayramında bir araya gətirəcək "Bakı 2015" Avropa Oyunları təkcə Azərbaycan tarixinə əlamətdar an kimi daxil olmayacaq, eyni zamanda, Avropa idmanının şərəfli tarixində yeni fəsil açacaq".
 

Doha GOALS - Bütün Liderlərin İdmanda Toplanması - platforması 2012-ci ilin yanvar ayında Qatar Əmiri Şeyx Tamim bin Hamad Əl Taninin himayəsi altında yaradılıb. Forumun builki gündəliyinə daxil edilmiş digər mövzular arasında idmanda irqçiliyə və ayrı-seçkiliyə qarşı mübarizə, qlobal idman etikası və qadınların idmanda iştirakı ilə bağlı baxışların dəyişdirilməsi də yer alır.

Milli.Az