Legatum Institute: "Azərbaycan Cənubi Qafqazın ən firavan ölkəsidir"

4 Noyabr 2014 20:05
Britaniyanın məşhur "Legatum Institute" analitik mərkəzi 2014-cü il üçün dünya ölkələrinin firavanlıq reytinqini (2014 Prosperity Index) tərtib edib. Azərbaycan həmin reytinq siyahısında 79-cu yeri tutub.


Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, keçən il üzrə müvafiq göstəricilərlə müqayisədə Azərbaycan reytinq cədvəlində iki pillə, son iki ildə isə 15 pillə irəliləyərək 2012-ci ildəki 94-cü yerdən 2014-cü ildə 79-cu yerə qalxıb.

Bu, Cənubi Qafqaz ölkələri arasında ən uğurlu dəyişiklikdir. Belə ki, eyni dövrdə Ermənistanın müvafiq göstəriciləri cəmi 3 pillə, Gürcüstanın göstəriciləri isə 13 pillə irəliləyib.
 

Ayrı-ayrı göstəricilərə gəlincə, Azərbaycan iqtisadiyyatın vəziyyətinə görə 65-ci və sahibkarlıq fəaliyyəti imkanları baxımından 67-ci yerə qalxıb.

"Legatum Institute" ekspertləri Azərbaycanda təhsilin vəziyyətini ölkəmizin reytinqi ilə müqayisədə bir qədər aşağı qiymətləndirirlər: bu göstərici üzrə Azərbaycan dünyada 83-cü yeri tutur.

Azərbaycan təhlükəsizlik və sosial kapital göstəriciləri üzrə müvafiq olaraq 75-ci və 77-ci yerdədir. Aparılmış rəy sorğusu nəticəsində məlum olmuşdur ki, respublikada vəziyyət sabitlik baxımından yaxşıdır. Belə ki, "Keçən il siz hücuma məruz qalmısınızmı" sualına rəyi soruşulanların cəmi 0,6 faizi təsdiq cavabı verib (2010-cu il üçün orta statistik göstərici 7,5 faiz olub). Azərbaycanda "Gecə vaxtı tək gəzərkən özünüzü təhlükəsiz hiss edirsinizmi" sualına rəyi soruşulanların 73,1 faizi "bəli" cavabı verib (2013-cü il üçün orta statistik göstərici 61,5 faiz olub).
 

Azərbaycanda seçkilərin obyektivliyinə əhalinin əminlik göstəriciləri də yüksəkdir (orta statistik rəqəmlər 49,9 faiz olduğu halda, Azərbaycan üzrə bu göstərici 60,3 faizə bərabərdir). Eyni sözləri əhalinin hökumətə etimad səviyyəsi barədə də demək olar (orta statistik rəqəmlər 51,7 faiz olduğu halda, Azərbaycan üzrə bu göstərici 84,3 faizə bərabərdir).
 

Bu indeksin əhatə etdiyi 142 dövlətin əhalisi dünya əhalisinin 96 faizini, bu ölkələr üzrə ümumi daxili məhsul isə dünya üzrə ÜDM-in 99 faizini təşkil edir.

"Legatum" İnstitutunun hesabladığı tərəqqi indeksi Britaniyadakı dünya ölkələrində tərəqqi baxımından qazanılmış nailiyyətləri hesablayan "The Legatum Institute" analitik mərkəzinin kombinə edilmiş göstəricisidir.

Milli.Az