Mərkəzi Bank "Azərpoçt"a nəzarət edəcək

4 Noyabr 2014 18:26
"Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC-nin maliyyə xidmətləri göstərməsi üzərində tam nəzarət Azərbaycan Mərkəzi Bankına (AMB) verilib".

Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Poçt rabitəsi şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, "Poçt rabitəsi haqqında" qanuna dəyişikliklərə və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna uyğun olaraq Mərkəzi Bank poçt operatorunun maliyyə fəaliyyəti üzərində tam nəzarət həyata keçirəcək.

Bu günədək MMC-nin minə yaxın poçt rabitəsi şöbəsinə AMB-nin lisenziyası əsasında bütün növ (kreditlərin verilməsi və depozitlərin cəlb edilməsi istisna olmaqla) bank xidmətlərinin göstərilməsi imkanı verilib.

Poçt operatoruna poçt hesablarının açılışı və idarə edilməsi üzrə xidmət göstərməyə, pul köçürmələrinin həyata keçirilməsinə, debet kartların emissiyasına, müştərilərin sifarişi ilə valyutanın alqı-satqısı əməliyyatlarına və nağd və digər vəsaitlərin inkassasiyasına icazə verilib.

Azərbaycan poçtu debet kartlar buraxır və AMB-nin icazəsi ilə poçt operatoru kredit kartlarının buraxılması imkanı da əldə edə bilər.

"Azərpoçt" MMC Azərbaycanın bank bazarına daxil olmaqla bank bazarının oyunçularına ciddi rəqabət yarada bilər. Bu gün Azərbaycanda 44 bank fəaliyyət göstərir. Bank filiallarının ümumi sayı 700-ə çatdığı halda, "Azərpoçt"un filiallarının və poçt şöbələrinin sayı 1600-dür.

Milli.Az