Azərbaycanın "kepka"lı oğlanı "Qarabağ"dan danışdı
5 Noyabr 2014 00:35
2 gün sonra "Qarabağ" Ukraynanın köklü klublarından olan "Dnepr"lə revanş matçına çıxacaq. Azərbaycan futbolunda yeni tarix yazan "Qarabağ"ın bu oyunu ilə bağlı müxtəlif proqnozlar səsləndirilməkdədir.
Azərbaycan millisinin "kepka"lı sabiq baş məşqçisi Şahin Diniyev də "Qarabağ" haqqındakı fikrlərini Milli.Az-la bölüşüb: "Bu qarşılaşma hər iki klub üçün gərgin olacaq. "Qarabağ" tərəfi qalib gəlmək üçün bütün şanslarından istifadə edəcək. Eləcə də "Dnepr" komandası. Çünki onlar üçün bu, ölüm-dirim savaşı olacaq. Bərabərlik və məğlubiyyət onlara sərf etmir. Bunun üçün də "Dnepr" Kiyevdəki kimi yox, onun tam əksi olan oyun nümayiş etdirəcək. Rəqibi əks hücumda tutub yararlana bilərik bu vəziyyətdən biz də. Kiyevdə qalib gəlmişiksə, niyə də burada bunu təkrarlamayaq? Özünə hörmət edən mütəxəssis heç vaxt proqnoz vermir. Bunun üçün mən də verməyəcəm proqnoz. Amma bütün ürəyimlə "Qarabağ"ı dəstəkləyəcəm. "Qarabağ" inanıram ki, qalib gələcək".
Niyaməddin Şirinov
Milli.Az